XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Məzahir Süleymanzadə vəfat edib
İdman 15:24 / 11.05.2022
Tanınmış jurnalist, AFFA və "Neftçi”nin keçmiş mətbuat xidmətinin rəhbəri Məzahir Süleymanzadə vəfat edib.
Bu barədə məlumatı mərhumun qardaşı Tahir Süleymanov yayıb.
"Səhər” qəzetinin təsisçisi və baş redaktoru olmuş Məzahir Süleymanzadə mayın 10-da 70 yaşında dünyasını dəyişib.
Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Müxtəlif illərdə "Leninskoe znamya”, "Krasnaya zvezda”, "İdman” - "Sport” qəzetlərində, "Sovetski voin” jurnalında çalışıb.
"Kommunist” qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan "Səhər” qəzetini təsis edib.
Məzahir Süleymanzadə, həmçinin, çoxsaylı kitablar müəllifidir.
1984-1994-cü illərdə "Qızıl qələm”, "Həsən bəy Zərdabi”, "Mirzə Cəlil”, həmçinin "Araz” Ali mükafatına layiq görülüb,

1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.

Məzahir Süleymanzadə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


17383 oxunub

InvestAZ