XƏBƏR LENTİ
09 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
30 Noyabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024



Novruz - keçmişdən gələcək nəsillərə miras qalan el bayramı
Mədəniyyət 15:30 / 16.03.2021
"Novruz” - hərfi mənada "yeni gün” deməkdir. Amma ifadə etdiyi mərasim məzmununa görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu və s. də deyilmişdir. "Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.
Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın "Asarul Baqiye”, Kaşqarlı Mahmudun "Divani Lüğət-it Türk”, Balasaqunlu Yusif Has Hacibin "Kutadqu biliq”, Ömər Xəyyamın "Novruznamə”, Nizamülmülkün "Siyasətnamə”, Nizami Gəncəvinin "İsgəndərnamə” və s. əsərlərində rast gəlirik.
Əl Biruninin yazdığı rəvayətdə isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.
İlk mənbələrdən biri hesab olunan "Avesta”da Cəmşid haqqında belə bir məlumat verilir. "Zərdüşt Ahuraməzdadan ondan qabaq kiminlə danışdığını soruşur. Ahuraməzda cavabında deyir: Ey Zərdüşt, səndən qabaq mən Cəmşidlə danışmışam ("Yəsna”, I cild, səh. 96. Burada Cəmşid maldarlıq və əkinçiliyi yayan şəxs kimi göstərilir) və ona hökmranlıq əlaməti olaraq üzük və qılınc vermişəm (Büsutün yazılarında və Sasani abidələrində təsvir edilən Ahuraməzda qarşısında dayanan hökmdara üzük və ya hökmranlıq simvolu hesab edilən halqa verilir). Ona dünya səltənəti tapşırmışam”.
Kitabda daha sonra deyilir: "Ahuraməzdanın əmri ilə Cəmşid Əryanəvyucdə, Daytiya çayının kənarında məlakələrin iştirakı ilə məclis düzəltmiş və Ahuraməzda da bu məclisə gəlib, Cəmşidi dünya hadisələrindən xəbərdar etmişdir”. Deməli, Novruz bayramının banisi kimi tanınmış Cəmşid Araz çayı kənarında məclis qurmuş, burada məskən salmış və burada da dünya hadisələrindən xəbərdar olmuşdur. Əl Biruni "Asar əl-Baqiyyə” adlı əsərində bu haqda belə yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət, Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş şüaları həmin taxta düşdü, camaat bu şöləni görüb həmin günü bayram etdi (Əl Biruni, "Asar əl-Baqiyyə”. səh 242)”. Digər bir mənbədə isə deyilir ki, Cəmşid dünyanı seyr edirdi. Azərbaycana çatdıqda, o, həmin gün taxta oturdu, camaat şadlıq etdi və dedilər ki, bu gün novruzdur - yeni gündür (M. Müzəffər. "Şərhe bistbab Molla Müzəffər fi mərfətə əl-Təqvim”. 1330, h:q.). Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra belə öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür.


Ümumbəşəri
dəyərləri özündə
ehtiva edən
təntənə nümunəsi


Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanılır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, həmin günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, əzizlərin, yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və rəğbət ifadə edilmişdir. Novruz eyni zamanda ümumbəşəri dəyərləri özündə ehtiva edən bayram təntənəsi nümunəsidir.
Novruz bayramının Cəmşidin adı ilə bağlı olması haqqındakı məlumat bu bayramın meydana gəlməsi tarixini aydınlaşdırmağa müəyyən qədər əsas verməklə yanaşı, həm də bayramın Azərbaycanla bağlı olması, onun Azərbaycanda meydana gəlməsi məsələsini izah etmək nöqteyi-nəzərindən də maraqlı və əhəmiyyətlidir.
Novruz bayramının Azərbaycanla bağlı olması fikirləri əsrlər boyu davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramların hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilmişdir. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki orta əsrlərdə alim və şairlərin, demək olar ki, əksəriyyəti müəyyən hökmdarların tabeliyində və ya himayəsi altında olmuşdur.


Meydan tamaşaları
Azərbaycan peşəkar teatrının
əsasını
qoyub


Yaz bayramı haqqında yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur. Uzun əsrlər keçsə də, bu bayram getdikcə təkmilləşmiş, kütləviləşmiş və indiyə qədər də öz aktuallığını saxlamaqdadır. Novruz bayramı ənənəvi şəkildə hər il respublikamızın bütün bölgələrində böyük təmtəraqla qeyd olunur. Novruzu bir ay əvvəldən qarşılamaq Azərbaycanda bir adət olub və bu gün də həmin adət yaşamaqdadır. Novruza qədər hər çərşənbə axşamı evlərin həyətində tonqal qalanar, tonqala üzərlik töküb xoş sözlər oxuyardılar.

Novruz Bayramında aşağıdakı adətlər yerinə yetirilir: Papaq atmaq (Qapıya atılan papağı boş qaytarmazlar), qulaq falına çıxmaq (Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir), tonqaldan tullanmaq (Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın”), səməni yetişdirmək (Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir), səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək (Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir), qonaq getmək (Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar), şam yandırmaq (Novruzda ailənin sayı qədər şam yandırarlar), yallı getmək (Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir), Novruz oyunları oynamaq (Onlardan biri bayram günlərində meydan tamaşalarına daha çox üstünlük verilməsi, xalq oyunları çərçivəsində folklorumuzun zənginliyinin nümayiş etdirilməsidir) və s. Novruz günlərində daha çox göstərilən meydan tamaşaları Azərbaycan peşəkar teatrının əsasını qoyub desək, daha doğru olardı. Kökləri ta Dədə Qorqud boylarınadək gedib çıxır ki, onlar da xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı”, "Novruz”, "Gəvsəç” kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir.
Xalq arasında çox qədimdən yaranan "Motal-motal”, "Qurd basdı”, "Çövkən”, "Cızıq turnası”, "Gizlənpaç” (gizlən, qaç), "Oğru-oğru”, "Şuma qədər”, "Aşıq-aşıq”, "Qoz-qoz”, "Pul-pula”, "Zorxana”, "Sino”, "Mil”, "Qəpəq”, "Fincan-fincan”, "Bənövşə”, "Dirədöymə”, "Çalabaşı”, "Yelləncək”, "Maral oyunu”, "Kilimarası” və s. oyunlarında həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərdilər.
"Kosa-kosa”, "Kəndirbaz”, "Sim pəhləvan”, "Masqara”, "Gözübağlıca”, "Cıdır” tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyi söylənilir. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb. Novruz bayramında həmçinin güləş yarışları təşkil edilir, meydanlarda yallı oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər.
"Novruz” mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən, maska taxan aktyor var. Bir neçə gün davam edən mərasimlərdə ifa olunan "Xan-xan”, "Mütriblərin rəqsi”, "Gəlinlə qayınana deyişməsi” və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ” mərasimində də meydan teatrı ünsürləri güclü olub.
Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.
Şuşa şəhərinin yaxınlığında yerləşən Cıdır düzü tarixən Novruz bayramlarının keçirildiyi məkan kimi tanınıb. Vətən müharibəsindəki qələbəmizdən sonra xalqımız Novruz bayramını yenidən Qarabağ torpağında qarşılayaraq, qarçiçəyini, novruzgülünü, xarıbülbülü Şuşanın dağlarından dərəcək.

172322 oxunub

InvestAZ