XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Heydər Əliyev: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”
İdman 10:00 / 10.05.2022
XX əsrdə Azərbaycan xalqının həyatında çox böyük hadisələr baş verib. Bu əsrdə Azərbaycan iki dəfə müstəqillik qazanıb. Ötən əsrdə ölkəmizdə iqtisadi, sosial sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman da böyük inkişaf yolu keçib. Xüsusilə 70-80-ci illərdə respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları milli komanda və idmançılarımızın beynəlxalq imicinin formalaşması prosesini iflic etsə də, bədən tərbiyəsinin kütləviliyi sahəsində müəyyən irəliləyişlər olub.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində qətiyyətli addımlar atıldı. Ölkə həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də nəzərə çarpacaq dəyişikliklər baş verdi. Nazirlər Sovetinin 28 noyabr 1969-cu il tarixli nizamnaməsi ilə respublikamızın rayonlarında bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. 1970-ci ildə Azərbaycanda 5 min 370 bədən tərbiyəsi kollektivi fəaliyyət göstərirdi. Bu kollektivlər öz ətrafında 762 min 196 nəfəri (211 min qadın) birləşdirirdi. Respublikamızın kəndlərində 171 min nəfərdən çox idmançını əhatə edən bədən tərbiyəsi kollektivləri var idi. Ümumtəhsil məktəblərində 2 min 800-ə yaxın bədən tərbiyəsi kollektivinin tərkibində 356 min 778 gənc toplanmışdı. Həmin illərdə respublikamızda 10 nəfər SSRİ-nin əməkdar məşqçisi, 36 nəfər Azərbaycan SSRİ-nin bədən təriyəsi üzrə əməkdar işçisi, 150 nəfər Azərbaycan SSRİ-nin əməkdar məşqçisi, 114 nəfər beynəlxalq kateqoriyalı hakim adını daşıyırdı. Hər rayonun (şəhərin, qəsəbənin, kəndin, məhəllənin, məktəbin, sənaye müəssisəsinin) idman qurğuları ilə təmin olunması idmanın kütləviliyinə imkan verirdi. Azərbaycan idmançılarının hazırlığının yaxşılaşdırılması işində respublika fəallarının bədən tərbiyəsi və idmana həsr olunmuş 21 iyun 1974-cü il tarixli yığınacağı həlledici rol oynadı. Həmin yığınacaqda respublikada bədən tərbiyəsi və idman işinin vəziyyəti ətraflı və işgüzar təhlil olundu.
Elə həmin il avqustun 6-da Azərbaycan KP MK və respublika Nazirlər Sovetinin "Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onun daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərarı qəbul olundu. Respublikanın fəallar yığıncağından sonra isə idman qurğularının tikilməsi, kəndlərdə və digər yaşayış yerlərində bədən tərbiyəsi və idmanın inkişafına, respublikanın qabaqcıl idmançılarının ustalığının tərəqqisinə nail olunması kimi mühüm məsələlər qaldırıldı. Qərarda göstərilirdi ki, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olanların sayı son 10 ildə iki dəfədən çox artmış və 1974-cü ildə 886 min 433 nəfərə çatmışdır. Respublika rəhbərliyinin diqqəti sayəsində idmanın maddi-texniki bazasının gücləndirilməsinə, bədən tərbiyəsi və idmanın kütləviliyinin genişlənməsinə və inkişafına imkan yaranmışdı. Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısının nəticəsində 1974-cü il sentyabrın 1-dən uşaq və gənclər idman məktəblərində və yüksək idman ustalığı məktəblərində müasir elmi-metodik vasitələrin keyfiyyəti yüksəlmiş və təlim-məşq məşğələlərinin həcmi xeyli artırılmışdı.


1975-ci ildə futbol, yüngül atletika, idman oyunları üzrə respublika yüksək idman ustalığı məktəbləri, 1976-1980-ci illər ərzində isə şəhər və rayon bədən tərbiyəsi və idman komitələri yanında 14 idman məktəbi açılmışdı;
1975-ci ildən başlayaraq, ildə 4 dəfə Azərbaycan və rus dilində üç çap vərəqi həcmində idmana dair informasiya materialları məcmuəsi nəşr edilmişdi;
İdman obyektlərinin tikintisinin həcminin artması ilə əlaqədar olaraq Respublika Bədən Tərbiyəsi və İdman Komitəsində əsaslı tikinti şöbəsi yaradılmışdı;
Zəhmətkeşlər arasında sağlamlıq və kütləvi idman işi kökündən yaxşılaşdırılmış, ƏMH kompleksinin geniş təbliğ olunması sahəsində həmkarlar ittifaqı təşkilatlarının və könüllü idman cəmiyyətlərinin təşəbbüsü ilə əmək və təlim prosesində gimnastika təşkil edilmiş, sağlamlıq zonaları yaradılmış, yaşayış yerlərində bədən tərbiyəsi işi gücləndirilmişdi;
1975-1976-cı illərdə respublikanın 20 şəhər və rayon xalq maarif şöbəsinin metodik kabinetində fiziki tərbiyə üzrə metodiki vəsaitlər tətbiq edilmişdi;
Uşaq və gənclər idman məktəblərinin fəaliyyəti gücləndirilmiş, məşqçi-müəllim heyətinin tərkibi keyfiyyətcə yaxşılaşdırılmış, uşaq və gənclər idman məktəblərində təlim - tərbiyə prosesinin səviyyəsi yüksəldilmişdi;
Elmi-Tədqiqat Pedaqogika İnstitutu yanında fiziki tərbiyə və ibtidai hərbi hazırlıq bölməsi yaradılmışdı. "Azərbaycan məktəbi” jurnalının əlavəsi kimi "Məktəbdə bədən tərbiyəsi” adlı bülleteni buraxılmışdı;
Respublikanın rayon və şəhərlərində idman üzrə ixtisaslaşma aparılmış, gimnastika, yüngül atletika, üzgüçülük, avarçəkmə, qılıncoynatma və idmanın digər növləri üzrə ehtiyat qüvvələr hazırlamaq üçün müddəti uzadılmış siniflər təşkil edilmişdi;
Şagirdlər arasında bədən tərbiyəsi və idman işi xeyli yaxşılaşdırılmış, texniki peşə məktəblərində idman kompleksləri yaradılmışdı;
Zəhmətkeşlər arasında kütləvi sağlamlıq işi yaxşılaşdırılmış, sağlamlıq zonaları şəbəkəsi genişləndirilmiş, müalicə bədən tərbiyəsi inkişaf etdirilmişdi;
1974-1976-cı illər ərzində Mingəçevir, Lənkəran, Şəki şəhərlərində bədən tərbiyəsi dispanserləri açılmış, bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərə xidmət üçün həkim kabinetləri şəbəkəsi genişləndirilmişdi;
1975-1976-cı tədris ilindən etibarən, N.Nərimanov adına ADTİ-də (indiki Azərbaycan Tibb Universiteti) həkim nəzarəti və müalicə bədən tərbiyəsi ixtisası üzrə internatura təşkil edilmişdi;
"Neftçi” futbol komandasının maddi-texniki bazası möhkəmləndirilmiş və bazanın tikintisi 1975-ci ildə başa çatdırılmışdı;
1975-1980-ci illərdə Bakı şəhərində idmanın Olimpiya növləri üzrə ixtisaslaşdırılmış idman qurğuları inşa edilmişdi;
Orta və səkkizillik məktəblərin yanında idman salonları, habelə atçılıq idman məktəbləri yaradılmışdı;
1975-80-cı illərdə Bakının mikrorayonlarında və digər yaşayış massivlərində idman qurğuları tikilib istifadəyə verilmişdi. Boş sahələri olan mövcud orta və səkkizillik məktəblərin binalarına bitişik idman salonları tikilmişdi;
Bədən tərbiyəsi və idmanın artan kütləviliyi və respublika atletlərinin ustalığının yüksəldilməsi zərurəti bədən tərbiyəsi və idman üzrə elmi-metodik işin kökündən dəyişdirilməsini tələb edirdi. Bu məqsədlə də 1975-ci ildə Respublika İdman Komitəsinin nəzdində bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən elmi-tədqiqat işlərinin koordinasiya mərkəzi, iki labotoriyası olan elmi-metodik kabinet yaradılmışdı. Elmi-metodik kabinet hər rübdə bir dəfə metodik tövsiyələr məcmuəsini dərc etməyə başlamışdı ki, bu da, təbii olaraq, elmi adı və dərəcəsi olan mütəxəssislərin hazırlanması işində, məşqlərin elmi əsaslar üzərində aparılmasında irəliyə doğru atılan mühüm addım idi.


Respublika idman təşkilatları yerli qadınların idmana cəlb edilməsinə böyük əhəmiyyət verirdilər. Təsadüfi deyil ki, Azərbaycan bədən tərbiyəsi təşkilatlarının bayrağı altında 128 mindən artıq qadın və qız cəmləşmişdi.
Lakin görülən bütün bu tədbirlərə baxmayaraq, qadın idman hərəkatının vüsəti qənaətbəxş sayıla bilməzdi. Hər şeydən əvvəl, bu, kənd yerlərində yaşayan qadınlara aid idi. Həvəskarların təşəbbüsü ilə Respublika İdman İttifaqı nəzdində qadın idmanının inkişaf etdirilməsi üçün xüsusi Şura yaradıldı. Bu cür ictimai təşkilatlar digər şəhər və rayonlarda da yaranmağa başladı. 1976-cı ilə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu 1089 qadın bitirmişdi. Göründüyü kimi, illər keçdikcə qadın idmançılarımızın sayı artırdı. 1969-cu ildən sonra Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı artmağa başlamışdır.
İdmana göstərilən dövlət qayğısı sayəsində idmançı qızlarımız arasında Azərbaycanın əməkdar məşqçi, əməkdar bədən tərbiyəsi və idman xadimi adını alanlar kifayət qədərdir. Larisa Savkina, Rəfiqə Şabanova, İnna Rıskal, Vera Lantratova, Nadejda Karpuxina, Valentina Popova, Esmira Əsgərova, Zemfira Meftahətdinova, İradə Aşumova, Aynur Sofiyeva, Tanya Mirinova, Arzu Atayeva, Firuzə Qasımova, Təranə Abbasova, Zülfiyyə Hüseynova, Gülşən Şirinova, Sevil Muradova və başqaları tanınmış idmançılardır.
Bədən tərbiyəsi və idmana dövlət qayğısı nəticəsində 1974-78-ci illərdə respublikada güclü mədəni-idman kompleksi də yaradılmışdır.
Azərbaycanda həmin illərdə 3349 klub, 4148 kitabxana, 95 muzey, 10580 idman qurğusu, o cümlədən 1.233 idman salonu, 62 stadion, 25 ücgüçülük hovuzu var idi. Mədəni-maarif və kütləvi bədən tərbiyəsi işi sahəsində müsbət təcrübə toplamış klublardan və idman qurğularından istifadə olunmasında onların rolu artmışdı.
Xarici komandalarla görüşlər də Azərbaycan idmançılarının təkmilləşməsində mühüm amillərdən biri idi. Həmin illərdə keçmiş sovet idmançılarının, o cümlədən Azərbaycan atletlərinin də sosialist ölkələri, inkişaf etmiş Asiya və Afrika ölkələri ilə əlaqələri möhkəmlənirdi. Azərbaycan məşqçiləri, bədən tərbiyəsi müəllimləri iş təcrübələrini yaymaq və idmançıları hazırlamaq məqsədilə müxtəlif ölkələrə göndərilirdi. Təsadüfi deyil ki, həmin illərdə azərbaycanlı mütəxəssislər İraq, Küveyt, Bolqarıstan, Əlcəzair kimi ölkələrdə çalışırdılar.

1991-1993-cü illərdə respublikamız böyük çətinliklərlə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Dahi şəxsiyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğur qazanaraq, bütün dünyada tanınmağa başladı. Eyni zamanda, ölkəmizdə idman və Olimpiya Hərəkatı özünün yüksəliş dövrünə qədəm qoydu.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyatımızın digər sahələrində inkişafa nail olunduğu kimi, bədən tərbiyəsi və idmanın kütləviliyi də geniş vüsət aldı. Respublikamızın keçid dövründə Azərbaycan gənclərinin qarşılaşdığı çətinliklər, şübhəsiz, mövcud idi. 1982-ci ilin ortalarından etibarən respublikada gənclərin taleyinə laqeyd münasibət göstərilməsi nəticəsində gənc nəsil çox kəskin problemlərlə üz-üzə qalmışdı. Hətta gənclərin problemlərinin həlli ilə məşğul olan dövlət qurumu da yox idi. Məhz ulu öndər ümummilli lider Heydər Əliyevin 179 saylı Fərmanına əsasən 1994-cü ili respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar. Məhz həmin ildən müstəqil Azərbaycan dövləti rəsmən bədən tərbiyəsi və idmana sahib çıxdığını bəyan etmiş, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta yetirmişdir.

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildə Azərbaycanda İdman Fondu yaradıldı. İdmanın inkişafı üçün Prezident Fondundan vəsait ayrıldı. Ulu öndərin dövlətimizə rəhbərlik etdiyi illər ərzində idmanın maddi-texniki bazası möhkəmlənmiş, bədən tərbiyəsi və idman kütləviləşmiş, ölkəmiz Olimpiya oyunlarında layiqincə təmsil olunmuşdur. Ulu öndərimiz idmanın hər bir ölkə üçün beynəlxalq miqyasda da böyük siyasi əhəmiyyət kəsb etdiyini həmişə ön plana çəkmişdir. Ümummilli liderimiz ölkənin xoşbəxt gələcəyini gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsində görürdü. Azərbaycanın tarixinə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev bu xüsusiyyətlər arasında idmana meyli yüksək dəyərləndirirdi: "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fizki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir”.
Ümumilli liderin idman və bədən tərbiyəsinin, Olimpiya Hərəkatının mahiyyəti, funksiyaları, cəmiyyətdəki rolu haqqında fikirləri, gördüyü işlər zaman-zaman təhlil və tədqiqatların mərkəzinə çevriləcəkdir. Ulu öndərin Azərbaycanda bədən tərbiyəsinin, idmanın inkişafı, eləcə də Olimpiya Hərəkatının genişlənməsi istiqamətində gördüyü işlər mahiyyətinə və miqyasına görə son dərəcə fərqlənir. İdman və bədən tərbiyəsini hər bir sivilizasiyalı xalqda, ölkədə vətəndaşların həyat tərzinin mühüm hissəsi sayan Heydər Əliyevin arzularından biri də hər bir Azərbaycan vətəndaşının bədən tərbiyəsi və idmanla məşğul olması idi. Müdrik rəhbər deyirdi: "Bizim məqsədimiz bütün Azərbaycan xalqının sağlamlığını - həm fiziki, həm də mənəvi, əqli sağlamlığını təmin etməkdir”.
Heydər Əliyev 1995-ci ildə idman tədbirlərinin birində çıxışı zamanı bu sahənin daha da inkişaf etdirilməsi üçün tövsiyələrini verərək demişdi: "İndi müstəqil Azərbaycanda idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan yaradılmışdır. Bu imkanlardan Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. Biz indi müstəqil dövlət kimi dünya miqyasında keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə iştirak edirik və bu baxımdan, Azərbaycan idmançılarının müxtəlif beynəlxalq idman yarışlarında iştirak etməsi respublikamız üçün çox əhəmiyyətlidir”.
Heydər Əliyev beynəlxalq yarışlar arasında Olimpiya oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzinə çəkirdi. O, bu barədə demişdi: "Olimpiya oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya oyunlarında təmsil olunsun”.

Ulu öndər idmançının Olimpiya oyunlarında iştirak etməsini böyük nailiyyət kimi qiymətləndirirdi. 1996-cı ildə Atlanta Olimpiadasına yola düşməzdən əvvəl idmançılarla keçirilən görüşdə Heydər Əliyev olimpiadada iştirakın vacibliyini xüsusi vurğulayaraq demişdi: "Olimpiya oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmasa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti nə qədər çalışsa, o nailiyyəti əldə edə bilməyən idmançı yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. Sizin, yəni Azərbaycan Respublikasının komandasının XXVI Yay Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir”.
İdmançılarımız Atlanta Olimpiadasında ölkəmizi layiqincə təmsil etdilər və sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medal qazandı. Olimpiadadan qayıtdıqdan sonra Prezident Aparatında keçirilən görüşdə Heydər Əliyev Namiq Abdullayevin gümüş medalının qızıla bərabər olduğunu bildirdi.
Heydər Əliyevin Azərbaycan idmanının və Olimpiya Hərəkatının inkişafında ən böyük xidmətlərindən biri də onun Azərbaycanda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi üçün qərar və göstərişlər verməsindən ibarətdir. Ümummilli lider ölkəmizə gələn yüksək rütbəli idman rəhbərlərini və xadimlərini şəxsən özü qəbul etmiş və onları Azərbaycanla sıx əməkdaşlığa çağırmışdır.
Azərbaycan Prezidentinin idmana göstərdiyi diqqət və qayğı beynəlxalq idman və Olimpiya təşkilatlarında da böyük əks-sədaya səbəb oldu. 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyasının İslandiyanın Reykyavik şəhərindəki Baş Məclisində Azərbaycan Prezidenti Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimlərinə verilən "Olimpiya ləyaqəti” mükafatı ilə təltif olundu.
1997-ci ildən Azərbaycan idmanı və Olimpiya Hərəkatının yeni dövrü başlandı. Ölkədə idmanın və Olimpiya Hərəkatının inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində qətiyyətli addımlar atıldı. 1998-ci ilin fevralında Azərbaycan Respublikası Prezidenti "XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” Sərəncam imzaladı. Bu sərəncam Olimpiya oyunlarının hazırlıq işinə güclü təkan verdi.
2000-ci il avqustun 25-də Zuğulbadakı "Gənclik” kompleksində XXVII Yay Olimpiya Oynlarına gedən idmançılarla Prezidentin görüşü oldu. Həmin görüşdə dövlət başçısı dörd il əvvəl olduğu kimi, bu dəfə də olimpiyaçılara xeyir-duasını, tövsiyələrini verdi, onlara uğurlar arzuladı. Sidneydə idmançılarımız iki qızıl, bir bürünc medal qazanaraq 199 ölkə arasında 34-cü yeri tutdular. Sidney Olimpiadasından sonra olimpiyaçıları qəbul edən Azərbaycan Respublikasının Prezidenti onların nəticələrini yüksək qiymətləndirdi. O, idmançılarımızın bu olimpiadadakı qələbəsini müstəqil Azərbaycanın ən böyük uğuru kimi dəyərləndirdi: "Bu gün, eyni zamanda, bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır”. Prezidentin sərəncamı ilə olimpiadanın medalçıları və onların məşqçiləri Azərbaycanın yüksək orden və medalları ilə təltif olundular.

Sidney Olimpiadasından sönra dövlət başçısının şəxsi təşəbbüsü və dəstəyi ilə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində böyük işlər görüldü. 2002-ci ildə Azərbaycan idmanının inkişafında müstəsna rol oynamış Milli Olimpiya Komitəsinin onillik yubileyi qeyd olundu. Yubiley tədbirində iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev öz geniş nitqində ölkə idmanının sürətlə inkişafına, Olimpiya Hərəkatının gündən-günə genişlənməsinə münasibətini bildirərək Azərbaycan idmanının parlaq gələcəyinə inandığını xüsusi vurğuladı: "İnanıram ki, bizim yüksək nəticələr əldə edən idmançılarımızın sayı artacaqdır. İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaqdır. İnanıram ki, Azərbaycan gəncliyi fiziki, zehni cəhətdən daha da yüksək olacaqdır”.
Ulu öndərimizin öyüd və nəsihətlərini, tövsiyələrini həmişə uca tutan idmançılarımız Heydər Əliyevin bu inamını ləyaqətlə doğrultdular.
Heydər Əliyevin çıxışlarında səslənən "Azərbaycan Milli Olimpiya Komitəsinin qurub yaratdıqları bir adam üçün deyil, millət, xalq, ölkədə idmanın inkişafı üçündür”, "Biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk”, "Biz quruculuq işlərini aparmışıq, apırırıq və gələcəkdə daha sürətlə aparacağıq”, "Gələcək Olimpiya oyunlarına qədər Azərbaycanda idman daha da yüksələcək, daha da yüksək inkişaf edəcəkdir” kəlamları bu gün də idmançılarımızı böyük qələbələrə ruhlandırır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün sahələrdə ölkənin gələcək inkişafı istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəni Heydər Əliyevin təyin etdiyi xətlə çox böyük uğurla irəliyə aparır. Bu, idmanda da əsas istiqamət kimi götürülüb. İdman sahəsində də ümummilli liderin təməlini qoyduğu ənənə davam etdirilir.
Ötən illər ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə idman öz yüksəliş dövrünü yaşayır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Təmsilçilərimiz müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda keçirilən yarışlarda uğurla çıxış edərək, yüksək nailiyyətlər qazanırlar. Respublikamızın hər yerində müasir Olimpiya idman kompleksləri, meydançalar, idman mərkəzləri və digər qurğular inşa edilib və edilməkdədir. Ölkəmizin hər yerində yeniyetmə və gənc idmançıların idmanla məşğul olmaları üçün lazımi şərait yaradılıb. Heç də təsadüfi deyil ki, ölkəmizdə ayrı-ayrı idman növləri üzrə çoxlu mötəbər turnirlər keçirilir. Azərbaycan bu yarışlara yüksək səviyyədə ev sahibliyi edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyətinin araşdırılması illər, bəlkə də onilliklər tələb edir, amma əlbəttə, ki, hamını eyni dərəcədə bildiyi çox adi bir həqiqət də var: Heydər Əliyev tarixin Azərbaycan xalqı üçün bəxş etdiyi misilsiz bir şəxsiyyət idi.

Dilqəm Quliyev,
pedaqogika üzrə
elmlər doktoru,
professor


23682 oxunub

InvestAZ