Bu gün Azərbaycan futbol tarixinin ən görkəmli simalarından biri, SSRİ-nin Əməkdar idman ustası Anatoli Banişevskinin anadan olmasının 80 illiyi tamam olur. Uzun illər Bakının "Neftçu” klubunun simvoluna çevrilmiş məşhur hücumçu ölkəmizin idman salnaməsində silinməz iz qoyub.
1946-cı il fevralın 23-də Bakıda dünyaya gələn Anatoli Banişevski bütün futbolçu karyerasını "Neftçi” klubuna həsr edib. O, 1964-1978-ci illər ərzində paytaxt təmsilçisinin formasını geyinərək komandanın əsas hücum qüvvələrindən biri olub. Anatoli Banişevskinin parlaq oyunu sayəsində "Neftçi” 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanaraq tarixi uğura imza atıb.
Gənc yaşlarından diqqəti üzərinə çəkən hücumçu 19 yaşında SSRİ yığma komandasına dəvət alıb. O, milli komandada keçirdiyi üçüncü oyununda üç qolla yadda qalaraq böyük potensialını nümayiş etdirib. Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatının iştirakçısı olub, həmçinin 1968 və 1972-ci illərin Avropa çempionatlarında SSRİ yığmasının heyətində çıxış edib. 1972-ci ildə keçirilən qitə çempionatında gümüş medala sahib çıxıb.
Təcrübəli hücumçu SSRİ çempionatının yüksək liqasında 212 oyunda 81 qol vurub, birinci dəstədə isə 76 qarşılaşmada 40 dəfə fərqlənib. SSRİ yığmasının heyətində keçirdiyi 50 matçda 19 qola imza atan futbolçu rəsmi yarışlarda ümumilikdə 100-dən çox qol vuraraq məşhur bombardirlər siyahısı – "Qriqori Fedotov klubu”nun üzvlərindən biri olub.
Banişeviski "Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayan Anatoli Banişevski ilk addımlarını da məhz "Neftçi” klubunda atıb. Əməkdar İdman Ustası "Neftçi”nin (1981-1982-ci il) məşqçisi, Mingəçevirin "Avtomobilçi” klubunun (1984-1987-ci), Burkina-Fasonun gənclərdən ibarət milli komandasının (1987-1988-ci) və "Kəpəz”in (1988-ci) baş məşqçisi olub. Burkina-Fasoda işlədiyi zaman ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. Anatoli Banişevski ölümündən bir il əvvəl ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "Şöhrət” ordeninə layiq görülüb. Sonralar isə Prezident İlham Əliyevin qərarı ilə yaşadığı binanın qarşısında xatirə lövhəsi quraşdırılıb.
Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.
Doğma klubuna - "Neftçi”yə daim sadiq qalan əfsanəvi "9 nömrə”nin sahibinin xatirəsi futbol azarkeşlərinin qəlbində daim yaşayacaq.
192 oxunub