Mayın 16-dan 20-dək Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyası keçirilib. Olimpnews.az xəbər verir ki, quruma üzv olan 24 ölkə nümayəndəsinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və komissiyanın məsul katibi Aysel Sultanova təmsil ediblər.
Konqresdə "İdmanda inklüzivliyi təşviq etmək üçün Fair Play təhsili” mövzusunda müzakirələr aparılıb və mövzu ətrafında çıxışçıların məruzələri dinlənilib.
Konqres çərçivəsində Azərbaycan təmsilçilərinin Ədalət naminə Avropanı keçək estafetində iştirakı ilə bağlı təqdimatda məlumat öz əksini tapıb.
Mayın 18-də Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimi keçirilib.
Qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.
Mərasimdə Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşim Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının "Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb.
Tədbirdə, həmçinin Qaşim Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.
Mayın 19-da - Dünya Ədalətli Oyun Günündə AƏOH nümayəndələri Olimpiya şəhərində Pyer de Kubertenin büstünü ziyarət ediblər.
Assambleya çərçivəsində mayın 19-da qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. MOK tərəfindən namizədliyi irəli sürülən AzƏOK-un sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.
79 oxunub