XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Təvəkkül Məmmədov: “İdmanın inkişafının bir səbəbi də təbliğatla bağlıdır”
İdman 16:00 / 07.07.2022

""Zenit” BTİC İB-in təmsilçiləri hər zaman ayrı-ayrı
idman növlərində mükafatçılar sırasında yer alırlar”


Ölkə idmanında hazırda kifayət qədər təcrübəli mütəxəssislərimiz fəaliyyət göstərir. Onlar bu sahənin inkişafı üçün öz bacarıqlarını yeniyetmə və gənclərlə paylaşırlar. Nəticədə zallarda gələcəyin perspektivli idmançıları formalaşır. Belə idman mütəxəssislərindən biri də Təvəkkül Məmmədovdur. O, hazırda fəaliyyətini "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində məşqçi kimi davam etdirir. Bu yaxınlarda ad gününü qeyd edən Təvəkkül müəllimlə görüşüb, onun idmandakı fəaliyyəti ilə bağlı söhbət etdik. Müsahibimizlə söhbətdə bir sıra maraqlı məqamlardan danışdıq. Həmin müsahibəni "Olimpiya dünyası” qəzetinin çoxsaylı oxucularına təqdim edirik.


- Təvəkkül müəllim, redaksiyamıza xoş gəlmisiniz. İlk sualımız belə olacaq. Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Əvvəlcə özüm barədə bir neçə kəlmə məlumat vermək istəyirəm. Mən Təvəkkül Baba oğlu Məmmədov 1961-ci il iyun ayının 29-da Sumqayıt şəhərində anadan olmuşam. Hələ uşaq yaşlarından idmana böyük marağım olub. Ailədə mənim idmana olan həvəsimə hər zaman müsbət yanaşıblar. Hər bir uşaq kimi mən də futbolu sevmişəm. Saatlarla həyətdə yorulmadan futbol oynayardıq. Həmin vaxt nə mobil telefon var idi, nə də virtual oyunlar. Məhz buna görə də nadir hallarda xəstələnirdik. Bir sözlə, əsl sağlam həyat tərzi yaşayırdıq.

- Eşitdiyimizə görə peşəkar idmana gəlişiniz digər idman növündən başlayıb.
- Bəli. Peşəkar idmana gəlişim həndboldan başlayıb. İndiyə qədər yaxşı xatırlayıram. Bir gün məktəbdə idman dərsində idik. Həmin vaxt həndbol məşqçiləri zala daxil oldular. Biz də həmin vaxt sinif yoldaşlarımızla birlikdə həndbol oynayırdıq. Bir müddət onlar bizim oyunumuzu izlədilər. Oyun başa çatdıqdan sonra onlardan biri mənə yaxınlaşdı. Hiss etdim ki, onların diqqətini çəkmişəm. Sol əllə çox yaxşı oynadığımı dedilər. Təklif etdilər ki, onların rəhbərliyi altında məşqlərə qoşulum. Bu təklifi dərhal qəbul etdim. Lakin həndboldakı ilk addımlarım uzun çəkmədi. Belə ki, bir neçə aydan sonra məşqçimiz fəaliyyətini dayandırıb, Krasnodara getdi. Həmin andan sonra sanki həndbola olan marağım da azalmağa başladı. Lakin idmana olan həvəsim olduğu kimi qalmışdı.

- Bəs necə oldu ki, boksu seçdiniz?
- Bir gün sinif yoldaşım Fərman Cəfərov mənə təklif etdi ki, gəl mənimlə boks məşqlərinə gedək. Etiraz etmədim. Həmin vaxt o, artıq birinci dərəcəli idmançı idi. Mehdi Hüseynzadə adına stadionda keçirilən məşqə trolleybusla getməli oldum. Vəziyyət elə gətirdi ki, yarı yolda trolleybusun enerjisi kəsildi. Bu səbəbdən məşqə xeyli yubandım. Birtəhər özümü zala çatdırdım. Zala daxil olarkən qapını məşqçi açdı. Dedim məşqə gəlmişəm. Mənə dedi ki, bu dəfə keç, lakin gələn dəfə eyni hal təkrarlansa, ümumiyyətlə məşqə gəlmə. Bu söz mənə çox pis təsir etmişdi. Həmin hadisədən sonra bir daha məşqlərə gecikmədim.


- Beləliklə, bu idman növünə olan həvəs öz bəhrəsini verdi.
- Boksa qısa zamanda sıx bağlandım. Tezliklə bir sıra yarışlarda qüvvəmi sınamağa başladım. Orta məktəbdə oxuyarkən çıxış etdiyim yarışlarda mükafatalayiq nəticələr qazandım. Məktəbi bitirdikdən sonra, hərbi xidmətimi Ordu İdman Klubunda yerinə yetirdim. Hərbi qulluğumu başa vurduqdan sonra yenidən məşqlərə qoşuldum. Bir müddətdən sonra Azərbaycan çempionu tituluna yiyələndim. Yığma komandanın üzvü oldum. İdman ustası adına layiq görüldükdən sonra medal kolleksiyamdakı mükafatların sayı daha da artmağa başladı. İki dəfə Zaqafqaziya Hərbi Dairəsinin yarışlarında çempion adını qazandım. Bakı ilə yanaşı, Əndican, Tolyatti, Bryansk, Tallin, Riqa və digər şəhərlərdə keçirilən beynəlxalq yarışlarda mükafatçılar sırasında yer aldım. Qeyd edim ki, mən Neft Kimya İnstitunun Sumqayıt filialında axşam şöbəsində təhsil almışam. Axşam oxuyub, səhər Trikotaj fabrikində fəhlə işləyirdim. Lakin məşqlərə də vaxt ayıra bilirdim. Bu hal hərbi xidmətə qədər eyni cür baş verdi. Hərbi xidmətdən sonra məşqçim məsləhət gördü ki, məşqçi kimi "Neftçi” İdman Cəmiyyətinin Sumqayıt filialında fəaliyyət göstərim. Həmin vaxt artıq 20-21 yaşlarında idim.

- Bir sıra yarışlarda hakim qismində iştirak etmisiniz
- O vaxt Sovet dövründə məktəblərdə idman təmayüllü siniflər var idi. Mən də bu siniflərdən birində fəaliyyət göstərirdim. Tələbələrimdən bir neçəsi SSRİ yeniyetmələrinin birinci idman oyunlarını mükafatçısı olmuşdular. Həmin vaxt məşqçiliklə yanaşı, hakimlik də edirdim. Həmkarlar İttifaqları İdman cəmiyyətlərinin SSRİ birinciliyində yarışları idarə etmişəm. 2011-ci ilə qədər bir sıra yarışlarda ədalət təmsilçisi olmuşam.


- Məşqçiliyi seçməyinizə heyfislənməmisiniz ki?
- Doğrudur, iki seçim qarşısında qalmışdım. Seçdiyim bu yola ya məşqçi, ya da hakim kimi davam etməli idim. Yeniyetmələrdən ibarət yığma komandaya məşqçi kimi təyinat aldığıma görə hakimliklə vidalaşmalı oldum. Yığma komanda ilə 2018-ci ilə qədər işlədim. Həmin müddət ərzində heyətimizin idmançıları qitə yarışlarında uğurla çıxış etmişdilər. O dövrdə boks üzrə yığma komandanın heyətində yer alan idmançıların əksəriyyəti hazırda əsas komandanın üzvüdürlər. Gənclərin SSRİ Kubokunun qızıl mükafatçısı İlham Hüseynov, 1993-cü ildə keçirilən gənclərin Avropa çempionatının bürünc mükafatçısı Xanlar Mahmudov mənim yanımda boksun sirlərinə yiyələniblər. Yeniyetmə idmançılardan Araz Gülməmmədov, Elməddin İsmayılov, Hacı Dilbazov, İman Əhmədli və digərləri bir sıra mötəbər yarışlarda uğurla çıxış ediblər.

- Məşqçilik fəaliyyətini necə xarakterizə edə bilərsiniz?
- Məşqçilik yaradıcılıq işidir. İncəsənətdə belə fikir var ki, yaxşı materialdan uğurlu sənət əsəri yaranır. İdmançı olarkən öyrənirsən, məşqçilikdə isə öyrədirsən. Həmişə öyrətmək öyrənməkdən çətin olub. Məşqçi kimi öyrətməyin ikiqat məsuliyyəti var. Məşqçinin bütün təcrübə və bacarıqlarını üzə çıxarması üçün zəngin baza və imkanlar vacib sayılır. Əks halda çəkilən zəhmət elə də böyük səmərə verməyəcək. Məşqçidən çox şey asılıdır. Əgər yeniyetmə bir uşaq məşqçinin dediklərini qavraya bilmirsə, deməli, məşqçi ona yaxın və uyğun metodlara əl atmalıdır. Təbii ki, həmin uşaqda perspektiv potensial imkanlar mövcuddursa.

- Hazırda "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində işləyən məşqçilərdən birisiniz. Bu idman ocağında perspektivli boksçular yetişdirə bilmisinizmi?
- 2005-ci ildən etibarən "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində məşqçi işləyirəm. Bu idman cəmiyyəti daha çox güləş idman üzrə tanınır. İdman ocağının yetirmələrinin sorağı hər zaman mötəbər arenalarda yüksək yerlərdən gəlib. Həmin vaxtdan etibarən boksçuların yetişməsində xidmətlərim az olmayıb. Bunun nəticəsidir ki, Avropa dünya miqyaslı yarışlarda 8 müxtəlif əyarlı medala sahib çıxmışıq. "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyin rəhbərliyi, xüsusilə Fazil müəllim idmanı çox sevən və idmanın hər bir xırdalıqlarını bilən bir mütəxəssisdir. Onun rəhbərliyi dövründə idmançılara böyük diqqət və qayğı göstərilib. Bu diqqət və qayğının nəticəsidir ki, "Zenit” BTİC İB-in təmsilçiləri hər zaman ayrı-ayrı idman növlərində mükafatçılar sırasında yer alırlar. Fikrimcə, bu peşəkarlıqdan irəli gələn məsələdir.

- Qeyd olunur ki, valideynlər əksər hallarda övladlarının boksla məşğul olmasına qarşı çıxırlar. Səbəb təkcə zədələrlə bağlıdır?
- Təəssüf ki, bu fakt olaraq qalır. Əksər valideynlər uşaqları boksa elə də çox yazdırmırlar. Bunun səbəblərindən biri kimi zədə və təhlükənin daha çox olması göstərilir. Amma əslində bu belə deyil. Əslinə qalsa atletika, futbolda da ciddi zədələr yaranır. Ümumiyyətlə, idmanı zədəsiz təsəvvür etmək qeyri mümkündür. Boks əsl döyüş növlərindən biridir. İdman növünün tarixində də bu, öz əksini tapıb. Oğlanların boksla məşğul olması təqdirəlayiq haldır. Biz məşqçilərin məsuliyyəti daha da artıb. Biz idmançılara həm fiziki, həm də mənəvi cəhətdən tərbiyə verməli oluruq. Məşqdən qabaq uşaqlarla söhbət edib, onları özlərini əsl şəxsiyyət kimi cəmiyyətdə aparmağa, etik qaydalara riayət etməyə və vətənpərvər ruhda böyüməyə kökləyirik. Ən əsası idmançılar savadlı olmalıdırlar. Savad və güc onların şəxsiyyət kimi formalaşmasına xidmət edən amillərdəndir.

- Bir mütəxəssis kimi sizi narahat edən məsələr varmı?
- Əlbəttə. İdmanın inkişafının bir səbəbi də təbliğatla bağlıdır. İndiyə qədər yaxşı xatırlayıram. Bizim dövrümüzdə əksər yerlərdə idman yarışlarının afişası vurulurdu. Hələ o dövrün imkanlarından danışıram. İndi təbliğat üçün müasir texnika və texnologiyanın imkanları münbitdir. Televiziyada idman yarışları arasında boksa az yer verilir. İstərdim ki, ölkə birincilikləri və çempionatları canlı yayımlansın. Onda boksa gəlmək istəyən uşaqların sayında da artım baş verəcək. İdmana gələn uşaqlar pis vərdişlərdən uzaq olacaqlar. Təəssüf ki, bu gün yaşayış binalarının ətrafında idman qurğularının sayı azdır. Uşaqlar mobil telefondan başqa heçnə ilə maraqlanmırlar.

- Övladlarınızdan hər hansı biri sizin yolunuzu davam etdirirmi?
- Üç övlad atasıyam. Qızım bir müddət gimnastika ilə məşğul olub. Oğlan övladlarım isə boksla maraqlanıblar. Respublika birinciliklərində çıxış edərək, mükafatçılar sırasında yer alıblar. Onların idmançı olmasına təsirim az olmayıb. Lakin onlar hazırda başqa sahədə çalışırlar. Fikrimcə, uşağı formalaşdırmaq üçün onun seçimlərini də nəzərə almaq lazımdır. Onları marağı olan sahəyə yönəltmək çox vacibdir.



Anar Əhmədov

5217 oxunub

InvestAZ