XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Basketbol necə yarandı
İdman 15:57 / 09.01.2022
Hazırda bütün dünyada sevilən basketbolun yaranma tarixi qədimdir. Bu növ ABŞ-ın Sprinqfild şəhərində (Massaçusets ştatı) dünyaya "göz açıb”. Şəhər kollecinin müəllimi Ceyms Neysmit qış dövründə keçirilən cansıxıcı bədən tərbiyəsi dərslərini canlandırmaq qərarına gəlib və tələbələri hərəkətli idman növü ilə məşğul olmağa çağırıb. Ceymsin yaratdığı hərəkətli oyun müasir basketbolun ilk forması idi. 

Basketbol üzrə ilk yarış 15 dekabr 1891-ci ildə keçirilib. Oyunda 2 komanda (hərəsində 9 oyunçu) çıxış edib. Basketbolçular topu balıq daşımaq üçün istifadə olunan səbətə atırdılar. İngilis dilində "basket” sözü "səbət” mənasını, "ball” isə "top” mənasını ifadə edir. Oyunun adı məhz bu sözlərdən yaranıb.
Qeyd etdiyimiz kimi, ilk basketbol oyunu 15 dekabr 1891-ci ildə təşkil edilib. Lakin basketbolun "ad günü” 15 yanvar 1892-ci ilə təsadüf edir. Çünki məhz həmin gün bu yeni idman növünün 13 bənddən ibarət qaydaları yaradılıb. Həmin vaxtdan başlayaraq, basketbol ABŞ-dan bütün dünyaya yayılıb və ən populyar idman növünə çevrilib. Kişi basketbolu ilk dəfə Olimpiya oyunlarının proqramına 1936-cı ildə keçirilən Berlin Olimpiadasında daxil edilib. Bu növdə ilk Olimpiya çempionu adını ABŞ yığması alıb. Müasir basketbolda 200-ə yaxın qayda mövcuddur və yarışlar 28 m uzunluğu, 15 m eni olan meydançada keçirilir. Hər komandada yer alan 5 oyunçu topu döşəmədən 3 - 5 sm hündürlükdə yerləşən dairəvi səbəbə salmağa çalışır. Meydançada xüsusi təyin olunmuş məsafədən səbətə atılmış topa görə 3 xal verilir. Digər atışlar isə 2 xalla qiymətləndirilir. Topu səbətə atmazdan əvvəl onu döşəməyə vurmaq əsas qaydalardan biridir.
Basketbol üzrə ən nüfuzlu yarışlardan biri Milli Basketbol Assosiasiyasının (MBA) keçirdiyi çempionatdır. MBA çempionatında ABŞ-ın bütün ştatlarını təmsil edən komandalar (30 komanda) yarışırlar.
MBA çempionatının ən məşhur idmançısı Maykl Cordan hesab olunur. Cordanın fitri istedadı sayəsində onun doğma komandası "Çikaqo Bullz” (Çikaqo) MBA çempionatnda 6 dəfə qalib olub. Basketbolun yarandığı yerdə - Massaçusets ştatının Sprinqfild şəhərində "Basketbolun şöhrət zalı” yerləşir. Bu zal basketbolun məbədi sayılır. Burada ən məşhur basketbolçuların, hakimlərin və məşqçilərin idman həyatını əks etdirən sənədlər yer alıb.
Bu növdə nailiyyət qazanmaq fiziki göstəricilərdən, xüsusilə boyun hündürlüyündən çox asılıdır. Basketbol tarixinin ən hündürboylu oyunçuları sudanlı Manute Bol və rumıniyalı Yeorq Murizan olublar. Uca boylu basketbolçu topu səbətə daha rahat və sərbəst şəkildə ata bilir. Bununla belə, istedad və cəldlik boy çatışmazlığını sığortalayır. Məsələn, orta boylu Tayron Boqqs (160 sm) və Spad Uebb (170 sm) çox gözəl basketbolçu olublar.

20614 oxunub

InvestAZ