XƏBƏR LENTİ
30 Mart 2020
29 Mart 2020
13 Mart 2020
11 Mart 2020
10 Mart 2020



Lev Yaşin - futbolun yaratdığı əfsanə
Maraqlı 13:00 / 14.02.2019


"Mən bu dahi futbol ustasının bacarığını yüksək qiymətləndirirəm və onu bizim dövrümüzün ən yaxşı qapıçısı hesab edirəm. Yaşin dünya futbol tarixinə, sadəcə, qapıçı kimi daxil olmadı. O həm də qapıçılıq kimi çətin bir sənətə yeniliklər gətirən yaradıcı insan idi". Əfsanəvi qapıçı Lev Yaşin haqqında deyilən bu sözlər "futbol kralı" Peleyə məxsusdur.
Yaşin sadə və mehriban bir insan kimi də hörmət qazanmışdı. Xarici səfərlərdə olarkən müxtəlif adamlar ona yaxınlaşır, əfsanəvi qapıçını yaxından görməyə can atırdılar. Kiçik zənci qızın "Yaxin, Yaxin, Yaçin", - deyə dahi qapıçıya yaxınlaşması, Yaşinin bütün millətlərə sevgisindən xəbər verirdi.
Lev İvanoviç Yaşin 22 oktyabr 1929-cu ildə fəhlə ailəsində doğulmuşdu. Bütün uşaqlar kimi, o da futbolu sevir, boş vaxtlarında top qovurdu. 1943-cü ildə Tuşinodakı zavodların birində işə girən Lev tez bir zamanda çilingər sənətinə yiyələnir. İşdən çıxan kimi stadiona tələsən Yaşinin arzusu mərkəz hücumçusu olmaq idi. Ancaq ilk məşqçisi Nikolay Larioniçkovun amiranə şəkildə "qapıçı olacaqsan", - deməsi onun həyatını dəyişdi. Qapıçılıqdan qətiyyən başı çıxmayan Yaşin məşqçinin sözündən çıxa bilmədi.
1950-ci ildə "Dinamo"nun hokkey və futbol komandalarına məşqçilik edən Arkadi İvanoviç Çernışev onu Qaqrada keçirilən təlim-məşq toplanışına cəlb edir. Yaşin ilk oyunlarda qapıdan asan qollar buraxırdı. "Spartak"la oyunun son dəqiqələrində əsas qapıçı Xomiçi əvəz edən gənc qapıçı çox asan bir zərbənin qarşısını ala bilmədi. Bundan sonra Yaşin uzun müddət əvəzedicilər skamyasında oturmalı oldu. "Dinamo"nun hokkey komandasına keçməsi Yaşini idmanda saxladı. O, 1953-cü ilə qədər hokkey oynadı, idman ustası adına, ölkə çempionatının gümüş və bürünc medalına da hokkeydə layiq görüldü. 1954-cü ildə SSRİ hokkeyçiləri ilk dəfə dünya çemponatında çıxış etmək hüququ qazandılar. Turnirə ciddi hazırlıq gedirdi. Yığmaya namizədlər arasında Yaşinin də adı var idi. Hokkey yığmasının Qaqrada keçirdiyi son yoxlama oyunlarından sonra komandanın baş məşqçisi Mixail Semiçastnı Yaşinə dedi:
"Lyova, sənin oyunun mənim xoşuma gəlir. Əsas heyətdə yer alacaqsan. Ancaq seçim etməlisən. Ya futbol, ya da hokkey". Yaşin futbolu seçdi. "Dinamo" klubu 1954-59-cu illərdə 4 dəfə ölkə çempionu, Yaşin isə mövsümdə ən az qol buraxan qapıçı adını aldı. Lev Yaşin ölkə çempionatında "Dinamo"nun heyətində 326 oyun keçirib. Onun mükafat kolleksiyasını ölkə çempionatının 5 qızıl, 5 gümüş və 1 bürünc mükafatı bəzəyir. O, üç dəfə SSRİ kubokunu başı üzərinə qaldırıb. Futbol Federasiyası 13 dəfə Lev Yaşinin adını "33 ən güclü futbolçu" siyahısına daxil edib.
1954-cü ildə Yaşin ilk dəfə SSRİ yığmasının qapısını qorudu. Debüt uğurlu alındı. Həmin ilin oktyabrında Moskvanın "Dinamo" stadionunda İsveç yığmasını ağır məğlubiyyətə uğratdıqdan sonra (7:0) Lev Yaşin sovet yığmasının əvəzedilməz qapıçısına çevrildi. O, 13 il yığmanın qapısını şərəflə qorudu. 1956-cı ildə keçirilən Melbrun Olimpiadası sovet futbolçuları üçün uğurlu oldu. Yığma komanda bir neçə çətin oyunda gücünü sınadı. Bu oyunlarda Yaşin yığmaya təsadüfən gəlmədiyini sübut etdi. Finalda Yuqoslaviya yığması ilə keçirilən oyunda isə sovet qapıçısı hamını heyrətə saldı. Qarşılaşma yağışlı havada keçirilirdi. Sürüşkən meydan və islanmış top qapıçıların işini bir az da çətinləşdirirdi. Sovet qapıçısı səhvsiz oynayırdı. Onun sakit, təmkinli hərəkətləri rəqib hücumçuları heyrətləndirirdi. Yaşinin lazımı anda lazım olan yerdə olması, qapıya vurulan zərbələri ustalıqla dəf etməsi inanılmaz idi. Budur, yuqoslaviyalı hücumçu topu qüvvətli zərbə ilə "doqquzluğa" göndərir. Futbol məntiqinə inansaq, top qapıdan keçməli idi. Lakin "haradansa peyda olan" Yaşin buna imkan vermir, yüksək sıçrayışla topu qapı xəttindən çıxarır.
Melburnda qazanılan zəfərdən sonra sovet yığması dünya çempionatının seçmə turnirinə hazırlaşırdı. Bu mərhələni uğurla keçən komanda dünya çempionatında ilk dəfə çıxış etmək hüququ qazandı. Dünya çempionatı Lev Yaşinin qapıçılıq məharətini bir daha sübut etdi. İngiltərəli hücumçular onun qoruduğu qapını heç cür nişan ala bilmirdilər. Avstriya yığmasının lideri, o dövrün tanınmış futbolçusu Hans Buçekin vurduğu onbirmetrlik zərbəni dəf etməsi isə, Yaşinə tribunaların alqışını qazandırdı. Sovet komandası bu çempionatda Braziliya yığmasına məğlub oldu. "Sambaçıların lideri" Pele əfsanəvi qapıçının oyununu yenə də yüksək qiymətləndirirdi: "Məncə, sovet futbolçuları Qarrinça, Didi və Zaqalo kimi "ələkeçməzlərin" qarşısında özlərini itirmişdilər. Sovet müdafiəçiləri tez-tez səhvə yol verirdilər. Yaşin isə müdafiə xəttinə, sözün əsil mənasında, bədəni ilə "çəpər" çəkmişdi. O, sağdan, soldan, aşağıdan, yuxarıdan gələn bütün topların qarşısını alırdı. Sovet qapıçısı yuxarıdan gələn topları uzun, möhkəm əlləri ilə havadan "qopararaq" zərərsizləşdirirdi. Başqa sözlə, Lev Yaşin cərimə meydançasında "təmizləyici" rolu oynayır, ona aid olan ərazidə gərgin vəziyyət yaratmağa imkan vermirdi".
1960-cı ildə SSRİ yığması Marseldə (Fransa) Çexoslovakiya komandasını 3:0 hesabı ilə məğlub etdi. Parisdə keçirilən final qarşılaşmasında isə oyuna əlavə olunmuş vaxtda Yuqoslaviya millisini medalın bir addımlığında saxladı. Londonda dərc olunan "Uoker sport" jurnalı yazırdı: "Sovet komandasının qələbəsi qapıçının yüksək istedadı və dəmir iradəsi hesabına əldə edildi". 1961-ci ildə sovet yığması Cənubi Afrika ölkələrinə ilk səfərə çıxdı. Argentina qəzetlərindən biri SSRİ yığmasının bəzi oyunçularını maraqlı şəkildə qiymətləndirmişdi: "Mixail Mesxi - 50 milyon peso (peso - Argentinanın pul vahididir), Slava Metreveli - 50 milyon peso, Lev Yaşin- qiyməti yoxdur".
Təəssüf ki, dünya şöhrətli qapıçı bəzi sovet məmurları tərəfindən təzyiqlərə məruz qalırdı. Çilidə keçirilən dünya çempionatında məğlubiyyətin əsas səbəbkarı kimi Yaşin göstərildi. Bu ədalətsizlik, az qala, bir nömrəli qapıçının futboldan getməsinə səbəb olacaqdı. Yaşin bu hadisədən bir il sonra Londonun məşhur "Uembli" stadionunda dünya yığmasının heyətində meydana çıxdı. Qəzetlər İngiltərə yığmasının mərkəz hücumçusu, təmkinli və sakit təbiətli Cimmi Qrivsin oyun başa çatdıqdan sonra Yaşin barədə dediyi sözləri dərc etdilər: "Sovet qapıçısı "əlcəkli sehirbazdır", onun qoruduğu qapıya qol vurmaq mümkün deyil".
1963-cü ildə Lev Yaşin "Dinamo"nun heyətində daha bir parlaq mövsüm keçirdi. 27 oyunda cəmi 6 qol buraxan əfsanəvi qapıçının doğma klubu SSRİ çempionu oldu.
Həmin mövsüm Yaşin üçün çox əhəmiyyətli və yaddaqalan keçdi. O, "Frans futbol" jurnalının Avropanın ən yaxşı futbolçusuna təqdim etdiyi "Qızıl top" mükafatına layiq görüldü. Qeyd edək ki, Yaşin bu yüksək mükafata layiq görülən yeganə sovet qapıçısıdır. Jurnalın baş redaktoru M. Yubini yazırdı: "Futbol dünyasında Ramalets, Svift, Zeman, Jilmar və Pereyra kimi dahi qapıçılar görmüşəm. Ancaq Lev Yaşin özünün istedadı, bacarığı ilə hamını üstələyə bilib. Yaşini heç bir qapıçı ilə müqayisə etmək mümkün deyil. O, futbol əfsanəsi, əlcək geyinmiş "sehirli əl"dir. Yaşin yaradıcı, novatordur, nəhayət, Yaşin dostlara ruh verən sadə bir insandır". Fransız jurnalistin bu sözlərini Yaşinə tərcümə edəndə o, gülümsəyərək: " başa düşmürəm, niyə bir "sehirli əl",bəs mənim ikinci əlim?" - deyə cavab vermiş, sonra isə ciddi görkəm alaraq, "heç bir sehirbazlıqdan söhbət gedə bilməz, mən, sadəcə, öz işimi dəqiq yerinə yetirməyə can atıram", - deyə əlavə etmişdi.
1964-cü ildə sovet yığması Avropa kubokunda (indiki Avropa çempionatı) ikinci oldu. 2 il sonra İngiltərədə keçirilən dünya çempionatında Yaşin öz qapısından cəmi beş top buraxdı və qolların vurulmasında "sehirbaz" qapıçının heç bir səhvi olmadı. Ümumiyyətlə, Lev Yaşin SSRİ yığmasının heyətində 75 oyun keçirib və yığmanın qapısına vurulan qollarda, bir qapıçı kimi onun günahı olmayıb.
Lev İvanoviç Yaşinin yaradıcılığı, qapıçı sənətinə gətirdiyi yeniliklər, indi də öyrənilir.
Qapıçı meydançasından qabağa çıxmaq, cərimə meydançasında libero - arxa mərkəz müdafiəçisi rolunda çıxış etmək ilk dəfə Yaşin tərəfindən tətbiq edilib. Topun əllə oyuna daxil edilməsi də, əfsanəvi qapıçının kəşfidir. O, oyun zamanı qapıçı meydançasında yaranan gərginlikdən özünü itirməz, çaşmazdı. Yaşinin ən böyük ustalığı isə qapıya vurulan topları çox sadə üsulla tutmaq və ya kənara çıxarılmasında özünü göstərirdi.
1972-ci il may ayının 22-də Lujniki stadionunda Yaşinin vida matçı keçirildi. "Sehirbaz"ın bütün futbol həyatını həsr etdiyi Moskva "Dinamo"su dünya yığması ilə qarşılaşırdı. Dünyanın futbol ulduzları dahi qapıçıya olan ehtiramlarını ifadə etmək üçün Rusiyanın paytaxtına toplaşmışdılar.
Yaşin vida matçında da öz məharətini göstərdi. Hərçənd ki, bu oyunda onun buraxacağı səhvləri bağışlamaq olardı. Lakin "sehirbaz" bütün karyerası ərzində göstərdiyi oyunu, son matçında da təkrar etdi. Meksika-1970-in ən yaxşı bombardiri, almaniyalı Herd Miller "Dinamo"nun qapısını yenə də "silkələyə" bilmədi.
Lev Nikolayeviç futboldan birdəfəlik getmədi. O, doğma "Dinamo"nun rəisi vəzifəsinə təyin edildi. 1985-ci il iyulun 27-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç əfsanəvi qapıçıya Olimpiya Ordeninin gümüş nişanını təqdim etdi.
270 oyunda qapısını toxunulmaz saxlayan və karyerası ərzində 150 dəfə onbirmetrlik zərbələri dəf edən əfsanəvi qapıçı 1990-cı il mart ayının 20-də dünyasını dəyişdi. Moskvanın ən böyük idman arenası olan "Lujniki"nin girəcəyində Yaşinin heykəli ucaldılıb.


6256 oxunub

InvestAZ