XƏBƏR LENTİ
20 Oktyabr 2020
15 Oktyabr 2020
13 Oktyabr 2020
09 Oktyabr 2020
08 Oktyabr 2020
06 Oktyabr 2020
01 Oktyabr 2020
30 Sentyabr 2020



“Neftçi”nin Avrokuboklar macərası başa çatdı
İdman 10:17 / 18.09.2020

Bakının "Neftçi” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Bakı Olimpiya Stadionunda turnirin II təsnifat mərhələsi çərçivəsində paytaxt təmsilçisi Türkiyənin "Qalatasaray” komandasını qəbul edib. Bu, Bakı təmsilçisinin avrokuboklarda 66-cı oyunu olub. Bakı Olimpiya Stadionunun tribunalarında hər iki ölkənin və klubların bayraqları yerləşdirilib. Tribunada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, həmçinin hər iki ölkənin hazırkı prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sitatlarının yazıldığı pankartlar yer alıb. Matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Ömər Buludov, Mamadu Mbodj, Voislav Stankoviç, Anton Krivotsyuk, Emin Mahmudov, Mamadu Kane, Saman Nərimancahan, Namik Ələskərov, Yusuf Laval və Prins İbara yer alıblar. İstanbul təmsilçisinin ilk on birliyində isə meydana Fatih Öztürk, Martin Linnes, Markao, Kristian Luyindama, Marselo Saraççi, Taylan Antalyalı, Emre Kılınc, Rayan Babel, Yunes Belhanda, Ömer Bayram və Mbaye Diaqne çıxıblar. Şotlandiyalı hakimlər briqadasının idarə etdiyi oyuna daha fəal başlayan rəqib komanda istəyinə matçın 19-cu dəqiqəsində çatıb. Belə ki, Mbaye Diaqne "Qalatasaray”ı hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə İstanbul təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 0:1.
Matçın 46-cı dəqiqəsində "Neftçi”nin futbolçusu Mamadu Mbodj hesabı bərabərləşdirib. Bu, "Neftçi”nin avrokuboklarda yubiley – 75-ci qolu olub. Ancaq Bakı təmsilçisinin sevinci çox çəkməyib. İki dəqiqə sonra "Qalatasaray”ın konqolu müdafiəçisi Kristian Luyindama komandasının ikinci topunu "Neftçi”nin qapısından keçirib. "Qalatasaray” və Seneqal millisinin hücumçusu M.Diaqne görüşün 63-cü dəqiqəsində dubl edib. "Neftçi”nin qapıçısı Aqil Məmmədovun səhvindən istifadə edən M.Diaqne komanda yoldaşı Emre Kılıncın ötürməsini qolla tamamlayıb və bu, qarşılaşmada vurulan sonuncu qol olub.
Beləliklə, "Neftçi” komandası "Qalatasaray”a 1:3 hesabı ilə məğlub olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçirilib.
"Qalatasaray” növbəti mərhələdə "Renova”nı (Şimali Makedoniya) 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk” komandası ilə üz-üzə gələcək. "Neftçi” I təsnifat mərhələsində Makedoniyanın "Şkupi” komandasını mübarizədən kənarlaşdırıb. "Qalatasaray” isə seçmə mərhələyə II təsnifat mərhələsindən qoşulub.
"Neftçi” ilk dəfə avrokubokda Türkiyə klubu ilə qarşılaşıb. Bu sözləri İstanbul təmsilçisinə də aid etmək olar. Ümumiyyətlə, qardaş ölkələrimizin komandaları avrokuboklarda indiyədək dörd dəfə üz-üzə gəliblər. Belə ki, UEFA kuboku yarışlarının 1994-1995-ci il mövsümündə Tovuzun "Turan” klubu İstanbulun "Fənərbağça” komandası ilə qarşılaşıb. "Fənərbağça” hər iki oyunda qələbə qazanıb - 5:0 və 2:0. Digər qarşılaşma da UEFA kuboku yarışlarına təsadüf edib. Turnirin 2000-2001-ci il mövsümündə "Antalyaspor” komandası Gəncənin "Kəpəz” klubunu 5:0 və 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Beləliklə, indiyədək keçirilmiş dörd oyunda Türkiyə klubları 14 qol vurub, qapılarını isə toxunulmaz saxlamağı bacarıblar.
"Neftçi” indiyədək "Qalatasaray” ilə iki dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. 1960-cı ildə Bakıda keçirilən birinci görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.


1220 oxunub

InvestAZ