XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Dünyanın futbol auditoriyasından maraqlı olaylar
İdman 10:49 / 19.07.2022
Mobil İSMAYILOV


Bilirdinizmi?!

Əvvəlcə bir qədər uzaq keçmişə qayıdaq. SSRİ-nin rəhbəri Stalin futbol həvəskarı olub. Ölkənin başçısı çoxsaylı problemlərin mövcud olduğu çətin bir dövrdə futbola diqqət yetirirdisə, təbii ki, onun yaxın ətrafı, mühüm vəzifə tutanlar da ən azından futbolla maraqlanmağa borclu idilər. Əks halda rəhbərin qəzəbinə tuş gələ bilərdilər. Stalinin azarkeşlik etdiyi komanda isə HHQ - Hərbi Hava Qüvvələri adlanırdı (rus dilində - Voenno-vozduşnıe silı VVS). Stalinin hakimiyyətdə olduğu dövrdə bu komanda həmişə SSRİ çempionu olub.

Bir gün Stalinə xəbər çatır ki, Xruşyov paytaxtın "Spartak" və "Torpedo" komandalarına dəstək olmağa başlayıb. Stalin hiddətlənsə də, üzə vurmur. Amma tezliklə Xruşyov orijinal bir tərzdə cəzalandırılır. Ölkə rəhbəri onu bütün Moskva komandalarının kuratoru təyin edir. Ona tapşırılır ki, heç bir ayrı seçkilik salmadan bütün paytaxt komandalarının qayğılarının həllində məsuliyyət daşısın. Göründüyü kimi, bu iki şəxsiyyətin heç də normal olmayan münasibətlərinin üstünə əlavə olaraq bir futbol amili də qoşulur.

*   *   *
2010-cu ilin dünya çempionatı "Barselona" və İspaniya yığmasının ulduz futbolçusu Pike ilə məşhur müğənni Şakiranın münasibətlərinin başlanğıcı hesab edilir. Şakira dünya çempionatının xüsusi qonağı idi. Belə ki, o, təntənəli açılışda mundialın himnini oxudu. Dünya çempionatından sonra müğənni 11 il görüşdüyü şəxsdən ayrılaraq özündən 10 yaş kiçik Pike ilə daim bir yerdə olmaq üçün Barselonaya köçdü. İlk vaxtlar onlar nədənsə əlaqələrini təkzib edərək, gizli görüşməyə başladılar. Lakin bu həyatda heç nə gizli qalmır. Tədricən KİV-ə məlumatlar sızmağa başladı. Bir sıra mətbuat orqanları, nəşrlər cütlüyün fotoları, təsdiqedici məlumatlar üçün böyük məbləğdə mükafat da ayırdılar. Bundan sonra paparatsilər futbolçunun evinin qarşısında sutkalarla növbə çəkirdilər. 


Pike isə hər dəfə müğənni ilə münasibətlərini qətiyyətlə inkar edirdi. Məsələnin şişdiyini görən baş məşqçi Pep Quardiola işə qarışdıqdan sonra Pike həqiqəti etiraf etməyə məcbur oldu. Jurnalistlərə müsahibəsində bildirdi ki, baş məşqçiyə böyük rəğbəti olduğundan başqa çarəsi qalmadı.
İndi görün, hələ o vaxt gənc yaşında olan Pep Quardiolanın klubdakı böyük nüfuzuna baxın ...


*   *   *

İsveçli Zlatan İbrahimoviç həmişə qalmaqallı iddialı müsahibələri ilə seçilib. Əslində elə bu gün də belədir. Hələ "Barselona"da oynadığı vaxtlar Quardiola onu hərdən gah ehtiyatda saxlamağa, gah da əvəzləməyə başladı. Beləliklə, tədricən yaranan soyuq münasibətlərdən sonra İbrahimoviç komandadan getməli oldu. PSJ-də çıxış edərkən o, açıqlamaların birində belə fikirlər söyləmişdi: "Etiraf edirəm ki, Quardiola yaxşı məşqçidir. Amma məni Messiyə qurban verdi (!). Bununla da o , "Ferrari"sini itirdi (!). Məni alan "Ferrari" almış kimidir.

 "Ferrari"dən isə istənilən kimi istifadə etmək olar. Heç olmasa "Fiat" almaq əvəzinə Quardiola dizellə işləyən maşın seçdi (!!!). Mən bir daha heç vaxt hər hansı bir ölkədə Quardiolanın rəhbərlik etdiyi kluba keçmərəm". Messini dizellə işləyən maşına bənzədən İbrahimoviçdə özündən razılığın dərəcəsinə baxın. Yeri gəlmişkən İbrahimoviç indi də özünü gah "Fiat"a, gah da "Ferrari"yə bənzədir.

*    *    *

Karyerasının son 9 ilini "İnter"də keçirmiş, Yuqoslaviya, Serbiya və Çernoqoriya, eləcə də Serbiya yığmalarının hər biri ilə ayrı-ayrı vaxtlarda dünya çempionatlarının final mərhələlərində çıxış etmiş tanınmış serbiyalı futbolçu Deyan Stankoviç 35 yaşında karyerasını başa vurduqdan sonra vida görüşü ərəfəsində verdiyi geniş müsahibəsində demişdi: "Zəngin karyeramı vərəqləyirəm. Yadda qalan xatirələrim çoxdur. Karyeramın ən üzücü hadisəsi isə Azərbaycanla olan oyun olub. Podqoritsadakı qarşılaşmada 2:0 öndə olsaq da, 2 qol buraxıb 2:2 hesablı heç-heçə ilə kifayətləndik. Bu, faciə idi. Bu oyunu heç vaxt unutmaram".



*    *    *

Niderlandlı hücumçu Ruud Van Nistelrooy müsahibələrində həmişə Madrid "Real"ını dünyanın ən yaxşı klubu adlandırırdı. Karyerasının ən yaxşı anlarının da "Real"la bağlı olduğunu bildirirdi. İkinci dəfə bu komandaya qayıtmaq şansı yarananda onun sevincinin həddi-hüdudu yox idi. Bununla bağlı sonradan onun dedikləri diqqətə layiq idi: "34 yaşım olmasına baxmayaraq mənə yenidən müqavilə təklif edəndə düzü təəccübləndim. Yenidən Madridə qayıtmaq inanılmaz idi. "Real" rəhbərliyi məni transfer etmək üçün mümkün ola bilən hər şey etdi. Lakin alınmadı. Nə etmək olardı. Bununla belə, "Real" mənim qadağan olunmuş sevgim olaraq qalır".


*    *    *

İncəsənətin bəzi növlərində, xüsusən kino sahəsində gözəllik etalonları vardır. Daha doğrusu bir qayda olaraq belə qəbul edilir. Etalonlar populyarlıqları ilə seçilirlər. İdmanda, o cümlədən futbolda da belədir. Futbol ulduzu cəlbedicidirsə , daha çox maraq dairəsinə düşür. Məsələn, Bekhemi götürək. Bekhemə yaxşı dövrlərində planetin ən populyar futbolçusu deyirdilər. Ləqəbi də "gözəl Beks" idi. Fiziki göstəriciləri sifət quruluşu ilə uyuşan ulduz futbolçular elə etalon kimi qəbul edilirlər. Yeri gəlmişkən Di Maria bir dəfə müsahibəsində demişdi: "Mənim zahiri görünüşüm xoşagələn olsaydı, həyatda daha böyük uğurlarım olardı. Futbol ulduzunun populyarlığı onun xarici görkəmindən çox asılıdır".



*    *    *

İngiltərə kuboku uğrunda "Mançester Yunayted" ilə "Arsenal" arasında keçirilən oyundan sonra baş verən xoşagəlməz insident uzun müddət yaddan çıxmadı. Belə ki, "Mançester Yunayted"in məğlub olduğu həmin qarşılaşma bitdikdən sonra baş məşqçi Aleks Ferqyusson əlinə keçən butsunu Devid Bekhemin başına çırparaq, hirsini soyutmuşdu. Baş məşqçi ilə İngiltərə yığma komandasının kapitanı arasında baş verən bu hadisədən sonra dərhal Bekhemin komandanı tərk edəcəyi barədə informasiyalar yayıldı. Öncə "Mançester Yunayted"in çempionatdakı əzəli rəqibi olan "Arsenal" Bekhemə "göz dikdi". Eyni zamanda "Milan" və "Real" klubları da ulduz futbolçu ilə danışıqlara başladılar. "Arsenal"ın təklif etdiyi pul məbləği daha böyük idi. Bekhem London klubuna keçməyə üstünlük verirdi. Halbuki əvvəllər heç vaxt London klublarında oynamayacağını bildirmişdi. O, müsahibələrində maraqlı fikirlər söyləmişdi: "Yaşayış yerimin Mançesterdən Londona dəyişməsinə pis baxmıram. Mən həyatımın 12 ilini Mançesterdə yaşamışam. Amma heç vaxt unutmamışam ki, mən Londonda doğulmuşam. Futbolda heç vaxt "bu heç zaman olmayacaq" - demək olmaz. Çünki hər şey bir anda dəyişə bilər".


*    *    *

Almaniya yığma komandasının və "Borussiya" klubunun qapıçısı Yenis Lemann vaxtı ilə bundesliqa üçün antirekord müəyyən etmişdi. Bir mövsüm ərzində 4 qırmızı vərəqə alan Lemann hətta Oliver Kanı da geridə qoymuşdu. Lemanın aldığı son qırmızı kart maraqlı bir hadisə ilə müşayiət olunmuşdu. 2002-ci ildə Almaniya çempionatının son turunda onun komandası "Şalke" ilə qarşılaşmışdı. Həmin oyun 2:2 hesabı ilə başa çatmışdı.

 Epizodların birində əsəbiləşən Lemann özünü saxlaya bilməyərək komanda yoldaşı Marsio Amoruzonu vurmuşdu. Bu anı görən hakim tərəddüd etmədən qapıçıya qırmızı vərəqə göstərmişdi. Oyundan sonra baş hakim Herbert Fandel epizodla bağlı demişdi: "Meydanda futbolçunun belə hərəkəti yolverilməzdir. Fərqi yoxdur, futbolçu rəqibə, yoxsa komanda yoldaşına zərbə endirib. Ona görə də Lemann cəzalandı".

(ardı var)

7996 oxunub

InvestAZ