2003-cü ildən bəri hər il 12 dekabr tarixində xalqımız müasir dövlətçiliyimizin banisi, unudulmaz dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anım gününü dərin ehtiram və hörmətlə yad edir. Bu gün Ulu Öndərin Azərbaycan üçün gördüyü misilsiz xidmətlərin xatırlanması, onun dövlətçilik irsinin yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Heydər Əliyevin zəngin ictimai-siyasi ömür yolunun zirvələrini xronikal qaydada bir-bir xatırlamaq olar. Amma bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olarıq. Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri yetərincə məlumdur. Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər söhbət Heydər Əliyevin siyasi portretindən gedirsə, bircə tezislə məhdudlaşmaq kifayət edər. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.
Heydər Əliyev 1969-cu ildə keçmiş Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də ürəkaçan deyildi. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində geridə qalan respublikalardan biri idi. Məsul vəzifələrdə çoxlu sayda qeyri-millətlərin nümayəndələri işləyirdi. Ana dilimiz sıxışdırılırdı. Belə bir şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlərə başladı. Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində respublikada çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayırılmasına nail oldu. İqtisadiyyatı inkişaf etdirmək üçün böyük işlər görüldü. Milli kadrların hazırlanması və yerləşdirilməsi, mənəvi cəhətdən təmiz, istedadlı kadrların vəzifədə irəli çəkilməsi xüsusi diqqətdə saxlanılır, eyni zamanda, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılırdı. Ulu Öndər respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atmış, Moskvadakı bəzi qüvvələrin etirazına baxmayaraq Azərbaycanda hərbi məktəbin açılmasına nail olmuşdu. Ancaq bu, işin bir tərəfi idi. Heydər Əliyev təkcə Azərbaycanda hərbi təhsil alan gənclərin deyil, eləcə də SSRİ-nin ali hərbi məktəblərinə respublikamızdan göndərilən gənclərin böyük əksəriyyətinin məhz azərbaycanlı yeniyetmələr olmasını xüsusi diqqət mərkəzində saxlayırdı.
1969-1982-ci illər ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verildi. On dörd ildə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin dövrdə on mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana gedərək, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.
Ulu Öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı zaman, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Respublikanın müstəqilliyə keçid dövründə Azərbaycan gənclərinin qarşılaşdığı çətinliklər var idi. Lakin 1993-cü ilin 15 iyununda xalqın çağrışına səs verərək ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ciddi dönüş yarandı. O vaxt Azərbaycanda çoxlu sayda problemlər var idi, birinci növbədə hərc-mərcliyə son qoymaq və Azərbaycanda ictimai-siyasi sabitliyi yaratmaq lazım idi. Heydər Əliyev qeyd etmişdir ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdır və bu qayğı ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. Dövlət başçısı ölkədə idmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirmişdir.
Ölkəmiz müstəqilliyə qədəm qoyduğu gündən başlayaraq bədən tərbiyəsi və idman sahəsində bir sıra qanunlar, fərmanlar və dövlət əhəmiyyətli qərarların həyata keçməsi öz həllini tapmağa başladı. Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli 861 saylı Fərmanına əsasən Gənclər və İdman Nazirliyi yaradıldı.
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, bədən tərbiyəsi və idmanın inkişafına dövlət tərəfindən qayğı olmadan müasir tələblərə cavab verən səviyyədə heç bir nailiyyət əldə etmək mümkün deyil. 5 mart 1995-ci ildə Heydər Əliyevin imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasında İdman Fondu yaradıldı.
14 avqust 1996-cı il tarixdə Milli Olimpiya Komitəsinin üzvləri ilə görüşdə Heydər Əliyev demişdir: "Şəxsən mən söz vermişəm və indi də təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”.
Ulu Öndər Heydər Əliyevin bu sahədə atdığı əməli addımların qanunauyğun nəticəsi kimi "Bədən tərbiyəsi və idman” haqqında ilk dəfə olaraq 23 dekabr 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş qanunu göstərmək olar.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir: "Azərbaycan xalqı, milləti öz genetik, fiziki hazırlığına görə idmanın bütün növləri ilə məşğul olmaq qabiliyyətinə malikdir. Ancaq biz Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, təbliğ olunması məsələsinə dünyanın bir çox ölkələrindən, xalqlarından bəlkə də gec başlamışıq. Keçmişdə Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycan idmanı inkişaf edibdir, Azərbaycan idmançıları gözəl nəticələr göstəriblər. Ancaq bizim müstəqilliyimiz olmadığına görə, başqa sahələrdə olduğu kimi, idmanda da əldə edilən nailiyyətlər Ümumittifaq qazanında həzm olunubdur. Bəlkə bunlar da Azərbaycanda idmanın istənilən səviyyəyə qalxmasına maneçilik törədibdir. Ancaq indi respublikamızda, müstəqil Azərbaycan dövlətində idman özünə layiq yerini tutubdur. Azərbaycanda dövlət, hökumət tərəfindən idmana, bədən tərbiyəsinə, idmançılara qayğı günü-gündən artır və sizi əmin edirəm ki, bundan sonra da artacaqdır”.
Beləliklə, Azərbaycanın Sovet İttifaqının tərkibindəki 36 illik Olimpiya dövrü (1952-1988-ci illər), doqquz Olimpiya Oyunlarında iştirakı şanlı səhifələrlə tarixə yazılmışdır. Azərbaycan idmançılarının Sovet Olimpiya komandasının tərkibinə daxil edilməsi əslində çox ağır bir proses idi. İlk növbədə 15 respublika idmançıları arasında ən güclü olduğunu sübut etmək lazım idi. Bundan əlavə, milli mənsubiyyətlə bağlı seçim qarşısında xalqımızın nümayəndələri heç də üstün mövqeyə malik deyildilər. Bütün bunlarla yanaşı, müstəqil Azərbaycan Respublikasının idman şərəfini möhtəşəm Olimpiya Oyunlarında layiqincə qorumaq üçün xalqımızın kifayət qədər böyük potensialı, mütəxəssisləri, idmançıları, təcrübəsi və qələbə əzmi vardı və bu potensial müstəqillik dövründə yenidən möhtəşəm nailiyyətlər əldə olunmasına şərait yaratdı.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev dediyi kimi: "Azərbaycan keçmiş Sovetlər İttifaqının tərkibində olarkən respublikamızın idmançıları Olimpiya Oyunlarında iştirak etmişdilər. Elə vaxtilə Avstraliyada keçirilmiş Olimpiya Oyunlarında iştirak etmişdilər. Xatirimdədir, 1980-ci ildə Olimpiya oyunları Moskvada keçirilirdi, mən orada idim. Bizim idmançılarımız orada da çıxış etmişdilər”.
Bu dövr ərzində xalqımızın ümummilli lideri Heydər Əliyevin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində beş dəfə Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza xeyir dua verərək yola salmışdır (XX-Yay Olimpiya Oyunları, 1972-Münhen, XXI-Yay Olimpiya Oyunları, 1976-Monreal, XXII-Yay Olimpiya Oyunları, 1980-Moskva, XXIII- Olimpiya Oyunları, 1984- Los Anjeles, XXVI- Yay Olimpiya Oyunları, 1996-Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000-Sidney).
"Dostluq-84” yarışlarında dünyanın 50 ölkəsindən 2364 idmançı çıxış etmişlər. "Dostluq”-84 yarışlarının Təşkilat Komitəsinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur.
Adətən, böyük şəxsiyyətlərə obyektiv qiymət verərkən onların yaşadıqları dövrün imkanları ilə müqayisədə nələri edə bildikləri əsas götürülür. Bu baxımdan Heydər Əliyevin həm Azərbaycana rəhbərlik etdiyi, həm də bu missiyadan kənarda olduğu dövrlərə qiymət verərkən birmənalı olaraq deyə bilərik ki, o, zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə edib.
Ulu Öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları düşmən əsarətindən azad etdi.
Cənab Prezident İlham Əliyevin 44 gün ərzində xarici mediada haqq səsimizi ucaltması, xalqa müraciətlərində səsləndirdiyi sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hisləri yaratdı. Bu tarixi qələbə, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimizdir.
Hər il dekabrın 12-də xalqımız ümummilli lideri böyük sevgi ilə anır, onu yad edir. Heydər Əliyev öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə qazanmışdır Azərbaycan xalqının bu sevgisini. Onun uyuduğu məzarlıq, ziyarətgaha çevrilmişdir. Xalqımız hər il məhz həmin gün bu ziyarətgaha, respublikamızın müxtəlif yerlərində ucaldılmış abidələrinin önünə gələrək ümummilli liderin xatirəsini yad etməyi özünə mənəvi borc bilir.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor