XƏBƏR LENTİ
22 May 2025
21 May 2025
20 May 2025
19 May 2025



Nurlan Əzizov: “Fitnes sadəcə bədən üçün deyil, ruh üçün də bir azadlıqdır”
İdman 14:38 / 22.05.2025
Müasir dövrdə sağlam həyat tərzi və fiziki aktivlik insanların gündəlik prioritetləri sırasına daxil olub. Həm fiziki, həm də psixoloji sağlamlığın qorunmasında mühüm rol oynayan fitnes, artıq bir çoxları üçün sadəcə idman deyil, həyat tərzinə çevrilməkdədir. Bu istiqamətdə düzgün yanaşma və motivasiya isə peşəkar məşqçilərin dəstəyindən keçir. Bu sayımızda "Sahil Fitness Mərkəzi”nin beynəlxalq sertifikatlı məşqçisi Nurlan Əzizovla söhbətləşdik. O, oxucularımıza fitnesə necə başlanmalı, hansı prinsiplərə əməl edilməli və sağlam bədənə gedən yolda nələrə diqqət yetirilməli olduğu barədə öz məsləhətlərini verib.

- Nurlan, fitneslə məşğul olmağa nə zamandan başladınız?

- Fitnesə marağım gənc yaşlarımdan başlayıb. İlk məqsədim sadəcə formada qalmaq idi, amma zaman keçdikcə bunun mənə yalnız fiziki deyil, həm də zehni baxımdan nə qədər müsbət təsir etdiyini gördüm. Enerjim artdı, özümə inamım yüksəldi və gündəlik həyatda daha balanslı biri oldum.

- Fitnesin insan sağlamlığına nə kimi faydaları var?

- Fitnes ümumilikdə sağlam həyatın əsas amillərindən biridir. O, yalnız əzələləri gücləndirmir, həm də ürək-damar sistemini möhkəmləndirir, metabolizmi sürətləndirir və immuniteti gücləndirir. Üstəlik, idman endorfin hormonlarını artırır, yəni özümüzü daha xoşbəxt və rahat hiss edirik.

- Yeni başlayanlara necə məşq etməyi tövsiyə edirsiniz?

- Ən vacib məqam - tələsməmək və davamlı olmaqdır. İlk növbədə bədəni öyrəşdirmək lazımdır. Həftədə 3-4 dəfə yüngül məşqlərlə başlamaq idealdır. Əgər imkan varsa, bir məşqçi ilə başlamaq həm texnika, həm də məqsədə yetmək baxımından çox kömək edir.

- Qidalanma və dieta məsələsində nələrə diqqət yetirirsiniz?

- Qidalanma uğurlu nəticənin 70-80 faizini təşkil edir. Mən əsasən təmiz və balanslı qidalanmağa üstünlük verirəm. Protein, sağlam yağlar və kompleks karbohidratlar gündəlik rasionumun əsasını təşkil edir. Fast-food və şəkərli məhsullardan uzaq durmağa çalışıram. Bol su içmək və gecə yeməklərindən qaçmaq da vacibdir. Dieta deyəndə insanların ağlına aclıq gəlir, amma düzgün qidalanma heç vaxt aclıq deyil – bu, bədəninə ehtiyacı olanı verməkdir.

- Fitnesi həyat tərzi halına gətirmək üçün nə tövsiyə edərdiniz?

- Əsas məsələ - dözümlü olmaq və məqsədə doğru irəliləməkdir. Bu yolda hər kəsin məqsədi fərqli ola bilər. Kimin üçün sağlamlıq, kimin üçün vizual dəyişiklik, kimin üçün isə sadəcə stressdən uzaqlaşmaq. Amma davamlılıq, nizam və düzgün yanaşma olduqdan sonra mütləq müsbət nəticə qazanmaq olur. Fitnes bir müddət sonra vərdişə və həyatın ayrılmaz hissəsinə çevrilir.

Mirağa Əliyev

208 oxunub

InvestAZ