XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Övladlarımızı sağlam və zədəsiz böyüdək
Maraqlı 14:18 / 13.09.2022
"Olimpiya dünyası" qəzetinin "sağlam həyat tərzi" rubrikası adı altında dünyanın ən yaxşı idman həkimlərinin, idman mütəxəssislərinin dəyərli məsləhətləri əsasında silsilə yazıları davam edir. Ötən sayımızda uşaqların valideynlər tərəfindən idmana cəlb olunması ilə bağlı yazımız böyük oxucu auditoriyasının diqqət mərkəzinə düşüb. Həmin yazını oxumayanlara çatdırmaq istədik ki, valideynlər övladlarını, onların marağını özünə cəlb edən idman növlərinə yönəltsinlər. Bu işdə eyni zamanda onların, yəni uşqaların fiziki imkanları da nəzərə alınmalıdır. Bu dəfə ki, yazımızda isə məsləhətləşmədən seçilən idman növlərinin uşaqların orqanizminə, bədən quruluşuna mənfi təsir göstərməsi ilə bəzi məqamlara yer ayırmışıq. Bu o demək deyil ki, uşaqları zədə səbəbindən idmandan uzaqlaşdırmaq lazımdır. Sadəcə əks fəsadalara da zamanında fikir vermək lazımdır.


Uşağın ürəyi, sinir sistemi gərgin məşqlərə cavab verməlidir

Əgər valideynlər öz övladlarının idmanla məşğul olmasına qərar veriblərsə, əvvəlcə onları həkim müayinəsindən keçirməlidirlər. Mütəxəssislərin fikrincə, övladlarını hər hansı bir idman bölməsinə yazdıran ərəfədə, orada həkimdən arayış tələb olunmursa buna razılıq vermək olmaz. Müayinə vaxtı uşağın ürəyi, sinir sistemi gərgin məşqlərə cavab verməlidir. Ən əsası ürək sağlam olmalıdır ki, sonradan xoşagəlməz fəsadlar yaranmasın.
İdman növlərinin əksəriyyəti uşaqların fiziki imkanlarını artırır. Lakin qeyd olunduğu kimi, burada fəsadların da olması qaçılmazdır. Məsələn, idman gimnastikası, akrobatika, suya tullanma orqanizmdə böyük zədə yarada biləcək idman növləri arasındadır. Belə ki, ardıcıl salto vurmaq boy artımını ləngidə bilər. Bundan başqa həmin vaxtı sığortalanmamış hərəkətlər zamanı baş, boyun və bel nahiyəsinin, hətta ayaqların ciddi zədələnər.
Ölkəmizdə fiqurlu konkisürmə məşqləri keçirilməsə də, bu idman növü təhlükəli idman növlərindən biri sayılır. Ümumiyyətlə, buz üzərində dayanmaq özü bir risk tələb edir. O ki qaldı belə vəziyyətdə hər hansı bir hərəkətləri icra edəsən. Buz üzərində yıxılmaq ciddi fəsadlar yaradır.
Avarçəkmə ilə məşğul olan idmançıları gözünüzün qarşısına gətirin. Onlar bədən quruluşuna görə çox fərqlənirlər. Lakin bu idman növü səssiz şəkildə onların onurğa sütununu yükləyir. Onların kürək çəkmələri tədricən bütün bədəni ağrılarla üz-üzə qoyur. Kiçikyaşlı uşaqlar bu idman növü ilə məşğul olarkən onlar hərəkətləri oturaq vəziyyətdə icra etməlidirlər. Kürəyi üstündə hərəkət icra etmək çox təhlükəlidir.
Güləş mübarizəsində rəqiblər hərəkətləri baş-başa icra edirlər. Bu zaman boyun və sinə nahiyəsindəki onurğa sütunu tez-tez gərilir.
O ki qaldı boks idman növünə, göründüyü kimi, başa vurulan zərbələr sağalmaz zədələrə gətirib çıxara bilər.
Bəs idman rəqsləri? İlk baxışdan təhlükəsiz görünən bu idman növü assimetrik yüklənmə ilə zəngindir. Cütlüklərin rəqsi zamanı bədən ardıcıl olaraq ayrı-ayrı hərəkətləri icra edir. Bu vaxt kövrək sümük quruluşu yüklənir. Nəticədə sümüklərdə uzun müddət çarəsi tapılmayan skolioz xəstəliyi yaranır. Əksər idman növlərində şpaqat açmaq vacib şərtlərdən biridir. Amma şpaqatın tam icrasına nail olmaq üçün, daha doğrusu sərbəst şpaqat açmaq üçün təhlükəli mərhələdən keçməlisən. Bu zaman ayaq sümüklərinin və həmin hissədəki damarların gərilmə prosesi yaranır.
Son dövrlərdə məşq zamanı daha populyar olan hərəkətlərdən biri də ştanqla oturub-qalxmaqdır. Bu hərəkət azyaşlı uşaqlara məsləhət görülmür.


Valideynlərə ünvanlanan iki fərqli sual

İdman həkimləri uşaqların hər hansı bir xəstəlik müddətində zökəm, soyuqdəymə zamanında məşqlərə qoşulması məsləhət görmürlər. Bu vaxt orqanizm daxildə xəstəliklə mübarizə aparır. Belə vəziyyətdə yüklənmə məsləhət görülmür. Əks halda orqanizmin bərpası uzun müddət çəkə bilər.
Xəstəliklərdən söz düşmüşkən, idmanla məşğul olan uşaqlarda erkən yaşda osteoxondroz, onurğa sütununun diskindəki yırtıqlar, bronxit, miopiya (görmə zəifliyi) yarana bilər. Bu qeyd etdiklərimiz elə bir xəstəliklərdir ki, bir ömür boyu insanın yol yoldaşı ola bilər. Vəziyyətdən qaçmaq üçün bir idman növü ilə iki ildən artıq məşğul olmaq lazım deyil. Övladlarınızı idman bölmələrinə yazdırmazdan əvvəl valideynlərə iki sual vermək lazımdır - övladınızı sağlamlıq üçün yazdırırsınız, yoxsa medal üçün? Çünki bu iki sualın hər biri ayrı-ayrı mənanı kəsb edir.


Anar Əhmədov

2567 oxunub

InvestAZ