Ramazan ayı İslam aləmində ən müqəddəs aylardan biri hesab edilir. "On bir ayın sultanı” adlanan bu ayda insanlar ibadət və dualarla Allaha daha yaxın olmağa çalışırlar. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir. Gün çıxandan gün batana qədər yemək və sudan istifadə etməmək Ramazan ayının ən vacib hissəsi olsa da, bu ay həm də saflıq ayıdır. "Mənəvi saflıq ayında” biz həyatın bəzi nemətlərindən qısa müddətə imtina etməklə, onların dəyərini dərk edirik. Bu ayda həmçinin dünyada yemək və suya möhtac olan bir çox insanlara mərhəmət hissi yaranır. Beləcə, Ramazan ayı insanların mənəvi qidalanma ayı kimi qəbul olunur. Təbii ki, insanlar mənəvi qidalarını qəbul etdikləri kimi fiziki formalarını də unutmalı deyillər. Belə ki, Ramazan ayında imsak və iftarlar kifayət qədər zəruri olan mövzulardır. İnsanların imsak və iftarda hansı qidaları qəbul etdikləri ciddi əhəmiyyət daşıyır. Əks halda insanlarda immunitet zəifləməsi müşahidə edilə bilər. Bu baxımdan Ramazan ayında oruc tutan şəxslər düzgün qidalanmağa diqqət yetirməldirlər.
Bu müqəddəs ayda oruc tutanlar arasında idmançıların da sayı kifayət qədərdir. Gün ərzində məşq edərək, oruc tutmaq isə idmançıların orqanizmində müəyyən dəyişikliklərə səbəb olur. Təbii ki, burada da əsas məsələ düzgün qidalanmaqdır. Mövzu ilə əlaqədar olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həkim-fizioterapevti, reabilitoloqu Mətanət Abbasova ilə əlaqə saxladıq. Müsahibimiz oruc tutmağın idmançıların orqanizminə təsirlərindən və düzgün qidalanma prosesindən danışıb:
"Oruc tutan insanların orqanizmində mərhələli şəkildə dəyişikliklər baş verir. Belə ki, orucluğun ilk həftəsində qanda şəkərin miqdarı və qan təzyiqinin göstəriciləri enir və orqanizmdə təmizlənmə prosesi başlayır. Məhz bu səbəbdən də orucluğun ilk iki günü insanlarda əsasən, baş ağrıları, baş gicəllənmələri, ürəkbulanma və aclıq hissi müşahidə olunur. İkinci mərhələdə orqanizmin yeni rejimə adaptasiyası başlayır və insan enerjisi orqanizmin təmizlənməsinə yönəlir, hüceyrələrin bərpası baş verir. Bu mərhələdə orqanlarda çatışmayan amillərin bərpası yaşanır. Növbəti mərhələdə isə orqanizmin enerji səviyyəsi artır, insanın zehni güclənir və ümumi əhval-ruhiyyə yaxşılaşır. Bundan əlavə orqanizmin bərpa prosesi daha effektiv olur, orqanizmdə zədələnmiş orqanların bərpası müşahidə olunur. Məsələn, bağırsaqlar, qara ciyər və dəri toksinlərdən təmizlənir. Dördüncü mərhələdə artıq enerji dolu orqanizm maksimum fəaliyyətinə başlayır. Yəni Ramazan ayının son 10 günü insan orqanizmi yüksək səviyyədə fəaliyyət göstərə bilər. Oruc tutan idmançılar bir neçə amilə fikir verməlidirlər. İlk növbədə maye qəbuluna diqqət yetirməlidirlər. Belə ki, insan orqanizminin əsas hissəsi sudan ibarət olduğu üçün oruc tutan idmançılara yetərincə maye qəbul etmək vacibdir. Kofein tərkibli, energetik və qazlı içkilərdən çəkinmək, şirələrdən isə az miqdarda istifadə etmək məsləhət görülür. Həmçinin konservləşdirilmiş, həddindən artıq duzlu, ədviyyatlı qidalar az miqdarda qəbul olunmalıdır. Nəticədə həmin qidalar orqanizmin susuzluğuna və süni toxluq hissinin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, idmançının qidası yüksək kaloriyə malik olmalıdır. Yüksək kalori dedikdə, zülal, karbohidrat və faydalı yağlarla zəngin olan qidaların idmançının rasionunda yer alması məqsədəuyğundur. Zülal dedikdə toyuq, balıq və çox yağlı olmayan mal əti nəzərdə tutulur. Orqanizmi karbohidratlarla zənginləşdirmək üçün isə müxtəlif faydalı sıyıqlardan, məsələn, düyü və bulqurdan hazırlanmış sıyıqlar, qarabaşaq yarmasından istifadə etmək tövsiyə olunur. Həmçinin quru meyvələr, xurma, banan, qoz, badam, fındıq kimi çərəzlərdən və zeytun yağından istifadə idmançıları gün ərzində daha gümrah qalmalarına şərait yaradar. Səhər saatlarında balın istifadəsi də əhəmiyyətlidir. Bundan əlavə, rasiona mütləq yaşıl tərəvəzlər və mövsümə uyğun meyvələr əlavə edilməlidir. Təbii ki, çox yağlı qidaların qəbulu da tövsiyə olunmur”.
Keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövründə qədəm qoydu. Yeni növ koronavirus infeksiyası immuniteti zəif olanlara daha tez təsir edir. Həkim-fizioterapevt Mətanət Abbasova pandemiya dövründə oruc tutan idmançıların immunitet sisteminin zəifləməməsi üçün də öz tövsiyələrini verib.
"Orucluğun müsbət tərəfləri daha çoxdur. Belə ki, qeyd etdiyim kimi, orqanizmdə detoksikasiya prosesi yaşanır. Yəni, orqanizm mərhələli şəkildə zərərli toksinlərdən azad olur. Beləcə, il ərzində yüklənmiş şəkildə işləyən hər bir orqan özünü bərpa edir. Həddindən artıq çox və yağlı qidanın qəbulu baş verərsə, bu zaman mənfi təsirlər yarana bilər. Həmçinin düzgün yağlardan istifadə edilmədikdə orqanizmdə zərərli keton birləşmələri yığılır və nəticədə zəhərlənmə halları baş verə bilər. Əlavə olaraq idmançılarda fiziki aktivliyin aşağı enməsinə, yuxusuzluğa və ümumi halsızlığın yaranmasına gətirib çıxarır. Həmçinin qeyd etdiyim kimi, kofein tərkibli və energetik içkilərdən istifadə etdikdə orqanizm ağırlaşır, baş ağrıları və əzələdə süslük yaranır. Hazırda yaşadığımız pandemiya dövründə insanların daha çox hərəkətsizliyi müşahidə olunur. Belə ki, müxtəlif görüşlər, konfranslar, tədbirlər onlayn şəkildə təşkil olunur. Nəticədə insanlar günlərinin əksər hissəsini kompüter arxasında keçirirlər. Bu isə beyin qan təchizatını azaldır, ümumi əzələlərdə zəiflik baş verir, immunitetlə yanaşı, ümumi əhval-ruhiyyəyə mənfi təsir edir. Belə ki, insanlar aqressivləşir, psixoloji vəziyyətləri pozulur. Həmçinin emosional yorğunluq ("burnout”) deyilən sindrom, yəni insanlarda ruh düşkünlüyü yaranır. Bunun qarşısını almaq üçün isə mütəmadi olaraq, fiziki aktivlik tələb olunur. Düzdür, hazırda idman zalları bağlı olsa da, bu aktivliyi təmiz havada gəzinti sayəsində əldə edə bilərik. Səhər və axşam saatlarında təmiz havada gəzinti qanın oksigenlə zənginləşməsinə, əhval-ruhiyyənin yüksəlməsinə, həzm sisteminin daha fəal işləməsinə kömək olur. Bu, həmçinin əzələ sisteminin tonusunu artırır və ümumi mübadilə proseslərinin düzgün şəkildə həyata keçməsini təmin edir. Oruc tutan həm idmançılar, həm də adi insanlar yuxu rejimini də xüsusi diqqətdə saxlamalıdırlar. Yuxu zamanı orqanizmin bərpa prosesi baş verdiyindən yuxu nə həddindən artıq çox, nə də az olmalıdır”, - deyə Mətanət Abbasova qeyd edib.
Qeyd etdiyimiz kimi, Ramazan ayında oruc tutan insanlar arasında idmançılar da kifayət qədərdir. Bəs görəsən, idmançılarımız bu müqəddəs ayda necə qidalanır? Məşqlərini hansı qaydada keçirlər? Fiziki formalarını necə qoruyurlar? Bu suallara cavab tapmaq üçün oruc tutan bir neçə idmançı ilə əlaqə saxladıq.
"Allah öz bəndələrinə çəkə
bilməyəcəyi yükü vermir”
Radik İsayev (Olimpiya çempionu):
- Oruc tutmaq mənim üçün çətin deyil. Demək olar ki, bir neçə günə yeni rejimə öyrəşdim. Necə deyərlər, Allah öz bəndələrinə çəkə bilməyəcəyi yükü vermir. Şükürlər olsun ki, hər şey qaydasındadır. Məşqlərimiz də olduğu kimi davam edir. Gün ərzində iki dəfə, səhər və axşam olmaqla, məşq edirik. Heç bir çətinliyim yoxdur. İmsak vaxtı çörək, yağ, yumurta, xurma və çaydan istifadə edirəm. İftarda isə əsasən, şorba və digər sulu yeməklərə üstünlük verirəm.
"Çalışıram ki, bütün çətinliklərə baxmayaraq,
orucumu pozmadan davam edim”
Əfqan Xaşalov (Sərbəst güləş üzrə Avropa və dünya çempionu):
- Avropa çempionatı səbəbi ilə Polşaya yollandığım üçün orucumu yarımçıq dayandırmaq məcburiyyətində qaldım. Səfərdən qayıtdıqdan sonra isə yenidən oruc tutub, ibadətimə davam edirəm. Adi vaxtlarda gün ərzində iki dəfə məşq edirdimsə, hazırda bir dəfə məşq edirəm. Məşqimiz saat 11-də başlayır. Düşünürəm ki, məşqlərin axşam keçirilməsi, oruc tutan idmançılar üçün daha rahat ola bilər. Çünki məşq etdikdən sonra susuzluq halları yaranır. Bu da oruc tutan idmançı üçün çətinlik yaradır. Lakin çalışıram ki, bütün çətinliklərə baxmayaraq, orucumu pozmadan davam edim. Qida zamanı isə əsasən sulu yeməklərə üstünlük verirəm.
"Orucluq sadəcə qidalanma
məsələsi deyil”
Ayxan Tağızadə (I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qalibi):
- 10 ilə yaxındır ki, oruc tuturam. Təbii ki, bu insanda yaxşı mənada müəyyən dəyişikliklərə yol açır. Orucluq sadəcə qidalanma məsələsi deyil. İnsan öz nəfsinə nəzarət etməlidir. Həm qidalanma, həm özünü qoruma, yalan danışmamaq, özünə nəzarət etməyi bacarmalıdır. Məşqlərə baxmayaraq, hər zaman çalışmışam ki, oruc tutub, ibadətimi edim. Hər bir müsəlman kimi bu il də oruc tuturam. Düzdür, ötən ay koronavirusa yoluxduğuma görə immunitetim bir qədər aşağı düşmüşdü. Amma hazırda özümü yaxşı hiss edirəm və orucumu tuturam. Bir neçə gün əvvəl zədə aldığıma görə məşqlərə ara vermişəm. Yəqin ki, üç-dörd günə yenidən məşqlərimi bərpa edəcəyəm. Komanda yoldaşlarım arasında da oruc tutan taekvondoçularımız var. Bu isə bizi daha da ruhlandırır.
"Ramazan bütün
günahlarımızdan xilas
ola biləcəyimiz rəhmət ayıdır”
Bəhram Rəcəbzadə (WAKO dünya çempionu):
- Bu ildən başlayaraq oruc tuturam. Düzdür, əvvəlki illərdə də oruc tumuşam, amma bu bir neçə gün davam edib.
Oruc tutan insan ilk növbədə düzgün qidalanma prosesinə riayət etməlidir. Bu baxımdan çalışıram ki, yağlı və qızardılmış yeməklərdən çox istifadə etməyim. Ümumiyyətlə, qidalanma zamanı əsasən, bəhməzdən istifadə edirəm. Bundan başqa bol maye qəbul edirəm. Həmçinin xurma, mərci supu və digər yeməklərə üstünlük verirəm. Məşqlərimiz adi vaxtlarda səhər və axşam olsa da, Ramazan ayına görə qrafikimizi dəyişmişik. Hazırda məşqlərimiz axşam saat altının yarısı başlayır, 7-də başa çatır. Məşqdən sonra isə evə gedib iftarımızı açırıq. Ramazan ayında çəkimizdə də müəyyən dəyişikliklər yaranır. Belə ki, çəkimiz düşür və gücümüz azalır. Amma bu bizim üçün problem deyil. Ramazandan sonra yenidən çəkimizi bərpa edəcəyik. Biz Allaha yaxın olmaq üçün oruc tuturuq. Ramazan bütün günahlarımızdan xilas ola biləcəyimiz rəhmət ayıdır. Həmçinin oruc tutmağın bədənə də faydası var, bədən dincəlir, orqanizm bərpa olur.
"Məşqlər orucumuzu pozmaq
üçün bəhanə ola bilməz”
Abdulla Abdullayev (Sambo üzrə Avropa birinciliyinin bürünc mükafatçısı):
- Bir neçə ildir ki, oruc tuturam. Düzdür, məşq edən idmançı üçün oruc tutmaq bir az çətinlik yaradır. Amma məşqlər Allaha ibadət etmək və orucumuzu pozmaq üçün bəhanə ola bilməz. İdmançı, möhkəm olmalı, bütün çətinliklərə dözməlidir. Qeyd edim ki, gələn ay Kiprin Limassol şəhərində Avropa çempionatı təşkil olunacaq. Bu yarışda 79 kq çəki dərəcəsində iştirak edəcəyəm. Bunun üçün hər gün mütəmadi olaraq məşq edir, hazırlıq formamı bərpa etməyə çalışıram.
Çalışıram ki, iftarda və imsakda sulu yeməklərdən və mayedən çox istifadə edim. Bundan əlavə ət və yumurtadan da istifadə edirəm. Çünki biz idmançılar protein qəbul etməli, itirdiyimiz çəkini bərpa etməliyik.
Azər Əlizadə,
Türkay Niftəliyeva
140156 oxunub