XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024



Elşad Nərimanov: “İnsan hər bir sınaq qarşısında mətin və qürurlu olmalıdır”
Müsahibə 12:01 / 28.12.2021
Azərbaycan idmanının böyük və şanlı tarixi var. Bu tarixi yazanlar adlı-sanlı idmançılarımız və bu sahədə fəaliyyət göstərən mütəxəssislərimizdir. Məhz onların sayəsində Azərbaycan idmanı özünəməxsus ənənələrə malikdir. Dövlətimiz bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir. İdmanda özünəməxsus dəsti-xətti olan mütəxəssislərdən biri də bu il 80 illik yubileyi olan Elşad Nərimanovdur. Elşad müəllim səmimi insan, dərin intellekt sahibi olan pedaqoq, peşəkar idman mütəxəssisidir.

80 yaşlı idman mütəxəssisi ilə müsahibə zamanı bu illər ərzində onun həyat yolunda baş verən ən maraqlı hadisələrə nəzər saldıq. O, danışdıqca gözümüzün önündə mənalı bir həyat səhifəsi açıldı. Müsahibimiz həmin anları xatırladıqca həm kövrəldi, həm də qürur və mübarizlik nümayiş etdirdi.
Elşad Əhməd oğlu Nərimanov 1941-ci il dekabrın 29-da Bakıda anadan olub. 1959-cu ildə 63 saylı orta məktəbi, 1963-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1963-1965-ci illərdə ordu sıralarında xidmət edib. Onun idman və elm sahəsində kifayət qədər uğurları var.
Elşad Nərimanov Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və idman əlaçısı, Əməkdar məşqçi, dosent, əmək veteranı, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, professor, Prezident təqaüdçüsü fəxri adlarına layiq görülüb. Beynəlxalq İdman Akrobatika Federasiyasının qızıl medalı və "Tərəqqi” medalı ilə təltif olunub. "Olimpiya dünyası” qəzeti Elşad müəllimlə müsahibəni çoxsaylı oxucularımıza təqdim edir.

- Elşad müəllim, qəzetimiz və oxucularımız adından Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edirik. Bu illər ərzində idmanda böyük nailiyyətləriniz olub. Şübhəsiz ki, bütün bunlara bir göz qırpımında, asan nail olmamısınız.

- Təşəkkür edirəm. Çox sağ olun ki, biz idman veteranlarını daim diqqətdə saxlayırsınız. "Olimpiya dünyası”nın çoxsaylı və daimi oxucularından biriyəm. Dəfələrlə redaksiyanızın qonağı olmuşam. Hər gəlişimdə redaksiya kollektivindən özümə qarşı isti və səmimi münasibət hiss etmişəm. Hiss olunur ki, burada peşəkar yaradıcı heyət və idmanın təbliği sahəsində böyük təcrübəyə malik olan insanlar işləyir. Yeri gəlmişkən, "Olimpiya dünyası” qəzetinin ötən ay 20 yaşı tamam oldu. Mən də yaradıcı kollektivinizi bu münasibətlə təbrik edirəm.
Qeyd etdiyiniz kimi, idman sahəsində böyük və çətin bir mərhələdən keçmişəm. Bu mərhələlər heç də asan başa gəlməyib. Həyatın hər bir məqamında çalışmışam ki, gördüyüm işdə məsuliyyətli olum. İstək və arzularımın həyata keçməsində qətiyyət nümayiş etdirmişəm. Uğursuzluq məni heç vaxt ruhdan salmayıb. Hər bir işin öhdəsindən gəlmək üçün səbr etmişəm. Səbr uğura gedən yolda əsas amillərdən biridir. İnsan hər bir sınaq qarşısında mətin və qürurlu olmalıdır. Belə olduğu təqdirdə uğur insanı daim izləyəcək.

- İdmandakı ilk addımınız suyatullanmadan başlayıb, akrobatika ilə davam edib.

- İdmana ilk gəlişim 1951-ci ilə təsadüf edir. 1956-cı ildə Minsk də keçirilən suyatullanma üzrə şəhərlərarası turnirdə çıxış etmişəm. Eyni vaxtda həm də akrobatika ilə məşğul olurdum. Bu idman növündə respublika yığma komandasının üzvü kimi SSRİ birincilik və çempionatlarında uğurla çıxış etmişəm. Qardaşım Bəhramla birlikdə 1958-ci ildə Azərbaycanda akrobatika idmanı üzrə ilk dəfə SSRİ-nin idman ustası adına layiq görüldüm. Bizi "Nərimanov qardaşları” kimi tanıyırdılar. Azərbaycanın akrobatika tarixində ilk dəfə Ümumittifaq Həmkarlar İttifaqının IV Yay Spartakiadasında və keçmiş SSRİ çempionatında kişilərin qoşa hərəkətində bürünc medala layiq görüldük. Eyni zamanda "Komsomolskaya pravda” qəzetinin mükafatı uğrunda suyatullanma üzrə ümumittifaq yarışında, SSRİ Silahlı Qüvvələrinin XII Yay Spartakiadasında və SSRİ birinciliyində öz bacarağımı nümayiş etdirirdim. 1961-ci ildə akrobatika üzrə Ümumittifaq Həmkarlar İttifaqının birinciliyində, 1962-ci və 1963-cü illərdə keçmiş SSRİ birinciliyində fəxri kürsünün ən yüksək pilləsində yer almışam. 1964-cü ildə akrobatika üzrə keşmiş SSRİ birinciliyində bürünc və Ümumittifaq Həmkarlar İttifaqının birinciliyində qızıl medala layiq görüldüm. Ümumilikdə 1957-1968-ci illər ərzində 10 dəfə respublika çempionu olmuşam.


- Ömür yolunuza nəzər salarkən, əmək fəaliyyətinizin də məhsuldar olduğunu görürük.

- Ömrümün 62 ilini əmək fəaliyyətinə sərf etmişəm. Bu müddət ərzində 36 il rəhbər vəzifələrdə çalışmışam. 1958-ci ildə atam ağır xəstəlik səbəbindən dünyasını dəyişdi. Ailə qayğılarını qarşılamaq üçün mən də işləmək qərarını verdim. Əvvəlcə "Neftçi”nin rayon Şurasında məşqçi, sonra isə 1959-1962-ci illərdə Azərbaycan Dövlət Estradasında artist-akrobat vəzifəsində saat hesabı çalışırdım. Bu illər ərzində həm də bütün dövlət konsertlərində qardaşım Bəhramla birlikdə çıxış edirdik. 1962-1963-cü illərdə 26 saylı şəhər peşə-texniki məktəbində bədən tərbiyə təlimatçısı kimi işə başladım.
1965-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunun bədən tərbiyəsi və idman kafedrasında müəllim vəzifəsi mənə həvalə olundu. 1967-1970-ci illərdə Bakı şəhəri 221 saylı orta məktəbinə bədən tərbiyəsi müəllimi təyin olundum. Məktəbin komandası həmin vaxt rayon spartakiadasında 28-ci yeri tutmuşdu. Sonradan 3 il ərzində məktəb rayon spartakiadasında 4-cü yerə qədər yüksəldi. Bundan əlavə və məktəblər arasında rayonda keçirilən kütləvi-sağlamlıq və idman sahəsində sosialist yarışlarının qırmızı bayrağı bizim məktəbə təqdim olunmuşdu. Bu nailiyyətlərdən sonra Nizami rayonu Uşaq- Gənclər İdman Məktəbinə direktor vəzifəsinə təyin olundum.1970-1972-ci illərdə bu vəzifədə çalışdım. UGİM-də işlədiyim dövrdə məktəbin idmançıları və komandaları dəfələrlə Azərbaycan Respublikasının çempionları olmuş və mükafatalayiq yerlər tutmuşdular. Məktəbimizin qızlardan ibarət həndbol komandası SSRİ birinciliyinin qalibi adını qazanmışdı.

- Rəhbər vəzifələrin məsuliyyəti daha çox olur. Bu barədə sizin fikirlərinizi bilmək istərdik.

- Bəli. Qeyd edim ki, 1972-ci ildən 1977-ci ilədək Bakı Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini işləmişəm. 1975-1976-cı illərdə sədr əvəzi oldum. Bakı şəhəri idmançılarının ən yüksək nailiyyəti 1976-cı ildə SSRİ Xalqlarının VI Spartakiadasında oldu - VI yer. Bu nəticəyə görə SSRİ İdman Komitəsinin fəxri fərmanı ilə təltif olundum.
1977-1981, 1987-1990-cı illərdə "Ehtiyat Əmək Qüvvələri” Ümumittifaq KİC Bakı şəhər şurasının sədri, 1981-1987-ci illərdə Azərbaycan Dəmir Yolu "Lokomotiv” KİC-nin sədr müavini işlədim.
1990-1994-cü ildə Nərimanov rayon İcra Hakimiyyətində Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri olduğum dövrdə rayonun komandası şəhər spartakiadasında ümumi komanda birinciliyində və qadınlar arasında çempion adına layiq görülüblər.
1996-cı ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Gimnastika və onun metodikası” kafedrasında baş müəllim, 2005-ci ildən isə dosent vəzifəsində çalışmışam.
2010-cu ildən 2016-cı ilə qədər "Gimnastikanın nəzəriyyəsi və metodikası” kafedrasının, 2016-2018-ci illərdə "Kütləvi-sağlamlıq idman növləri” kafedrasının müdiri olmuşam. Hazırda həmin kafedrada professor kimi fəaliyyətimi davam etdirirəm.
Azərbaycan Gimnastika Federasiyasının akrobatika gimnastikası üzrə Texniki Komitəsinin prezidentiyəm. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Olimpiya Akademiyasının üzvüyəm. Azərbaycan İdman Veteranlar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan Gimnastika Federasiyası Veteranlar Şurasının sədriyəm.

- İdman ictimaiyyəti Elşad müəllimi bir sıra kitabların müəllifi, mühüm tədbirlərin ssenaristi, quruluşçu rejissoru kimi tanıyır. Bildiyimizə görə həmin işlərin öhdəsindən layiqincə gəlmisiniz.

- Verdiyiniz bu sualdan sonra xatirələr məni 1960-ci ilə apardı. Həmin vaxt Azərbaycan Dövlət televiziyasında səhər gimnastikasını biz nümayiş etdirirdik. Gözəl təəssüratlar idi. Eyni zamanda dövrü mətbuatda öz qələmimi sınayırdım. Belə ki, 1960-1990-cı illərdə respublikada çap olunan ayrı-ayrı qəzetlərdə 100-ə yaxın məqalələrim dərc edilmişdi.
1972-1994-cü illərdə Azərbaycan İdman Akrobatika Federasiyasının sədri vəzifəsində fəaliyyət göstərmişəm. 1972-1977-ci illərdə "Vətən” kinoteatrının nəzdində "İdman-İdman-İdman” kino-klubunun sədri olmuşam. Bu dövr ərzində məktəblilərin respublikanın görkəmli idmançıları ilə görüşlərini keçirirdik. Qeyd edim ki, gənclərin idmana cəlb olunmasında bu klubun böyük əhəmiyyəti olub.
Elmi-pedaqoji fəaliyyətimi bu günə kimi davam etdirirəm. Ümumittifaq və respublika miqyasında keçirilən elmi-praktiki konfranslarda çıxışlarım olub. Bu vaxta qədər 118 dərslik, dərs vəsaiti, metodiki vəsait, müxtəlif tədris proqramları, mühazirələr və elmi məqalələrin müəllifi olmuşam. 1972-ci ildən respublikada keçirilən kütləvi-gimnastika çıxışlarının və bədii-idman bayramlarının ssenari müəllifi və baş quruluşçu-rejissoru kimi fəaliyyət göstərmişəm. Azərbaycanda keçirilən 55-dən artıq yarış və turnirlərin, bədii-idman bayramlarının, açılış mərasimlərinin ssenari müəllifi və baş quruluşçusu olmuşam. Bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.


- Uzun illər əldə etdiyiniz təcrübəyə əsasən bir sıra yarışlarda hakimlik etmisiniz. Ədalət təmsilçisi olmaq yəqin ki, böyük məsuliyyət tələb edir.


- Ədalət təmsilçisi olmaq doğrudan da böyük məsuliyyət tələb edir. İstənilən idman növündə hakim qərəzsiz olmalıdır. Ani bir diqqəsizlik bir idmançının illərdən bəri çəkdiyi zəhmətini puç edə bilər. 1964-cü ildən idman hakimi kimi fəaliyyət göstərirəm. Azərbaycanın idman tarixində ilk dəfə 1969-cu ildə idman akrobatikası üzrə Ümumittifaq və 1977-ci ildə beynəlxalq dərəcəli hakim adına layiq görülmüşəm. Həmin dövrlərdə keçmiş SSRİ çempionatları, kuboku və keçmiş SSRİ məktəblərinin Spartakiadasında baş hakim, baş hakimin müavini olmuşam. Ölkə hüdudlarından kənarda da mənə göstərilən etimadı doğrultmuşam. Belə ki, Bolqarıstan, Polşa, Çin, Yunanıstan, Rusiya və digər ölkələrdə keçirilən Avropa və dünya çempionatlarında, beynəlxalq yarışlarda hakimlik edərək, həmişə əla qiymət almışam.
1998-ci ildə Beynəlxalq İdman Akrobatikası hərəkatında fəal iştirakına görə, Beynəlxalq İdman Akrobatika Federasiyası tərəfindən qızıl medal və diplomla təltif olunmuşam.


- Bütün bu işlərin müqabilində ailəyə necə vaxt ayıra bilmisiniz?

- İnsanı həyata bağlayan ən əsas məqamlardan biri də gözəl ailədir. Əgər ailədə xoşbəxtlik və qarşılıqlı anlaşma hökm sürürsə, bu "kiçik ittifaqın” ömrü əbədi olacaq. Mən 54 ildir ki, Dilşad xanımla ömür-gün yoldaşıyam. Bu müddət ərzində bir-birimizi yaxşı başa düşmüşük. İşimlə bağlı evdə az olsam da, o bunu anlayışla qarşılayıb. Hər bir çətinlikdən birlikdə çıxmışıq. Gözəl, tərbiyəli və savadlı övladlar böyütmüşük. Buna görə özümü çox xoşbəxt hesab edirəm. Görünür, gözəl ailəmin olması mənim bu yaşa qədər bu cür gümrah olmağımın əsas səbəblərindən biridir. Gənc ailə quran cütlüklərə məsləhətim odur ki, hər bir məqamda güzəştə getməyi bacarsınlar. Möhkəm təməl üzərində qurulan ailə uzunömürlü olur.

- Sizi bir daha təbrik edir, can sağlığı və uzun ömür arzulayırıq.

- Çox sağ olun.

Anar Əhmədov

23845 oxunub

InvestAZ