Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Tanınmış idman xadimi, Azərbaycan Güləş Federasiyasının (AGF) keçmiş vitse-prezidenti Cavanşir Qurbanov 78 yaşında vəfat edib.
Cavanşir Qurbanov 1968-ci ildən etibarən ölkəmizdə idmanın inkişafı naminə fəaliyyətə başlayıb. O, uzun illər ərzində müxtəlif vəzifələrdə çalışaraq Azərbaycan güləşinin təşkilati və kütləvilik baxımından formalaşmasında və inkişafında mühüm rol oynayıb.
1972–1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinə rəhbərlik etmiş Cavanşir Qurbanov bu müddətdə yüzlərlə gənc güləşçinin yetişməsinə şərait yaradıb.
1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995–2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006-2017-ci illərdə qurumun regionlar üzrə vitse-prezidenti olub.
Cavanşir Qurbanov 2002-ci ildə Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə sərbəst, yunan-Roma və qadınlar arasında keçirilən Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsində sədr müavini kimi uğurlu fəaliyyət göstərib.
Xidmətlərinə görə Cavanşir Qurbanov bir sıra yüksək mükafatlara layiq görülüb. O, "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeninə, beynəlxalq dərəcəli hakim və əməkdar məşqçi adlarına sahib olub. Eyni zamanda Yasamal Rayon Ağsaqqallar Şurasının sədri kimi də ictimai sahədə fəallıq göstərib.
Azərbaycan idman ailəsi Cavanşir Qurbanovun əziz xatirəsini daim ehtiramla yad edəcək.
Allah rəhmət eləsin!
243 oxunub