Bu gün III MDB Oyunlarında badminton yarışlarına start verilib.
Komanda yarışlarında Ülvi Hüseynov, Leyla Camalzadə, Əli Gözəlov, Əmirxan İmanov, Nəzrin Mehrəlizadə və Yağmur Quliyevadan ibarət əsas komandamız "A" qrupunda Özbəkistan yığması ilə qarşılaşıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
Oğlan və qızların şəxsi yarışında Ülvi Hüseynov və Leyla Camalzadə Özbəkistan badmintonçularına qalib gəliblər. Ülvi Hüseynov hər iki setdə Azizbek Lutfullayevdən üstün olub - 21-9, 21-16. Leyla Camalzadə isə Sofiya Zakirovanı 2:1 (12-21, 21-18, 21-19) hesabı ilə məğlub edib.
Ardınca oğlanların qoşa yarışında Əli Gözəlov və Əmirxan İmanov İslombek Kuçkarov-Xusniddin Muxtarov tandeminə 0:2 (12-21,10-21) uduzub. Qızların qoşa yarışında isə Nəzrin Mehrəlizadə və Yağmur Quliyeva Özbəkistan badmintonçuları Ezoza Yaxşilikova-Sofiya Zakirovaya 0:2 ( 9-21, 20-22) hesabı ilə məğlub olub.
Qarışıq qoşa kateqoriyasında Ülvi Hüseynov - Leyla Camalzadə tandemi Ezoza Yaxşilikova-Xusniddin Muxtarov qoşasına uduzub - 0:2 (21-23,14-21)
Beləliklə qarşılaşma Özbəkistan badmintonçuların 3:2 hesablı qələbəsi ilə başa çatıb. "A" qrupunun digər iştirakçısı Tacikistan son anda komanda yarışına qatılmadığından rəqibə texniki məğlubiyyət verilib.
Qrupu ikinci sırada başa vuran əsas komandamız sabah yarımfinalda "B" qrupunun lideri Rusiya yığması ilə qarşılaşacaq. Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Turnirdə təmsil olunan ikinci komandamız "B" qrupunda ilk görüşdə Qazaxıstan yığması ilə qarşılaşıb. Ömər Mehdi, Aysel Kazımova, Ömər Teymurlu, Qəndab Niftəlizadə və Fazil Quliyevdən ibarət komandamız ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub. Ardınca Rusiya yığması ilə qarşılaşan ikinci komandamız bu dəfə də eyni hesabla uduzub.
812 oxunub