Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin 5 Mart günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.
Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman Komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. Qazanılan qələbələr və medallar Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyir.
Bu il Azərbaycan idmanı üçün yaddaqalan illərdən biri olacaq. Məlumdur ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) qərarı ilə Bakı şəhəri 2026-cı il üçün "Dünyanın İdman Paytaxtı" elan edilib. Bu fəxri adın rəsmi təqdimetmə mərasimi 2025-ci ilin dekabrında keçirilmiş və estafet rəsmi olaraq Monakodan Bakıya ötürülüb. Bakının bu titula layiq görülməsi təsadüfi deyil. ACES tərəfindən aparılan qiymətləndirmədə paytaxtımızın müasir idman infrastrukturu, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihələr və irimiqyaslı yarışların təşkilindəki zəngin təcrübəsi 100 ballıq şkala üzrə ən yüksək nəticə ilə qiymətləndirilib.
"Dünyanın İdman Paytaxtı" ili çərçivəsində ölkəmiz bir sıra beynəlxalq yarışlara ev sahibliyi edəcək. Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatı ilin mühüm idman yarışları sırasında yer alıb. Formula 1 Azərbaycan Qran-Prisi isə artıq onuncu dəfə Bakı küçələrində sürət həvəskarlarını bir araya toplayacaq. Bədii gimnastika üzrə Dünya Kuboku, üzgüçülük üzrə "Silk Way" Dünya Kuboku, güləş üzrə yeniyetmələrin (U-17) dünya çempionatı, qadın voleybolçular arasında Avropa çempionatı kimi yarışlar diqqətləri paytaxtımıza yönəldəcək. Bu turnirlər ölkəmizdə idmanın daha da sevilməsinə və gənclərin bu sahəyə marağına böyük təkan verəcək. Bir sözlə, 2026-cı il Azərbaycan üçün əsl idman bayramı ili olacaq.
218 oxunub