Daşkənddə cüdoçularımızdan parlaq uğur
İdman 10:08 / 02.03.2026
Fevralın 27-dən martın 1-dək Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə” turniri keçirilib. Cüdoçuların kiçik dünya çempionatı kimi dəyərləndirilən mötəbər yarışda Azərbaycan millisi 18 idmançı (12 kişi, 6 qadın) ilə təmsil olunub. Azərbaycan cüdoçuları Daşkənd "Böyük Dəbilqə” turnirini 4 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Yarışların ilk iki günündə millimizin heyətində Əhməd Yusifov (-60 kq) və Ömər Rəcəbli (-81 kq) qızıl, Balabəy Ağayev (-60 kq) isə gümüş medal qazanıb. Sonuncu gündə isə milli komandanın heyətində ölkəmizi təmsil edən Murad Fətiyev -90 kq çəki dərəcəsində parlaq çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Rumıniya, Özbəkistan, Rusiya və Yunanıstan idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə gürcüstanlı ikiqat Olimpiya çempionu Laşa Bekaurini də əzmkarlıqla məğlub edən Murad Fətiyev "Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.
+100 kq çəkidə isə Kənan Nəsibov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, ağır çəkili cüdoçumuzun "Böyük Dəbilqə”də ilk qızıl medalı olub. Sonuncu gündə ölkəmizin aktivinə bürünc medalları isə Olimpiya çempionumuz Zelim Kotsoyev (-100 kq) və Camal Qamzatxanov (+100 kq) yazdırıb.
Beləliklə, turniri ümumilikdə 7 medalla başa vuran Azərbaycan millisi komanda hesabında cüdonun yaradıcıları olan Yaponiya millisindən sonra ikinci, kişilərin yarışında isə birinci yeri tutub.
Qeyd edək ki, Daşkənd "Böyük Dəbilqə” turnirində 39 ölkədən 370 idmançı (209 kişi, 161 qadın) qüvvəsini sınayıb.
174 oxunub