XƏBƏR LENTİ
27 May 2022
25 May 2022
24 May 2022
19 May 2022
17 May 2022
12 May 2022
11 May 2022



Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimat mərasimi keçirilib
İdman 19:45 / 18.01.2022
Bu gün "Park İnn” hoteldə Milli Olimpiya Komitəsinin (MOK) Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı rəsmi təqdimat mərasimi təşkil olunub. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Çinin Azərbaycandakı səfiri xanım Qo Min, Olimpiya çempionları və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Pekin-2022-yə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra tədbir rəsmi çıxışlarla davam edib. Əvvəlcə çıxış edən MOK-un vitse-prezidenti Ç.Hüseynzadə Azərbaycanın Pekin-2022 Qış Olimpiya Oyunlarında fərdi fiqurlu konkisürmə idman növündə iki idmançı ilə təmsil olunacağını bildirdi. Pekin-2022-də idmançılarımızdan Yekaterina Ryabova və Vladimir Litvintsev mübarizə aparacaqlar. Pxençan-2018 Qış Olimpiya Oyunlarında ölkəmiz cəmi bir idmançı ilə dağ xizəyi yarışında təmsil olunmuşdu. Fevralın 4-20-də keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyəti 10 nəfərdən artıq olacaq.
Çingiz Hüseynzadə sonuncu Avropa çempionatında Yekaterina Ryabovanın 7-ci yeri tutduğunu xatırladıb. O, Pekindəki Qış Olimpiya Oyunlarında da nəticələrin sevindirici olacağına inandığını bildirib.
Ç.Hüseynzadə Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarının adını da açıqlayıb. O, bayraqdarın Vladimir Litvintsev olacağını bildirib. MOK rəsmisi həm təşkilatçılara, həm də iştirakçılara uğurlar və təhlükəsiz yarış arzulayıb.
Sonra Estoniyada keçirilən Avropa çempionatında iştirak etdikləri üçün bu tədbirə qatıla bilməyən Yekaterina Ryabova və Vladimir Litvintsevin videomüraciətləri nümayiş olunub.
Çinin Azərbaycandakı səfiri xanım Qo Min mərasimin yüksək səviyyədə təşkilinə görə MOK rəhbərliyinə təşəkkür edib. "Azərbaycan Cənubi Qafqazın idman ölkəsidir”, - deyən xanım səfir bunun Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olduğunu qeyd edib. Diplomat bildirib: "Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycanda idman sürətlə inkişaf edir və atletləriniz beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanırlar”.
"Çin dünyaya möhtəşəm, eksklüziv və qeyri-adi Olimpiya Oyunları bəxş etməyi beynəlxalq ictimaiyyət qarşısında özünə borc bilir”, - deyən Q.Min "Birlikdə birgə gələcək naminə” şüarı altında keçiriləcək Qış Olimpiya Oyunlarında idmançılara və iştirakçılara uğurlar arzulayıb.
MOK-un Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan təqdimat mərasimi Azərbaycan milli komandasının rəsmi formasının nümayişi ilə başa çatıb. Milli-mənəvi dəyərlərimizin rəmzlərini əks etdirən geyim dəstində qış fəslinin ruhu və rəngləri təcəssüm olunub.


3860 oxunub

InvestAZ