XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Azərbaycan və Özbəkistan U-20 Dünya çempionatına ev sahibliyi edəcək
İdman 18:35 / 02.10.2025

Azərbaycan və Özbəkistan 2027-ci ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək dünya çempionatının final mərhələsini birgə təşkil edəcəklər.

Bu barədə qərar FIFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Tarixi nailiyyət ölkə başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, futbolun inkişafına göstərilən diqqət və dəstəyin nəticəsi kimi dəyərləndirilir.

AFFA, göstərilən yüksək etimada görə FIFA İcraiyyə Komitəsinə və qurumun prezidenti Canni İnfantinoya təşəkkür edib.

Xatırladaq ki, 1977-ci ildən iki ildən bir keçirilən U-20-lərin dünya çempionatının 25-ci buraxılışı Azərbaycan və Özbəkistanda baş tutacaq. Bu, futbol tarixində ilk dəfədir ki, kişilər arasında mundial Azərbaycanda təşkil ediləcək. Bununla yanaşı, Azərbaycan milli komandası da mundialın final mərhələsində ilk dəfə iştirak hüququ qazanacaq.

İndiyədək Argentina (6), Braziliya (5), Portuqaliya və Serbiya (hərəsi 2 dəfə), həmçinin Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna (hərəsi 1 dəfə) turnirin qalibi olublar.

U-20 dünya çempionatları futbol tarixində saysız-hesabsız istedadlı oyunçunun üzə çıxmasına səbəb olub və Avropanın aparıcı klubları bu yarışlardan çoxlu gənc futbolçu kəşf ediblər.

Hazırda Çilidə davam edən 24-cü mundialda 24 komanda 6 qrup üzrə mübarizə aparır. Qeyd edək ki, son turnir 2023-cü ildə Argentinada keçirilmiş və Uruqvay millisi qalib olmuşdu.


193 oxunub

InvestAZ