Fevralın 6-da Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində iştirak edəcək məktəblərin direktorları ilə görüş keçirilib.
Görüşdə 49 məktəbin direktoru, Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, MOK-un məsul şəxsləri və proqramın işçi heyəti iştirak edib.
"Olimpiya mədəniyyəti və təhsil” proqramı cari ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.
MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Vasif Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Rəşad Tağıyev proqram çərçivəsində həyata keçiriləcək işlərdən, məktəblərin rol və vəzifələrindən danışıblar.
Sonra MOK-un əməkdaşı Səkinə Vəliyeva proqramın icrası üçün məxsusi yaradılmış @OCEP2019 ünvanlı sosial media platformasının təqdimatını edib. O, proqramın icrasında platformadan istifadə qaydaları barədə məlumat verib.
Proqramın ekspertlər qrupunun nümayəndəsi Namiq Cəfərov məktəblərdə həyata keçiriləcək işlər və ekspertlər qrupunun bu sahədəki fəaliyyətindən danışıb.
Tədbirdə ölkələrin Bakı şəhər məktəbləri arasında bölgüsünə dair püşkatma olub. Qeyd olunub ki, fevralın 21-də keçiriləcək "Olimpiya festivalına 150 gün” adlı təqdimatda ictimaiyyətə və mətbuata layihə haqqında daha geniş məlumat veriləcək
198238 oxunub