XƏBƏR LENTİ
29 Noyabr 2022
28 Noyabr 2022
27 Noyabr 2022
26 Noyabr 2022



Əvvəldən düşünülmüş sonrakı aqibət
İdman 16:06 / 29.09.2022

Qətər hökuməti mundialdan sonranı necə düşünür?


Qətərdə keçirilən futbol üzrə dünya çempionatına 2 aydan da az vaxt qalıb. Bu ölkənin dünya çempionatına ev sahibliyi etməsi təsdiqləndikdən sonra iki il ərzində ərəblər mundial üçün 200 milyard vəsait xərclədilər. Bu məbləğ bəs etdi ki, onlar qısa zaman ərzində bütün məsələlərin həllinə nail olsunlar.
"Olimpiya dünyası"nın sadiq və çoxsaylı oxucularına məlumdur ki, artıq ötən sayımızdan etibarən DÇ-2022-yə həsr olunmuş maraqlı yazılara start vermişik.
Budəfəki yazımızda dünya çempionatından sonra Qətərdəki arenaları hansı aqibət gözlədiyi barədə məlumatları araşdırmağa çalışmışıq.



Şimal qonşularımız
sonradan anladılar ki...

Müşahidələr göstərir ki, bəzi ölkələrdə böyük idman tədbirləri üçün tikilmiş stadionlar və idman arenalarının əksəriyyəti istifadəsiz qalıb. Onları qoruyub, əlverişli məqsədlərə yönəltmək həmin dövlətə böyük vəsait hesabına başa gəlir. Belə ki, Braziliya, CAR və Rusiyada keçirilən dünya çempionatından sonra mundial üçün tikilmiş stadionlardan bəziləri hazırda istifadəsiz vəziyyətdə saxlanılır. Məsələn, 2010-cu ildə CAR-ın Durban şəhərində təşkil olunan mundial üçün inşa edilmiş 70 minlik "Mozes Mabida" stadionu təşkilatçı ölkəyə 450 milyon avroya başa gəlmişdi. Həmin çempionatın yarımfinalında unudulmaz Almaniya-İspaniya matçına ev sahibliyi edən arena bu gün tanınmaz haldadır. DÇ-dən sonra yerli "AmaZulu" klubu tərəfindən icarəyə götürülən arena hazırda 4-5 mindən artıq azarkeşin tələblərini ödəyə bilmir.
Braziliyanın mundiala ev sahibliyi etmək üçün inşa etdirdiyi 40 minlik "Amazoniya" stadionu isə cənubi amerikalılara 300 milyon avroya başa gəlmişdi. Həmin arena Rio-Neqru və Solimoyins çaylarının sahilində gözəl bir mənzərədə inşa edilib. DÇ-dən sonra Braziliya dördüncü liqasının təmsilçiləri "Nasional", "Amerika" və "Rio-Neqru" klubları ölkə birinciliyi uğrunda yarışları bu stadionda keçirirlər. Stadion əvvəlki kimi öz əzəmətini qorusa da, həmin klubların azarkeşləri arenanı cəmi 30-40 faiz doldura bilirlər.

Dörd il əvvəl analoji çempionata Rusiya ev sahibliyi etmişdi. DÇ-dən sonra mundial üçün tikilmiş stadionlardan 3-ü Rusiya Premyer Liqasında çıxış edən və stadionsuz olan üç kluba hədiyə edilmişdi. Maraqlıdır ki, Rusiya hökuməti turnirə görə məşhur "Lujniki" stadionunu iflic hala gətirmişdi. Belə ki, ruslar stadionun qaçış cığırını tribunalarla əvəz etmişdilər. Şimal qonşularımız sonradan anladılar ki, il ərzində ölkə çempionatının bir neçə matçını keçirmək üçün stadionu bu vəziyyətə salmağa dəyməzdi.
DÇ-2018 üçün Saranskda tikilən "Mordoviya" arena mundialın cəmi dörd matçına ev sahibliyi etmişdi. Buna görə Rusiya hökuməti xeyli məbləğ xərcləmişdi. DÇ-dən sonra "Mordoviya" klubuna verilən bu stadion 360 min əhalisi olan bir şəhər üçün çox nəhəng görünür. Ruslar həmin möhtəşəm arenanı sakin muzeydəki nadir eksponata çeviriblər.



Böyük planlar
paketi DÇ-dən sonra
açılacaq

Qətər hökuməti bəlkə də bu məsələlər barəsində xeyli götür-qoy edib. 3 milyon əhalisi olan bir ölkə üçün bu arenaların sonrakı aqibəti çox maraqlıdır. Yerli Təşkilat Komitəsi iki sual qarşısında qalıb. DÇ-dən sonra bu arenalardan necə istifadə etməli və yaxud onlardan necə qurtulmalı? Bu suallar doğrudan da özündə böyük bir məntiq gizlədir.

Ötən sayımızda dünya çempionatı ilə bağlı dərc etdiyimiz yazıda qeyd etmişdik ki, Qətərdəki stadionların əksər hissəsi modul konstruksiyalardan inşa edilib. Həmin konstruksiyalar imkan verir ki, sonradan bu arenaların həcmi xeyli azalsın, hətta tamamilə sökülsün. Nəzərdə tutulub ki, istifadə edilməyən stadionların konstruksiyaları sökülərək, Afrikanın müsəlman ölkələrinə göndərilsin. Onlar isə öz növbəsində özləri üçün yeni idman arenaları qursunlar. Qətər höküməti bir növ dünya çempionatından onlar üçün də pay ayırmağı nəzərdə tutur. Lakin əslində, ərəblər başqa məqsədlə bu addımı atmaq niyyətindədirlər. Onlar düşünürlər ki, istifadəsiz qalmış arenaların yerində məktəb, ticarət mərkəzləri və ən əsası məscidlər inşa etsinlər.
Bu barədə daha ətraflı danışaq. Məsələn, DÇ-2022 üçün inşa olunan "Edukeyşn Siti" stadionu 40 min azarkeş tutumuna malikdir. Nəzərdə tutulub ki, mundialdan sonra stadionun konstruksiyaları iki dəfə azaldılsın və həmin ərazi tələbələrin ixtiyarına verilsin. "Əl-Cənub" stadionu da iki dəfə kiçildilərək, yerində çoxfunksiyalı hovuz və spa mərkəzləri inşa ediləcək.


"Əl-Bayt" stadionu

"Əl-Bayt" stadionu Qətərin ən əsas arenalarından biridir. 60 minlik azarkeş tutumuna malik olan stadion yarımfinal qarşılaşmalarına ev sahibliyi edəcək. Turnirdən sonra stadionun azarkeş tutumu 32 minə qədər endiriləcək. Həmin stadion Qətərin "Əl-xor" klubuna veriləcək. Bundan başqa stadionun yuxarı hissəsində hotel və ticarət köşkləri inşa ediləcək. Məhz buna görə də stadionun hazırki interyeri böyük ticarət mərkəzi və hoteli xatırladır. Məlumat üçün bildirək ki, dünya çempionatına 2018-ci ildə ev sahibliyi edən Rusiyada yerli hökumət stadionlardan ticarət məqsədi ilə istifadə etməyi qadağan etmişdi.

DÇ-2022-nin Təşkilat Komitəsinin nümayəndəsi Xalid əl-Naama mediaya verdiyi müsahibəsində bu barədə maraqlı fikirlər səsləndirib. "Dünya çempionatı bizim üçün lazım olan şəraiti qurmaq baxımından çox əlverişlidir. FİFA mundial üçün ən azı 8, ən çoxu isə 12 stadion tikməyi tələb kimi qarşımıza qoymuşdu. Biz ən az olan variantı seçdik. Qətər hökuməti bu qədər pulu havaya sovurmaq niyyətində deyil. Burada ən əsası bu stadionların sonradan da bizim üçün əlverişli olmasıdır", - deyə o bildirmişdi.

(ardı var)



Anar Əhmədov

4142 oxunub

InvestAZ