XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qələbə” İdman Festivalı keçirilib
İdman 10:37 / 20.06.2022
İyunun 18-19-da Bakı İdman Sarayında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Qələbə” İdman Festivalı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, INBA Qlobal Azərbaycan Birliyi, "Qələbə” Ağır Atletika İdman Klubu və "Makkabi” Mədəni-İdman İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Festivalının proqramına 15 idman növü - ağırlıqqaldırma, aykido, akrobatika gimanastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd daxil edilib. Onlardan 4-də - zorxana, akrobatika gimnastikası, aykido və oxatma idman növü üzrə nümunəvi çıxışlar, digər 11 idman növü üzrə isə medal və kuboklar uğrunda mübarizə aparılıb.
Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev festivalın mahiyyəti haqqında məlumat verərək idmançılara uğurlar arzulayıb. Nazir müavini çıxışında Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanındığını bildirib. O qeyd edib ki, idmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusunu daha da möhkəmləndirib.
Daha sonra çıxış edən millət vəkili Vüqar İsgəndərov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. O, ölkəmizdə yüksək səviyyəli idman infrastrukturunun yaradılmasını və 50-yə yaxın Olimpiya idman kompleksinin inşa edilərək xalqımızın ixtiyarına verilməsini bunun təzahürü dolduğunu bildirib.
V.İsgəndərov idman uğurlarımızın dövlətimizin yürütdüyü idman siyasəti nəticəsində qarşıdakı illərdə də davam edəcəyinə inandığını diqqətə çatdırıb.
Çıxışlardan sonra idman növləri üzrə final mərhələləri keçirilib. Qaliblər diplom, medal və kuboklarla təltif olunublar.
Tədbirdən sonra Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov festivalla bağlı fikirlərini "Olimpiya dünyası” qəzetinə bildirib. O yarışların yüksək səviyyədə keçirildiyini və belə tədbirlərin idmançılarımızın hazırlıq səviyyəsinin artırılmasında müstəsna rolu olduğunu qeyd edib. "Festival Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsindəki qələbəsinə həsr edilib. Bu qələbənin əldə olunmasında şəhid olmuş Vətən oğularının ruhu qarşısında baş əyir, qazilərimizə isə şəfa diləyirik. Festival həm milli idman növləri, həm də Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə keçirilir. Festivalın keçirilməsində bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Təşkilat Komitəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Festivalın hər il ənənəvi olaraq keçirilməsi planlaşdırılır. Çalışacağıq ki, gələn ildən etibarən Gənclər və İdman Nazirliyinin razılığı ilə bu festival beynəlxalq status alsın. Əgər razılıq olarsa, gələn il bu festivalı xarici idmançıların da iştirakı ilə işğaldan azad olmuş bölgələrdə keçirməyi düşünürük. Bundan başqa istəyirik ki, milli idman oyunlarımızdan milli güləşi və zorxana və pəhləvan güləşini beynəlxalq arenalara çıxaraq, dünyada daha da tanıdaq. Bundan başqa gələcəkdə milli idman növləri üzrə respublika çempionatlarının da keçirilməsi planlaşdırılır”, - deyə Kazım Qurbanov bildirib.
Qeyd edək ki, "Qələbə” İdman Festivalının layihə rəhbəri, beynəlxalq dərəcəli idman ustası, INBA Qlobal Azərbaycan Birliyi və "Qələbə” Ağır Atletika İdman Klubunun prezidenti Elnur Şıxəliyevdir. Festivalın keçirilməsində əsas məqsəd ölkəmizdə sağlam həyat tərzini, kütləvi bədən tərbiyəsi və idmanı təbliğ etmək, idmanda sağlam rəqabət mühitini formalaşdırmaq, zorakılığa qarşı mübarizə aparmaq və gender bərabərliyini qorumaqdan ibarət olub. Festivalda ümumilikdə paytaxt və bölgələrdən 40-dan çox idmançı iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən festivalda biletlərin satışından əldə olunan gəlir "Yaşat” Fonduna ianə ediləcək.

Azər Əlizadə

13712 oxunub

InvestAZ