KİV idman üçün
nə deməkdir?
Son
15-20 ildə Olimpiya Hərəkatının inkişafında, Olimpiya oyunlarının
işıqlandırılmasında mətbuatın, radio və televiziyanın gördüyü işlər çox
yüksək qiymətləndirilir. Müasir dövrdə Kütləvi İnformasiya Vasitələri
(KİV) iri miqyaslı yarışlarının, birinci növbədə Olimpiya oyunlarının
bərabərhüquqlu və fəal iştirakçılarına çevriliblər. Bu gün dünyanın ən
möhtəşəm idman bayramının uğurla keçib-keçməməsini təkcə yarış
iştirakçılarının sayı, göstərdikləri nəticələr, habelə rekordların
miqdarı ilə deyil, həm də yarışları mavi ekranlardan izləyənlərin, radio
dalğalarında dinləyənlərin və akkreditasiyadan keçmiş jurnalistlərin
sayına görə müəyyən edirlər.
Onların rolu əvəzsizdir
KİV
ayrı-ayrı idmançıların və idman növlərinin populyarlaşmasında, onların
texnika və taktikasının işıqlandırılmasında, yarış mübarizəsinin əsas
xüsusiyyətlərinin əks etdirilməsində, qeyri-idmanı hərəkətlərə, əxlaqi
problemlərə və nöqsanlara münasibətdə və nəhayət, son nəticədə Olimpiya
Hərəkatının tərəqqisində müstəsna rol oynayır. Təsadüfi deyildir ki,
əvvəllər o qədər də məşhur olmayan bir çox idman növlərinin
populyarlaşması məhz, mətbuat, radio və televiziyanın adı ilə bağlıdır.
Kütləvi informasiya vasitələri, xüsusi ilə də televiziyanın köməyi
sayəsində idman böyük ictimai rezonans qazanmış, onun yeni maliyyə
mənbələri aşkar edilmiş və idmançılara yardım proqramlarına və reklama
geniş yer verilmişdir.
Müasir imkanlara malik KİV az tanınmış
idmançını çox qısa bir vaxtda bir nömrəli ulduza çevirmək iqtidarına
malikdir. Kütləvi İnformasiya Vasitələri dünyanın müxtəlif ölkə və
şəhərlərində yarışları canlı translyasiya etməklə tamaşaçı ilə idmançı
arasında ünsiyyət yaradır, insanları, azarkeşləri idmançılarla birgə
həyəcanlanmağa, sevinməyə vadar edir, onların kədərinə şərik olmağa
çağırır.
Olimpiya oyunları və KİV arasında qarşılıqlı əlaqənin
yaranması yay və qış Olimpiadalarının televiziya üçün kommersiya
əhəmiyyəti daşımağa başladığı 70-ci illərə təsadüf edir.
Beynəlxalq
Olimpiya Komitəsi və oyunların təşkilat komitələri Olimpiya yarışlarının
televiziya ilə translyasiya edilməsindən böyük məbləğdə gəlir
götürürlər. Statistik göstəricilərə görə, müxtəlif illərdə Olimpiya
oyunlarından əldə olunan gəlirin artım səviyyəsi aşağıdakı kimidir: yay
Olimpiya oyunlarından 1984-cü ildə 297 milyon, 1992-ci ildə 636, 2000-ci
ildə 1100, qış Olimpiya oyunlarından isə 1984-cü ildə 103, 1992-ci ildə
292, 1998-ci ildə 509 milyon dollar.
KİV və Olimpiya oyunları
Teleşirkətlərin
Olimpiya oyunlarına təsiri Olimpiya proqramına yeni idman növlərinin
daxil edilməsi, kommersiya əhəmiyyətli yarış növlərinin
planlaşdırılması, turnirlərə daha çox peşəkarların cəlb edilməsi və
nəticədə bu yarışlara tamaşaçı və sponsorların marağının artmasına
gətirib çıxarır.
Televiziyanın Olimpiya oyunlarının açılışı və
bağlanışı mərasimlərinə böyük təsir var. Olimpiya təşkilat komitələri
hər növbəti Olimpiadanı əvvəlkindən daha yaxşı və daha rəngarəng
keçirmək üçün "dəridan-qabıqdan” çıxırlar. Təşkilatçılar bunu Olimpiya
mərasimlərinə böyük marağı olan çoxsaylı tamaşaçı auiditoriyasının
istəyini nəzərə alan teleşirkətlərin tələbinə uyğun edirlər. Əlbəttə ki,
bu da öz növbəsində onlara böyük pul vəsaiti hesabına başa gəlir.
Məsələn, 1996-cı il Atlanta Olimpiya Oyunlarının təşkilat komitəsi
açılış və bağlanış mərasimi təşkil olunması üçün 20 milyon dollar vəsait
xərcləməli olmuşdu.
Müasir dövrdə Kütləvi İnformasiya Vasitələri
peşəkar idman ənənələrinin Olimpiya arenasında əks etdirilməsində də
əhəmiyyətli rol oynayırlar.
İdman biznesi və
televiziya
Şou-biznesin
idmana təzyiqi ildən-ilə nəzərəçarpacaq dərəcədə artır. Bu hər şeydən
əvvəl televiziya və sponsorların şou-biznesə qoyduğu böyük maliyyə
vasitələri ilə izah olunur. Son vaxtlar televiziyanın sifarişi ilə
təşkil olunmuş idman yarışlarının sayı artmışdır. Buna görə də Olimpiya
Hərəkatı kimi Kütləvi İnformasiya Vasitələrinin qarşısında da Olimpiya
strategiyasının işıqlandırılması sahəsində böyük vəzifələr durur.
Olimpiyanın və peşəkar idmanın insan fəaliyyətinin müxtəlif sahələri
olduğu heç kimə sirr deyil. Peşəkar idmana məxsus geniş təcrübənin
Olimpiya idmanına tətbiq edilməsi böyük əhəmiyyətə malikdir. Olimpiya
növlərinin inkişafında maliyyə məsələlərinin rolu danılmaz faktdır.
Televiziya, mətbuat və radionun Olimpiya oyunları və digər idman
yarışları ilə sıx qarşılıqlı əlaqəsi hər iki tərəf üçün bir növ maliyyə
mənbəyi rolunu oynayır. Lakin unutmaq olmaz ki, Olimpiya oyunları və
KİV-in birliyi birinci növbədə cəmiyyətin mənafeyinə xidmət edən mənəvi
sahə çərçivədən kənara çıxmamalıdır.
2000-ci il Sidneydə keçirilən
XXVII Yay Olimpiya və Solt-Leyk-Siti-2002 XIX Qış Olimpiya Oyunlarının
televiziya ilə translyasiya edilməsi hüququ uğrunda mübarizədə
Amerikanın məşhur En-Bi-Si teleşirkəti qələbə qazanmışdı. Teleşirkət
Atlanta-1996 Olimpiadasından dərhal sonra Solt Leyk Siti Oyunları
başlanana qədər Olimpiya Hərəkatına həsr olunmuş yarım saatlıq proqramın
efirə verilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə
razılıq əldə etdi. Proqramda Sidney, Solt Leyk Siti şəhərlərinin
oyunlara hazırlıq işləri barədə ümumi informasiyadan başqa, olimpiyaçı
idmançılar haqda süjetlərə böyük yer verilirdi.
Olimpiya
ideallarının təbliğ olunması və olimpiyaçı idmançıların həyatının
işıqlandırılmasında bir çox ölkələrdə fəaliyyət göstərən tədris
xarakterli televiziya kanalları da əvəzsiz rol oynayır. Bundan başqa
həmin tele kanallar idmançıların Olimpiya oyunlarına hazırlıq prosesinin
sistemli şəkildə işıqlandırılması istiqamətində əvəzsiz xidmət
göstərirlər. Bu cür verilişlər də öz növbəsində idmançının şəxsiyyətinə
və onun idman nəticələrinə müsbət təsir göstərir.
İdman və kütləvi
informasiya vasitələrinin sıx əlaqəsi qarşılıqlı fayda və mənfəət
prinsiplərinə əsaslanır. Bu əlaqə idmançı üçün populyarlıq baxımından
əhəmiyyət daşıyırsa, digər tərəf üçün iqtisadi gəlir mənbəyidir. Lakin
idman və kütləvi informasiya vasitələrinin maraqları heç də həmişə
üst-üstə düşmür. 80-ci illərə qədər KİV və idman nümayəndələri ümumi bir
vəzifəni yerinə yetirsələr də, müxtəlif istiqamətlərdə çalışırdılar. Bu
müxtəliflik istər-istəməz özünü əhalinin idmana olduğu kimi, mətbuat,
radio və televiziyaya münasibətinə də öz mənfi təsirini göstərirdi.
BOK-un
təşəbbüsü ilə 1986-cı ildə "İdman, kütləvi informasiya vasitələri,
olimpizm” mövzusunda keçirilən I Beynəlxalq simpoziumda KİV-in idman
sahəsindəki fəaliyyəti geniş təhlil olunub. Bu simpoziumda KİV-in
Olimpiya idman növlərinin inkişafına böyük təsiri, mətbuat, radio və
televiziyanın idmanla qarşılıqşı əlaqəsinin xarakteri, faydalı
əməkdaşlığın inkişaf perspektivləri məsələlərinə konkret qiymət verilib.
Bundan başqa simpoziumda KİV-in fəaliyyətində təhlükəli meyllərin
mövcudluğu, idmanın maraqları baxımından kütləvi informasiya
vasitələrinin problemləri, bütövlükdə idmanın, o cümlədən onun humanist
və əxlaqi-etik dəyərlərinin təbliği problemlərinə toxunulub.
Bəzən belə də olur
Son
illərdə Olimpiya oyunlarının kommersiya məqsədi daşıyan
televiziyalardan get-gedə asılı vəziyyətə düşməsi və onun bütövlükdə
idmana aid olan sahələrə müdaxiləsi KİV və idman nümayəndələrini narahat
edən əsas məsələlərdəndir. Bu istiqamətdə mövcud faktlardan ən
acınacaqlısı Seul-1988 Olimpiya Oyunlarında qeydə alınıb. Belə ki,
idmançıların rəyini nəzərə almayan Olimpiadanın Təşkilat Komitəsi
yarışların proqram cədvəlində Seul-1988-ə sponsorluq edən məşhur
teleşirkətlərin tələbi bəzi dəyişikliklər etmişdi. Belə şirkətlərdən
biri olan Amerikanın En-Bi-Si teleşirkəti bu məsələ ilə bağlı təzyiqlərə
və iradlara baxmayaraq, yarışları planlaşdırdığı kimi yayımlamağa nail
ola bildi. Boks, güləş, müasir beşnövçülük, avarçəkmə, atçılıq, atıcılıq
və şose velosiped idmanı səhər saatlarında, basketbol, yüngül atletika,
gimnastika, üzgüçülük, kişilər arasında voleybol yarışları, yelkən
idmanı gündüz vaxtı nümayiş etdirildi. Avropa tamaşaçıları bu idman
növləri üzrə Olimpiya oyunlarının gedişini gecədən keçmiş və ya
səhər-səhər izləsələr də, idmançılar adət etmədikləri bir şəraitdə və
vaxtda yarışmalı oldular.
Paris konqresində
O
vaxtdan çox illər keçib və KİV-in fəaliyyətində çatışmazlıqlar hələ də
qalmaqdadır. İdmanın kütləviliyi və onun intensiv kommersiya xarakteri
alması prosesi Kütləvi İnformasiya Vasitələrinin peşəkar və əxlaqi-etik
problemlərinin həllində ziddiyyətlərə gətirib çıxarırdı. 1994-cü il
BOK-un Parisdə keçirilən konqresində xüsusi - "İdman və Kütləvi
İnformasiya Vasitələri” adlı cərəyan yaradıldı.
Paris konqresində
idman və mətbuatın qarşılıqlı əlaqəsinin müxtəlif aspektlərinə toxunulub
və son 100 ildə idmanın təbliğində KİV-in məhsuldar və konsturktiv
köməyi xüsusilə qeyd olunub. Burada müzakirə edilən məsələlərdən biri
akkretitasiyadan keçmiş jurnalistlərin yarış yerlərinə maneəsiz, sərbəst
buraxılması və onlar üçün əlverişli iş şəraitinin yaradılması idi.
Konqresdə jurnalistin peşə etikasına riayət etməsi, yarışlarda
göstərilən hər hansı təzyiqə qarşı mübarizə aparması, saf və ədalətli
oyunların təmin edilməsi üçün mümkün qədər cəhd göstərmək qabiliyyəti
onun ən ümdə və müqəddəs vəzifə borcu kimi vurğulanıb. Konqresin
qərarına görə jurnalistlərin Olimpiya oyunları haqda hazırladığı
reportajlar ümumdünya sərvətinə çevrilməli, onların Olimpizm
prinsiplərinin və dəyərlərinin təbliği və genişləndirilməsi
istiqamətində səlahiyyətləri artırılmalıdır.
Müasir Olimpiya
Hərəkatının 100 illik yubileyinə həsr olunan XII Olimpiya konqresinin
işində (1994-ci il, Paris) dörd əsas məsələ müzakirə olunurdu.
1.
Müasir cəmiyyətdə Olimpiya Hərəkatının rolu (olimpizm və onun etika
qaydaları, Olimpiya Hərəkatının strukturu, idman və ətraf mühit,
Olimpiya oyunlarının gələcək inkişafı və proqramı, Olimpiya Hərəkatı və
beynəlxalq qarşılıqlı anlaşma və s.)
2. Müasir idmançı necə
olmalıdır? (idmançının formalaşması, onun cəmiyyətdə yeri və rolu,
yüksək səviyyəli idmanın təşkili, idmanda elmi və müasir məşq prosesi,
idmançı üçün potensial təhlükə və s.)
3. İdman sosial kontekstdə (idman və siyasət, idman və iqtisadiyyat, inkişaf etmiş ölkələrdə idman, idman hamı üçün və s.)
4.
İdman və kütləvi informasiya vasitələri (Olimpiya Hərəkatında Kütləvi
İnformasiya Vasitələrinin rolu, idmanın Kütləvi İnformasiya Vasitələrinə
təsiri, idmanın televiziya və digər informasiya vastələri ilə
qarşılıqlı əlaqəsinin inkişafı və s).
Mətbuatdan ən böyük dəstək
Öz
dövründə mətbuatdan ən böyük dəstəyi müasir Olimpizmin banisi Pyer de
Kuberten alıb. Kuberten mətbuatın köməyi ilə hər biri 500 səhifədən
ibarət 120 kitabını nəşr etdirməklə bəşər mədəniyyətinin inkişafında
əvəzsiz xidmət göstərmişdir.
Bu gün mətbuat, radio və televiziyanın
fəaliyyətində idmançıların, idman təşkilatlarının, Olimpiya oyunlarının
və idmansevərlərin maraqlarına zidd olan bir çox mürəkkəb məsələlər,
nöqsan və qüsurlar hələ də öz həllini gözləyir.
Azər Əlizadə
15590 oxunub