XƏBƏR LENTİ
09 Noyabr 2025
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025



VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan komandası günü 8 medalla başa vurdu - GÜNÜN YEKUNLARI
İdman 23:20 / 08.11.2025
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti yarış gününə yekun vurulub.
Yarışların beşinci günündə atletlərimiz 6 idman növündə (ağırlıqqaldırma, cüdo, üzgüçülük, boks, futzal, stolüstü tennis) mübarizə aparıblar.
Təmsilçilərimiz günü 8 (1 qızıl, 1 gümüş, 6 bürünc) medalla başa vurublar.
Qazanılan medallardan 4-ü (1 qızıl, 1 gümüş, 2 bürünc) medal cüdoçularımızın payına düşüb. Komandamızın heyətində dünya, Avropa və Olimpiya çempionumuz Hidayət Heydərov (-73 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, İslamiadanın ikiqat qalibi olub. Hidayət Heydərov 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Komandamızın digər üzvü Könül Əliyeva (-48 kq) isə yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb. Digər cüdoçularımızdan Aydan Vəliyeva (-52 kq) və Ruslan Paşayev (-66 kq) bürünc medala layiq görülüb. -57 kq çəki dərəcəsində mübarizə aparan Fidan Əlizadə isə beşinci yerlə kifayətlənib.
Ağırlıqqaldırma yarışında komandamızın üzvü Nuray Əbilova (48 kq) ilk yarış günündə üç bürünc medal qazanıb. 15 yaşlı idmançımız birdən qaldırma hərəkətində 64 kq ağırlığın öhdəsindən gəlib. O, təkanla qaldırmada isə 79 kq ağırlığı başı üzərinə qaldırmağı bacarıb. Beləliklə, ümumilikdə 143 kq ağırlığı ram edən idmançımız çıxışını üç bürünc medalla başa vurub.
Azərbaycan komandası bu gün üzgüçülük yarışlarında da mükafatçılar sırasında yer alıb. Yarışlarının ilk günündə Süleyman İsmayılzadə bürünc medala sahib çıxıb. Təmsilçimiz 1500 metr məsafəyə sərbəst üsulla üzmə proqramında üçüncü yeri tutub.
Bu gün Azərbaycan boksçuları üçün də uğurlu olub. 1/4 final görüşünə çıxan Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (80 kq) rəqiblərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Təmsilçilərimizdən Səidcəmşid Cəfərov əlcəzairli Mustafa Abdunu, Məhəmmədəli Qasımzadə uqandalı Cimmi Adrikonu, Sərxan Əliyev isə özbəkistanlı Samandar Xabibullayevi məğlub edərək ən azı bürünc medalı təmin edib.
Bu gün stolüstü tennis yarışlarına da start verilib. Azərbaycan millisi Oyunların ilk günündə komanda yarışlarında mübarizəyə başlayıb. Uqanda millisi ilə qarşılaşan Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komandamız rəqibini 8:2 hesabı ilə məğlub edib. Millimiz növbəti oyununu sabah Pakistan yığmasına qarşı keçirəcək.
Futzal üzrə Azərbaycan millisi isə bu gün son matçına çıxıb. A qrupunda yer alan komandamız Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Görüş təşkilatçı ölkə millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da aktivində 3 xal olan Azərbaycan millisi mübarizəni dayandırıb. Özbəkistan 1-ci, Səudiyyə ərəbistanı isə 2-ci yerin sahibi kimi yarımfinala vəsiqə qazanıb.
Beləliklə, aktivində hazırda 1 qızıl, 1 gümüş və 6 bürünc medal olan Azərbaycan millisi ümumi medal sıralamasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 169 idmançı təmsil edir.
159 oxunub

InvestAZ