Bu gün Azərbaycan boksu deyəndə, ağıla ilk olaraq yetərincə güclü idmançılarımız gəlir. Bu idmançılar arasında dünya, Avropa və Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alan boksçularımız da az deyil.
Azərbaycan boksunun ən məşhur simalarından biri də heç şübhəsiz ki, 57 kq çəki dərəcəsində çıxış etmiş Şahin İmranovdur. Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc, 2002-ci ildə Rusiyada, 2006-cı ildə isə Bolqarıstanda Avropa çempionatının gümüş mükafatçısı olan qəhrəmanımız karyerasını zədələr səbəbindən erkən başa vurdu.
Zədələrlə üzləşən Olimpiya mükafatçımızın uğur yolu heç də asan olmayıb. Hazırda Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı kimi Gömrük İdman Sağlamlıq Mərkəzində çalışan Şahin İmranov həm də boks üzrə gənclərdən ibarət millimizin məşqçilərindən biridir. Bu günlərdə Tərəqqi medallı, Əməkdar idman ustası Şahin İmranovla həmsöhbət olduq. Müsahibimiz bizi maraqlandıran sualları səmimi cavablandırdı.
- Şahin müəllim, uzun müddətdir ki, mətbuatdan uzaq gəzirsiniz. Buna səbəb nədir?
- Yəqin ki, böyük yeniliklərin olmaması ilə bağlıdır. Bildiyiniz kimi 2019-cu ildən gənclərdən ibarət yığma komandaya məşqçi təyin olunmuşam. Bu müddət ərzində dünya və Avropa çempionatlarında iştirak etdik. Pandemiyaya görə çətin vaxtlar olsa da, bu yarışlarda bürünc medallar əldə etməyi bacardıq.
- İstərdik ki, bir qədər əvvələ qayıdaq. Bildiyimizə görə, boksdan əvvəl sərbəst güləş idman növündə gücünüzü sınamısınız. Güləşdə qalmamağınıza səbəb nə oldu?
- Buna səbəb ətrafımdakı dostlarımın və həmyaşıdlarımın əksəriyyətinin boksu seçməsi idi. Mən də onlara qoşularaq boks məşqlərini izləməyə getdim. Beləliklə, boksu sevdim və güləşdən ayrılaraq bu idman növünə üz tutdum. Amma etiraf edim ki, güləşdə də pis deyildim. Kim bilir, bəlkə güləşdə qalsaydım daha böyük nəticələr əldə edərdim. Amma bu, Allahın qismətidir. Hər kəsin bir qisməti var. Görünür, mənim də qismətimə boksla məşğul olmaq yazılıb.
- Sizi bir qədər şanssız idmançı adlandırmaq olar. Yəqin ki, özünüz də bununla razılaşarsınız. Bu sizdə ruh düşkünlüyü yaratmırdı ki?
- Yəqin ki, qaşımla bağlı problemlərimi nəzərdə tutursunuz. Mənim qaşla bağlı çox ciddi problemlərim olub. Təəssüf ki, həmin zədələri həmişə böyük yarışlarda və əsasən də qalib gəldiyim döyüşlərdə almışam. İlk dəfə zədəm 2002-ci ildə Rusiyanın Perm şəhərində keçirilən Avropa çempionatında oldu. Finaldakı rəqibim təcrübəli rusiyalı boksçu idi. Döyüşdə 6:5 hesabı ilə üstün olsam da qaşımdan aldığım zədəyə görə döyüşü uduzdum, ikinci yerlə kifayətləndim. Afina-2004 Yay Olimpiya Oyunlarında da həmçinin eyni zədə səbəbindən mükafatsız qaldım. Bu Oyunlarda rusiyalı boksçu Aleksey Tişenkoya 10 xal fərqlə qalib gəlirdim. Əgər qaşımdan zədə almasaydım, döyüşü qələbə ilə başa vura bilərdim. Məğlub olduğum rusiyalı boksçu həmin olimpiadanın qalibi oldu. Olimpiya Oyunlarında uduzandan sonra təəssüfləndim. Qalib gəldiyin döyüşü zədəyə görə uduzmaq bu, insana çox pis təsir edir. Amma bununla belə təslim olmaq istəmirdim, çalışırdım ki, ruhdan düşməyim. Məşqçim Məmməd Eyvazovun mənə güvənməsi isə inamımı daha da artırırdı. Qərar verdim ki, həvəsdən düşməyəcəyəm, nəyin bahasına olursa olsun, daha yaxşı hazırlaşıb, Olimpiya Oyunlarında yenidən iştirak edərək medal qazanacağam. Bu potensialı özümdə görürdüm.
- Nəticədə bu şanssızlığın fonunda Olimpiya mükafatını qazanmağa nail oldunuz.
- Pekin-2008 Yay Olimpiya Oyunlarına qədər bəzi komanda yoldaşlarım boksdan uzaqlaşdılar. Əvvəlki komandadan tək mən qalmışdım. Pekinə iki boksçu ilə yollandıq. Afina ilə müqayisədə bu dəfə daha təcrübəli idim. Boks üzrə Azərbaycan yığma komandasının kapitanlığını daşıyırdım. Döyüşlərə gələndə elə də asan rəqiblərlə düşməmişdim. İlk mərhələdə qazaxıstanlı dünya çempionu Qalib Cəfərovla üz-üzə gəldim. Bu döyüşə qədər ümumilikdə 3:2 onu üstələyirdim. Qalib Cəfərovu məğlub etdikdən sonra növbəti mərhələdə gürcüstanlı Nikoloz İzoriya qalib gəldim. 1/4 finalda isə kubalı İdel Toryenteni üstələdim. Amma Əlcəzair əsilli fransalı boksçu ilə döyüşdə zədələndiyim üçün qələbə rəqibə verildi. Beləliklə, Pekin-2008-i bürünc medalla başa vurdum. Bu həm də karyeramın son uğuru oldu.
- Qeyd etdiniz ki, qaşınızdan aldığınız zədələrə görə bəzi həlledici döyüşləri yarımçıq dayandırmısınız. Qaşınızın tez-tez partlamasına səbəb nə idi?
- Mənim alnım çıxıntılı idi. Çəki saldığım üçün isə sifətim arıqlayırdı. O vaxtlar döyüşə dəbilqə ilə çıxırdıq. Dəbilqəni taxanda da qaşımı sıxırdı. Bu da qaşımın tez-tez partlamasına səbəb olurdu. O vaxt Pekin Olimpiya Oyunlarından qayıdandan sonra Almaniyadan peşəkar boksla bağlı təklif gəlmişdi. Federasiya rəhbərliyi bu barədə məni məlumatlandırdı. Amma həmin vaxt çiynimdə və qolumda zədələrim olduğu üçün bu məsələni təxirə saldıq. Çünki peşəkar boksda açıq zərbələr çox olur və bu da qaşımın tez-tez partlamasına səbəb olacaqdı. Beləcə idmandan uzaqlaşdım. Çünki qaşımla bağlı çox əziyyət çəkirdim. Dəfələrlə böyük hesabla irəlidə olduğum görüşləri bu zədəyə görə texniki məğlubiyyətlə başa vururdum.
- Bildiyimizə görə, Pekin Olimpiadası üçün 11 kq çəki salmışdınız. Maraqlıdır, niyə görə çəkinizi dəyişmirdiniz? Yəqin ki, daha yüksək çəkidə də döyüşə bilərdiniz.
- Əslində, Afina Olimpiya Oyunlarından sonra fikrim var idi ki, çəkimi dəyişim. Amma böyük boksda çəki dəyişmək elə də asan deyildi. Mən iki çəkidə döyüşürdüm. Beynəlxalq turnirlərdə hər zaman 60 kq-da, dünya, Avropa çempionatlarında isə 57 kq-da çıxış edirdim. O vaxt bizim mehriban komandamız var idi. 60 kq çəkidə yaxşı boksçular da vardı, xüsusən də Ramal Amanovu qeyd edərdim. Çəki dəyişməməyin səbəbi həm də bu mehribanlığa görə idi. Hamı Olimpiya Oyunları haqda düşünürdü. İstəmirdik ki, kimsə kiminsə çəkisinə girsin. Dediyiniz 11 kq çəkiyə gəlincə isə mənim həmin vaxt zədəm var idi. Ona görə yüngül məşqlər edirdim və yaxşı çəki sala bilmirdim. Bir də gördüm ki, çəkim çox artıb. Əvvəl 4-5 kq çəki salırdımsa, bu dəfə 11 kq çəki saldım. Yuxarı çəkidə döyüşməməyimin bir səbəbi komanda yoldaşlarımın çəkisinə girməmək idisə, digər səbəbi də boyumun o qədər də hündür olmaması ilə bağlı idi.
"Çalışırdım ki, heç olmazsa
hissiyyatım
ölməsin”
- Pekin Olimpiadasından əvvəl qolunuzda zədələriniz də var idi. Hətta həmin yarışa qədər çox çətinliklə bərpa olundunuz.
- İtaliyadakı yarışda möhkəm zədə almışdım. Vətərimin 75 faizi qopmuşdu. Demək olar ki, Pekin Olimpiya Oyunlarına yollanana qədər zərbədən istifadə etmədim. Ancaq müalicə olunurdum. Gənclər və İdman Nazirliyi mənim üçün 3 həkim ayırmışdı. Olimpiadaya çox çətinliklə hazırlaşırdım. Hətta hərdən düşünürdüm ki, mən Pekinə nəyə görə gedirəm? Çünki mən hansısa boksçuya "hədiyə” idim. Çalışırdım ki, uşaqlarla yüngül məşqlər edim ki, heç olmasa hissiyyatım ölməsin. Amma Allaha şükürlər olsun ki, sonuncu olimpiadamda bütün çətinliklərə baxmayaraq Vətənə medalla qayıtdım. Deyərdim ki, Pekin Olimpiadasında ən çox təcrübəmə görə medal qazandım.
- Azərbaycan boksçuları son 6 olimpiadada 9 medal qazanıblar. Amma təəssüf ki, 9 medalın heç birinin əyarı qızıl olmayıb. Sizcə buna səbəb nədir?
- Hərdən Vüqar Ələkbərov mənə zarafatla deyir ki, Şahin, təməli elə qoymusan ki, bu tilsimi heç kəs sındıra bilmir. Bu Olimpiya Oyunlarıdır, sürprizlərlə doludur. Mən bunu dövrlərlə əlaqələndirərdim. Elə dövr olub ki, şanssızlıqla üzləşmişik. Elə dövr də olub ki, hakim haqsızlığı və təcrübə çatmayıb.
- Tokio-2020-dən sonra Azərbaycan boksçularının çıxışını necə dəyərləndirirsiniz?
- Tokio Olimpiadası çox pis dövrə təsadüf etdi. Komandamız pandemiyaya görə bir sıra yarışlarda və təlim-məşq toplanışlarında iştirak edə bilmədi. Döyüşlərdən danışsaq, Tayfur Əliyevin və Cavid Çələbiyevin qarşılaşmalarında haqsızlıq oldu. Cavidin döyüşündə qələbəni boksçumuza versəydilər, idmançımız yüz faiz medal döyüşünə qədər gedəcəkdi. Qələbəni onun əlindən aldılar. Düzünü desəm, ən çox Məhəmmədə, Cavidə və Alfonso Domingesə ümid bəsləyirdim. Onlardan yalnız Alfonso Dominges medal qazandı. Amma ümumilikdə götürəndə pandemiyanı və yaranan çətinliyi nəzərə alsaq, pis nəticə deyildi.
- Amma pandemiya tək Azərbaycanda deyildi, bütün dünyada var idi.
- Bəli elədir. Amma dünyanın bütün ölkələri bu yarışlara yüksək səviyyədə hazırlaşırdı. Özbəklər, ruslar, qazaxlar və digər ölkələrin təmsilçiləri bu mötəbər yarışa ciddi hazırlaşırdılar. Onların hər biri ilə əlaqəm var idi. Pandemiyaya baxmayaraq, il ərzində məşqlərindən geri qalmırdılar.
"Elə bir boksçunu olimpiadaya
aparmaq düzgün
addım deyildi”
- Şahin müəllim, legionerlərin komandaya cəlb olunması prosesinə necə baxırsınız?
- Tokio Olimpiadasında Lorenzo Sotomayoru çıxmaq şərti ilə komanda pis deyildi. Düzdür, Lorenzo Rio Olimpiadasında gümüş medal qazanmışdı, amma son illərə nəzər salanda o, 5 yarışda ard-arda nokautla məğlub olmuşdu. Fikrimcə, elə bir boksçunu olimpiadaya aparmaq düzgün addım deyildi. Onun əvəzinə yaxşı boksçularımız var idi ki, Sotomayor qədər təlim-məşq toplanışlarına aparılsa idi, nəticə verə bilərdi. Məsələn 69 kq çəki dərəcəsində olan Elnur adında gənc boksçumuz var idi ki, Sotomayoru nokautla məğlub etmişdi. Lakin Elnur bir yarışda məğlub olan kimi, ona dedilər ki, zəifdir. Amma onu davamlı olaraq təlim-məşqlərə və yarışlara aparmalı idilər. Bir yarışla onu kənar qoymaq olmazdı. Legionerlərlə yanaşı, gənclərə də üstünlük vermək lazımdır. Bundan başqa bir-iki boksçumuz var idi ki, onların yerinə heyfslənirəm. Çünki karyeralarını erkən başa vurdular. Elvin Məmişzadə və Teymur Məmmədovu nəzərdə tuturam. Bilmirəm, nəyə görə acıq etdilər, amma bu qərarı verməklə özlərinə də pislik etdilər. Hər iki boksçunun komandada olmaması həm özlərini, həm də komandanı pis vəziyyətə saldı. Onların Tokio Olimpiadasında medal qazanmaq üçün əsl vaxtları idi. Amma bilmədim kimə acıq etdilər, nə idisə özlərinə də pislik etdilər. Səhv etmirəmsə o vaxtı məşqçilərlə yola getmədilər. Əgər Tokiodakı heyətdə Elvin və Teymur da olsa idi, tam hazır komandamız olardı.
- Bu gün Azərbaycan boksunu necə görürsünüz? Sizcə çətinliklər və problemlər nədədir?
- Bir vaxtlar özbək boksu çətin günlərini yaşayırdı. Asiyalılar yarışlarda nəticə qazana bilmirdilər. Amma bir baxın, bu gün özbəklər dünyada ən güclü komandalardan biri hesab olunur. Olimpiya Oyunlarında, xüsusilə də Rio-2016-da yüksək nəticələr qazandılar. Biz onların məşqçiləri ilə söhbət edəndə onlar dedilər ki, biz nəsil dəyişikliyini, yaranan boşluğu doldurmağın yeganə yolunu regionlara kəndlərə üz tutmaqda gördük. Özbəklər illərlə elə də yüksək nəticə ilə yadda qalmadılar. Ancaq regionlarda seleksiya işləri ilə məşğul oldular. Nəticədə 3-5 ilə gözəl komanda ortaya çıxardılar. Bu gün də həmin komandanın sistemli şəkildə davamını gətirirlər. Bir işdə əgər sistem yoxdursa, həmin iş heç vaxt ardıcıl gedə bilməz. Azərbaycanda da bu, belə olmalıdır. Əvvəllər, Sumqayıt, Gəncə, Siyəzən, Astaradan yaxşı boksçular çıxırdı. Əsas üstünlüyü həmin yerlərə vermək lazımdır. Regionlarda istedadlı boksçuları tapıb paytaxta gətirmək lazımdır. Bunun üçün bölgələrə güclü mütəxəssislər cəlb olunmalı, məşqçilərə normal maaş verilməlidir, ki, məşqçilərin gözü heç yerdə qalmasın. Məşqçiyə maaş verilmiyəndə, dolanışıq olmayanda o başqa işlərlə məşğul olmağa başlayır. İki nəfər uşaq tapıb, yarışa iştirak və medal xatirinə aparmaqla nəticə əldə etmək mümkün olmayacaq. Normal maaş verildikdə, maraq yaradıldıqda məşqçi də həvəslə işləyəcək və nəticəli boksçular ortaya çıxaracaq.
Hazırda Azərbaycan Boks Federasiyasında yeni rəhbər dəyişikliyi olub. Federasiyanın yeni hədəfləri müəyyənləşib. İnanıram ki, yeni rəhbərlik bu çətinlikləri aradan qaldırmağa müvəffəq olacaq.
- Maraqlıdır, karyeranız ərzində ən çox nəyə təəssüf hissi keçirirsiniz?
- Allaha şükürlər olsun ki, Olimpiya Oyunlarında medal qazandım. Təəssüf hissi keçirdiyim bir məqam odur ki, Olimpiya çempionu tituluna yiyələnə bilmədim. Amma qeyd etdiyim kimi buna da şükürlər olsun.
Azər Əlizadə
46438 oxunub