Yanvarın 24-26-da Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər müəyyənləşib. Birincilikdə Bakının 64 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 761 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Üç gün davam edən yarışda ümumi komanda hesabında medalların sayına görə Bakı şəhər 10 saylı UGİM birinci yeri tutub. Respublika Kompleks İdman Məktəbi ikinci, Bakı şəhər 8 saylı İOEUGİM isə üçüncü yerə layiq görülüb. Yarışda ümumilikdə 19 komanda müxtəlif əyarlı medal qazanıb.
Qeyd edək ki, birinciliyin əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış fevralın 27-dən martın 2-dək keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyıb.