XƏBƏR LENTİ
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021
26 İyul 2021
25 İyul 2021



Keşməkeşli ömür yaşayan sənətkar - (Portret cizgiləri)
Mədəniyyət 00:45 / 16.03.2021
Azərbaycan ədəbiyyatının, rejissurasının, jurnalistikasının tanınmış simalarından biri Ağalar İdrisoğlunun mart ayının 16-da doğum günüdür. 71 yaşı tamam olur. Dünyanın tanınmış psixoloqları, alimləri deyirlər ki, insanın yaradıcılığının birinci məhsuldar dövrü- 60-70 yaş arasında, ikinci məhsuldar dövrü- 70-80 yaş arasında, üçüncü məhsuldar dövrü - 50-60 yaş arasındadır. Deməli, Ağalar İdrisoğlu da ömrünün ikinci məhsuldar dövrünü yaşayır. O, 1950-cı ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbini bitirib. Uşaq yaşlarından çox keşməkeşli həyat yaşayan Ağalar İdrisoğlu xaraktercə sanqvinik olduğundan həmişə öz arzularına, məqsədlərinə çatmaq üçün mübarizə aparıb. İlk öncə məktəbdə dərslərini yaxşı oxuyub. Dərslərindən yüksək qiymətlər alıb. Ədəbiyyata, tarixə, incəsənətə böyük həvəsi olduğundan bu sahələri mükəmməl mənimsəyib. Çoxlu bədii əsər oxuyub. Adil Səfərovun və Şakir Həsənovun yaratdıqları Masallıdakı Miniatür teatrında həvəskar aktyor kimi çıxış edib.

1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) darm və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvadakı A. L. Lunaçarski adına Dövlət Teatr Sənəti İnsitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini əla qiymətlərlə bitirib.

Ağalar İdrisoğlu artıq 16 yaşından bədii yaradısılıqla, jurnalistika ilə məşğul olur. İlk miniatürləri və məqalələri 1966-67-cı illərdən "Azərbaycan pioneri” və Masallıda çıxan "Çağırış” qəzetlərində çap olunub. 50 ildir ki, peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər aktyor kimi 40-dan artıq rollarda oyanıb və rejissor kimi 140-dan çox bir-birindən maraqlı teatr tamaşalarına və teatrlaşdırılmış kütləvi tamaşalara quruluş verib.

O, 26 il yaratdığı Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri, direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub.

Nasir, daramaturq, publisist, jurnalist kimi "Ramiz İslamoğlu sorağında”, "Sərhədsiz dünyamız”, "Ömrün akkordları”, "Şahidin şahidləri, şəhidləri”, "Qaranlığı yaran işıq, "Bir alim ömrünün salnaməsi” romanlarının, "Vicdan mühakiməsi”, "Ulu Tanrı və ağ gəmi əhvalatı”, "Bura Vətəndir”, "Kəfənini geymiş qoca”, "Ömür yolları”, "Teatr sənətinin aşiqi”, "Ağaəli və yeddi bənğvşə”, "Odla oynayanlar”, "Bir təbibin ömür salnaməsi” povestlərinin, "Həyatin astanasında”, "Qonaq”, "Çarəsiz oyun”, "İnan mənə”, "Məhkəmədən əvvəl məhkəmə”, "Şah İsmayıl”, "İmam Şamil”, "Öz qanunları olan şəhər”, "Hörmüçək toru”, "Qibləgahım Xocalı”, "Azadlığa gedən yol” və başqa pyeslərin, 20-dən artıq teatrlaşdırılmış tamaşalar üçün ssenarilərin, 150-dən çox hekayələrin, esselərin, elegiyaların, pritçaların, novellaların, 1500-dən çox publisist yazıların, məqalələrin, oşerklərin, ressenziyaların, portret yazılarının, elmi məqalələrin, müsahibələrin müəllifidir.

Ağalar İdrisoğlunun "İnan mənə”, "Ən xoşbəxt gün”, "Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, "Dünya azərbaycanlıları” (müştərək), "Qaranlığı yaran işıq” ( Maarif Teymurla birgə), "Bir alim ömrünün salnaməsi”, "Vicdan mühakiməsi”, "Dözə bilmədi” ( Sadıq Murtuzayevlə birgə), "Könüllərdə yaşayan sənətkar” (müştərək), "General Xudu Borçalı” (Veys Xudiyevlə birgə), "İmam Şamil” ( Sadıq Murtuzayevlə birlikdə), "Mümkün olmayanı mümkün eləyən rəhbər” "Milyonları xalq üçün xərcləyib, təmənna ummayan İnsan” (Rəhman Orxanla birlikdə) kitabları çap olunub. 10-dan çox topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib. Onun özünün yazdığı və tərcümə etdiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub.

Ağalar İdrisoğlunun "İnan mənə” pyesi 1985-cı ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesləri arasında 3-cü dərəcəli mükafata layiq görülüb. "Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində 2-ci dərəcəli mükafata layiq görülüb. (Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib.) "İnan mənə” pyesi 1986-cı ildə Moskvada, rus dilində, "İskusstvo” nəşriyyatında, SSRİ daramaturqlarının "Məhəbbət və başqaları” adlı antalogiyası kitabında çap olunub. Onun quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun "Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafata və özünün yazdığı "Şah İsmayıl” tarixi faciəsi "Qızıl Dərviş” mükafatına layiq görülüb. Quruluş verdiyi ondan çox tamaşası Mədəniyyət Nazirliyinin pul mükafatlarına, Fəxri fərmanlarına layiq görülüb. 1981-ci ildə Mədəniyyət Nazirliyinin "İlin ən yaxşı aktyoru” mükafatını alıb.

1980-cı ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində oynadıqları, Feyruz Məmmədovun "Bir bayraq altında” teatrlaşdırılmış tamaşasının quruluşçu rejissoru kimi Ağalar İdrisoğlu Qızıl medala layiq görülüb. Eləcə də həmin vaxtlar onun rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Xalq Teatrına bu maraqlı tamaşanı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhənəsində yüksək peşəkarlıqla ifa etdiklərinə görə kollektivə Qızıl medal verilib. 2005-cı ildə Ağalar İdrisoğlu ilin ən vətənpərvər yazıçısı və rejissoru kimi Avropa Mətbu Evinin təsis etdiyi Qızıl medala layiq görülüb.

Uzun illər ədəbiyyat sahəsindəki xidmətlərinə görə 2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. Elə həmin ilin iyin ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu (Ağalar İdris oğlu Mehdiyev) Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
Ağalar İdrisoğlu hal-hazırda quruluşçu rejissoru olduğu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı tamaşalar hazırlayır. Onun bu teatrda quruluş verdiyi Vaqif Əlixanlının "Əcəl atı”, Feruz Mustafanın "Əjdaha ili”, Panço Pançevin "Dörd əkizin nağılı”, Xanımana Əlibəylinin "Aycan” tamaşaları teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən çox yüksək səviyyədə qarşılanıb. İndi isə o, rejissor kimi Qarabağ müharıbəsinə həsr olunan Xalq şairi Nəriman Həsənzadənin "Qarabağ Azərbaycandı, "Qarabağnamə”m İlhamdı” pyesi üzərində işləyir.
2019-cu ildə Mingəçevir Dövlət Dram Teatrındaşair-yazıçı Qənbər Şəmşiroğlunun povesti əsasında (səhnələşdirənlər Ağalar İdrisoğlu, Nəriman Ocaqlı) "Caninin etirafı” tamaşası Mingəçevirdə və bir neçə rayonda, Gəncədə Kəlbəcər qaçqınları qarşısında böyük uğurla oynanılıb. 2020-ci ilin fevral ayının 17, 18 tarixlərində Bakıda Milli Akademik Dram Teatrının səhnəsində oynanılan vaxt bu tamaşa böyük marağa səbəb olub. Bununla bağlı çoxlu ressenziya yazılıb. Eləcə də Nicat Kazımovla Ağalar İdrisoğlunun Nobel mükafatı laureatı Reynhard Kiplinqin "Mauqlu” əsəri əsasında səhnələşdirdikləri "Mauqlinin yen il arzuları” tamaşası da Mingəçevir məktəbliləri tərəfindən çox maraqla qarşılanıb.
Ağalar İdrisoğlu uzun illər işlədiyi və şöbə müdiri olduğu "Azad Azərbaycan” qəzetinin səhifələrində tez-tez maraqlı hekayələri, məqalələri, esseləri, elegiyaları, ressenziyaları, portret yazıları ilə çıxış edir. "Az. PRESS.az”, "Sia.az”, "Manevr.az” və başqa saytlarda, "Ədəbiyyat”, "Mədəniyyət” , "Ədalət”, "525-ci” "Azad qələm”, "Sərbəst düşüncə” və digər qəzetlərdə, "Naxış” jurnalında bir-birindən maraqlı hekayələri, esseləri, elegiyalari, pritçaları, publisist yazıları, məqalələri, ressenziyaları çoxsaylı oxuculara təqdim olunur.
Ağalar İdrisoğlu Cənub bölgəsinin,doğulduğu Masallı rayonunun, və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar daramaturqu, Moskvada Beynəlxalq Teatr Akademiyasında ali təhsil alan ilk peşəkar teatr rejissoru və ilk Əməkdar incəsənət xadimidir. 1991-cı ildə məhz onun ideyası və təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrı Musiqili-Dram Teatrı olub. Və həmin vaxt teatra əlavə 80 ştat verilib. O, uzun illər Azərbaycanı gənc daramaturq kimi Ümumittifaq seminarlarında yüksək səviyyədə, peşəkarlıqla təmsil edib. Bir neçə pyesi SSRİ Mədəniyyət Nazirliyi tərəfindən alınaraq SSRİ teatrlarında tamaşaya qoymaq üçün tövsiyə olunub və tamaşaya qoyulub.
Biz də çoxminli oxucularımız, tamaşaçılarımız adından Respublikanın Əməkdar incəsənət xadimi, dəyərli ziyalı, uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə bağlayan, böyük zəhmət sərf edərək bu mövzularda çoxlu maraqlı yazı müəllifi olan, Qarabağ müharibəsinə həsr etdiyi orijinal yazılarında ermənilərin işğalçılıq siyasətini mətbuat, saytlar vasitəsi ilə dünya xalqlarına çatdıran, peşəsini ürəkdən sevən, gözəl ailə başçısı Ağalar İdrisoğlunu ad günü münasibəti ilə təbrik edir, ona həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik! Onun bundan sonra da quruluş verəcəyi yeni tamaşalarını, bədii əsərlərini, məqalələrini, publisist yazılarını səbirsizliklə gözləyirik!

P. S. Azərbaycan ədəbiyyatı, incəsənəti, jurnalistikası sahəsində bu qədər xidmətləri olan Ağalar İdrisoğluna bu illərdə mədəniyyət sahəsinə rəhbərlik edən məmurlar tərəfindən çoxlu haqsızlıq olub. Belə ki, o, dəfələrlə yazılı ərizə ilə müraciət etməsinə baxmayaraq, hələ də ona mənzil verilmir və o, 10 nəfər ailə üzvü ilə birlikdə iki otaqlı mənzildə yaşayır. Həmçinin ona Prezidentin fəxri təqaüdü və "Xalq artisti” fəxri adı verilməsi üçün müraciət olunmur. Keçən il 70 illik yubileyi isə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və teatr rəhbərliyi tərəfindən tamamilə yaddan çıxdı... Ona adicə, quru təbrik belə ünvanlamadılar... Görəsən bütün bunlar nədən qaynaqlanır, günahkar, səbəbkar kimlərdir? Həqiqətənmi Ağalar İdrisoğluna qarşı düşmənçilik edənlər hələ də "daşı ətəyindən” tökmək istəmirlər? Və bir dəfə oturub fikirləşmirlər ki, "axı biz ona nə vermişik, ala bilmirik?” Bu haqda ona sual verəndə acı-acı gülümsündü və heç nə demədi...

Mən isə qəlbimdən bu sualları keçirdim: "Axı niyə bəzi layiq olan insanlara vaxtında öz əməyinin qiyməti verilmir? Doğrudanmı bu sənətkar onu narahat edən problemləri ilə bağlı kimlərəsə dəfələrlə müraciət etməli, kimlərinsə qapısını döyməli və boynunu büküb dayanmalı, kimlərdənsə nəsə xahiş etməlidir? Bununla həmin ziyalı, sənətkar məddahlığa məcbur edilmirmi?!.. Axı sirr deyil ki, məddahlar yeri gələndə Vətənini, xalqını öz xeyri naminə asanlıqla sata bilirlər...”

İlhamə MƏHƏMMƏDQIZI,
şairə, jurnalist,
AJB-nin üzvü




7333 oxunub

InvestAZ