XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Rauf Bunyatəliyev: “Bizdə güclü bodibildinq məktəbi formalaşıb”
İdman 12:29 / 24.05.2022

Bu günlərdə Azərbaycan Bodibildinq və Fitness Federasiyasının komandası İspaniyanın Santa-Susanna şəhərində keçirilən Avropa çempionatından Vətənə qayıdıblar. Yarış komandamız üçün uğurlu olub. Qitə çempionatına 11 idmançı ilə yollanan komandamız 5 medala sahib çıxıb. Bu medallardan ikisi qızıl olub.

Bu günlərdə Azərbaycan Bodilbildinq və Fitness Federasiyasının prezidenti Rauf Bunyatəliyevlə görüşdük. Federasiya rəhbəri ilə görüş zamanı həm bodibildinqçilərimizin Avropa çempionatındakı uğurlu çıxışı və gələcək yarışlara hazırlıq məslələri barədə söhbət etdik. Söhbət zamanı o da məlum oldu ki, iki ilə yaxın davam edən pandemiya bodibildinqçilərimizin məşq prosesinə o qədər də təsir etməyib. Onlar ev şəraitində olsa belə məşqlərini davam etdirərək hazırlıq səviyyələrini qoruyublar. Hətta ötən il idmançılarımızın qazandığı nəticələr bu fikrimizin əyani sübutudur.
"Koronavirus pandemiyasına görə ölkəmizdə müəyyən məhdudiyyətlər yarandı. Amma komandamız ötən ilin iyun ayından məşqlərə başladı. Bu ərəfədə 3 rəsmi yarışda - iki Avropa, bir dünya çempionatında iştirak etdik. Bundan başqa bodibildinqçilərimiz Gürcüstanda "Diamond Cup”, Rusiyanın Krasnoyarsk şəhərində keçirilən mötəbər yarışda və "Arnold Klassik Avropa” turnirində çıxış ediblər. Bu yarışların hər biri komandamız üçün uğurlu oldu. Rusiyadakı yarışda komandamız bir gümüş medal qazandı. İspaniyada keçirilən Avropa çempionatında isə 4 idmançımızın hər biri Vətənə medalla qayıtdı. Bodibildinqçilərimiz yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxdılar. Gürcüstanda keçirilən "Diamond Cup” turnirində idmançımız Əli Qurbanlı birinci oldu. "Arnold Klassik Avropa” yarışı isə 2 qızıl medalla yadda qaldı.
Bundan başqa Dubayda keçirilən "Masters” yarışında idmançımız 1 qızıl medal qazandı. Dünya çempionatı da bodibildinqçilərimizin uğurlu nəticələri ilə əlamətdar oldu. Burada təmsilçilərimiz 1 gümüş və 2 bürünc medala sahib çıxdılar. Avropa çempionatında isə idmançılarımız 2 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələndilər. Beləliklə, idmançılarımız bir il ərzində mötəbər yarışlarda 7 qızıl, 5 gümüş və 5 bürünc medala layiq görülüblər. Qazanılan 17 medaldan 7-sinin qızıl medal olması isə Azərbaycan bodibildinq tarixində yeni bir uğurdur. Hələ bu vaxta qədər belə möhtəşəm nəticə olmamışdı. Bu medalların hər biri nüfuzlu yarışlarda qazanılıb. Bir sözlə, pandemiya səbəbindən idman zallarının qapanmasına baxmayaraq, idmançılar ev şəraitində məşq edərək formalarını lazımi səviyyədə qorumağı bacardılar”, - deyə Rauf Bunyatəliyev qeyd edib.
Federasiya rəhbəri söhbət zamanı bu yaxınlarda keçirilən ölkə çempionatı haqda da danışdı. O, bu yarışda iştirak etmək üçün müxtəlif bölgələri təmsil edən bodibildinqçilərin müraciət etdiyini bildirdi: "Mayın 1-də "Elektra Hall”da bikini-fitness, mens-fizik, klassik bodibildinq və bodibildinq üzrə Azərbaycan çempionatı keçirdik. Yarış çox yüksək səviyyədə təşkil olundu. Çempionatda paytaxt və bölgələri təmsil edən 53 idmançı iştirak edirdi. Bizim üçün sevindirici məqam ondan ibarət idi ki, Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Gəncə, Saatlı və Şirvan şəhərini təmsil edən idmançılar da bu turnirdə çıxış edirdilər. Yarışa maraq həqiqətən də çox idi. Amma bununla belə, çempionat sayəsində yeni qaliblər və yüksək səviyyəli idmançılar üzə çıxardıq”, - federasiya prezidenti bildirdi.

Rauf Bunyatəliyev bizimlə söhbətində bu yaxınlarda təşkil olunan və komandamız üçün uğurlu nəticələrlə yadda qalan Avropa çempionatına da toxundu. O, nəticələr barədə danışarkən idmançımız Vüqar Verdiyevə qarşı hakimlərin qərəzli mövqedə olduğunu qeyd etdi. Nəticələrdən narazılığını rəsmi şəkildə bildirən komandamız müraciətdən sonra nəticəni qismən də olsa, dəyişməyə müvəffəq oldu. "Azərbaycan çempionatından sonra İspaniyanın Santa-Susanna şəhərində keçirilən Avropa çempionatına yollandıq. Komandamız bu yarışda 11 idmançı ilə təmsil olunurdu ki, onlardan da 7-si finala vəsiqə qazandı. Komandamız ümumilikdə bu yarışda iki qızıl, iki gümüş və bir bürünc medala sahib çıxdı. Təmsilçilərimizdən mens-fizikdə Əli Qurbanlı, muskular-mens fizik kateqoriyasında isə Zaur Hafizov qızıl medallara layiq görüldü. Bodibildinq-mastersdə Vüqar Verdiyev (90 kq), bodibildinqdə isə Seymur Sadıqov (75 kq) gümüş medallara sahib çıxdılar. Bürünc medalları isə komandamıza bodibildinqdə çıxış edən Nizami Misirov (85 kq) qazandırdı. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan digər iki idmançımızdan mens-fizikdə çıxış edən Təbriz Tarverdiyev və bodibildinqdə mübarizə aparan Fuad Quluzadə (+85 kq) isə dördüncü yerlə kifayətləndi. Zaur Hafizov və Əli Qurbanlı yarışda möhtəşəm performansla hər kəsin heyrətinə səbəb oldu. Qeyd edim ki, Zaur karyerasında ilk dəfə idi ki, Avropa çempionatında iştirak edirdi. Keçən il bu kateqoriyada Rasim Həsənov birinci olmuşdu. Bundan başqa bildirim ki, Zaur mayın əvvəlində keçirilən Azərbaycan çempionatında Rasimə uduzsa da, Avropa çempionatında birinci olmuşdu. Beləliklə, komandamız bu nəticə ilə 40 ölkə arasında yeddinci yeri tutdu.
Əslində, biz üç qızıl medal qazanmışıq, lakin hakim Vüqar Verdiyevi qızıl medaldan məhrum etdi. Bu qərəzli qərarı Beynəlxalq Bodibildinq Federasiyasının rəhbərliyi də bildi. Yarışda onu bürünc medalçı kimi elan edəndə rəsmi olaraq etiraz etdim və bütün protokolları qaldırdım. Maraqlı bir mənzərə ortaya çıxdı. On hakimdən altısı Vüqara birinci, dördü isə sonuncu yer vermişdi. Onlar elə düşünüblər ki, onun çiynində hansısa doldurucu var. Mən onlara bildirdim ki, bu idmançının məşqçisi mənəm və 30 ilə yaxındır ki, rəhbərliyim altında məşq edir. Əgər onun çiynində nəsə varsa, cavabdehlik daşıyıram. Bundan sonra beynəlxalq qurumun prezidenti və hakimlər onu yaxından yoxlayaraq çiynində xalis əzələnin olduğunun şahidi oldular. Çempionatın baş hakimi dərhal bütün nəticələrin hesablanmasını tələb etdi və məlum oldu ki, Vüqar ikinci yeri tutub. Nəticədə, İspaniya Bodibildinq Federasiyasından tələb etdilər ki, idmançının qazandığı gümüş medal bodibildinqçimizə verilsin. Vüqar isə bürünc medalı sahibinə qaytardı. Amma mən bu nəticə ilə də razılaşmıram. Düşünürəm ki, Vüar əslində birinci olmalı idi. Amma o, hakimlərin ədalətsiz qərarına görə, sonda gümüş medala sahib çıxdı.
Artıq son illərdə qazanılan nəticələrə əsasən demək olar ki, bizdə bodibildinq məktəbi formalaşıb. Öz yerli idmançılarımız rəsmi dünya və Avropa çempionatlarında mükafatçılar sırasında yer alırlar. Bu bizim uğurumuzdur, illərdir çəkdiyimiz zəhmətin nəticəsidir”, - deyə Rauf müəllim bildirdi.
O, həmçinin bodibildinqçilərimizi qarşıda gözləyən mötəbər yarışlar barədə də danışdı. Əsas hədəfin noyabr ayında keçiriləcək dünya çempionatı olduğunu deyən R.Bunyatəliyev yarışda yalnız yüksək yerlər uğrunda mübarizə aparacaqlarını bildiridi. "Qarşıda bizi ciddi yarışlar gözləyir. İki idmançımız ABŞ-ın Florida ştatında keçiriləcək beynəlxalq yarışda iştirak edəcək. Bundan başqa idmançılarımız Çexiya və Gürcüstanda keçiriləcək yarışlara da dəvət alıblar. Hətta onların bilet pulu və digər xərcləri də təşkilatçılar tərəfindən qarşılanır. Amma mən idmançılarımızla danışdım və onlara dünya çempionatının belə yarışlardan daha vacib olduğunu bildirdim. Noyabr ayında keçiriləcək bu yarışda 7-8 idmançımız iştirak edəcək. Həmin yarışda yalnız ən güclü idmançılarla təmsil olunacağıq. Bu yarışda da ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Əgər kimsə bu yerləri tuta bilməyəcəksə, deməli bunun müəyyən səbəbləri var”, - deyə Rauf Bunyatəliyev qeyd etdi.

Azər Əlizadə

16977 oxunub

InvestAZ