XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



Bir fincan çay içə-içə...
Maraqlı 17:17 / 26.10.2021
MOBİL İSMAYILOV


Son vaxtlar tez-tez Azərbaycanın futbol ölkəsi olmaması barədə fikirlər səsləndirilir. Yığmamızı çalışdırmış xarici mütəxəssislər də həmişə belə mövqedə olublar. Amma mən bu fikirlərlərazı deyiləm.
Gəlin, çox da uzaq olmayan keçmişə qayıdaq, ümumiyyətlə, geriyə bir nəzər salaq.SSRİ dövründə Pribaltika respublikaları, Moldova, Tacikistan, Türkmənistan, Qırgızıstan birmənalı futbol respublikaları hesab edilmirdi. "Kayrat” və "Paxtakor” güclülər dəstəsində çıxış etsə də, Qazaxıstan və Özbəkıstan da tam, mütləq mənada futbol respublikaları sayılmırdı. Ancaq Azərbaycan futbol respublikası kimi qəbul edilirdi. "Neftçi”nin uğurlarını xatırlayaq. Doğma komandamızın hər qələbəsi toy-bayram kimi qarşılanırdı. S.Vurğun adına bağda hər oyundan əvvəl və sonra azarkeşlərin yığışmasını, qızğın müzakirələri yaşlı nəslin nümayəndələri yəqin indi də təbəssümlə yada salırlar. Kirovabadın (indiki Gəncənin) "Dinamo” komandasının güclülər dəstəsinə vəsiqə qazanması isə tarixi bir nadisə idi. İttifaq miqyasında yığmaya seçimdə böyük rəqabət olmasına baxmayaraq, 1966-cı il dünya çempionatına gənc Banişevski aparıldı. Sonradan da əsas heyətdə möhkəmləndi. Daha sonralar SSRİ yığmasının hücum xəttində hər dəfə Banişevski ilə yanaşı "Neftçi”nin digər futbolçusu Şevçenkonu da görəndə qürur hissi keçirirdik. O dövrdə futbola misilsiz bir sevgi var idi.



"Onlar və bizlər”

İndi isə deyirlər ki, Azərbaycan futbol ölkəsi deyil. Azərbaycanda idmanın əksər növlərinə böyük diqqət göstərilməsi göz qabağındadır. Bu gün futbolumuz da qayğıdan kənarda qalmayıb. Lakin futbolumuzun indiki durumu diqqət, qayğı məsələsi ilə bağlı deyildir. Burada başqa səbəblər vardır və geniş bir yazının mövzusudur.
Belə deyirlər ki, istedadın milləti olmur. Əlbəttə. bu fikir bəlkə də mübahisəli bir mövzunun predmetidir. Nə deyirəm, ola bilər. Qoy olsun. Yaxşı indi sız deyin: Niyə bütün dövrlərdə gürcülər bizdən yaxşı futbol oynayıblar? Onların daha çox məşhur futbolçuları, ulduzları olub. Nə üçün SSRİ vaxtında nəinki futbolda, ümumiyyətlə idmanın digər növlərində də bizdən irəlidə olublar? Spartakiadalarda da həmişə bizi qabaqlayıblar. Deyə bilərsiniz ki, onlara təbiət tərəfindən genetik olaraq belə bəxş olunub.Yazının bu yerində bir epizodu xatırlamaq istəyirəm. Vaxtı ilə Berti Foqts "Bakı” klubunun idman bazası ilə tanış olanda bildirmişdi ki, heç Münhenin "Bayern” komandası da bu cür müasir standartlara uyğun bazaya malik deyil. "Bakı” komandasını çalışdıranları yadınıza salın - Starkov, Vinfrend Şaffer, Pantiç və başqaları. "Bakı” komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın "Sioni” komandasına səfər meydanında 0:2 hesabı ilə məğlub oldu. Komandamız öz meydanında 1:0 qalib gəlsə də, mübarizəni dayandırmalı oldu. Yeri gəlmişkən qeyd edim ki, o vaxt qalib komandanı Badri Kvaratçxeliya və Kaxaber Tsxadadze çalışdırırdı.

İndi təsəvvür edin o dövrdə bu iki komandaya yetirilən diqqətə ( "Bakı” nın prezidenti Hafiz Məmmədov idi- red). Həmin ərəfədə bu iki klubun büdcəsi heç müqayisəyə gəlməz dərəcədə fərqli idi.
Niyə braziliyalılar "planetdə hamıdan irəlidədirlər” - deyimi bu günə qədər də köhnəlməyərək hələ də qəbul olunur? Braziliyada hansısa məhəllədən gələn, heç kimin tanımadığı gənc futbolçu istedadı, bacarığı sahəsində qısa müddət ərzində məşhur klubun heyyətinə düşə bilər, hətta yığma komandaya da dəvət alar. Mən demırəm ki, biz onlar kimi olaq. Əlbəttə, biz Braziliya ola bilmərik. Braziliyada ulduzlar sanki "inkubatordan doğulub, yetişirlər”.
Bəs, bir neçə il bundan əvvəl İslandiya kimi kiçik bir ölkənin gözlənilmədən futbol dünyasında yaratdığı təlatümü necə izah edə bilərik? Xorvatların İngiltərə ilə yarımfinal oyunu yadınızdadırmı? Xorvatiya futbolçuları yorulsalar da, birdən-birə sanki özlərində cəngavər gücü tapdılar. Bu cəngavərliyə ingilis futbolçuları da çaşıb qalmışdılar. Ona görə ki, xorvat futbolçularının içlərindəki ümidsonacan qaldı.Və bu ümiddən güc alan xorvatlar özlərini toparlayaraq, yenidən irəli atıldılar. Onlar hər şeyi qələbə ruhunda kökləməyi bacardılar. Ona görə qalib gəldilər ki, özlərini cəmləşdirib irəli atılmağı bacardılar.
Baxın, Portuqaliyadan gəlmiş futbolçular artıq bütün Avropanı bürüyüb. Bəlkə onlarda futbola olan qayğı, diqqət bizdən qat-qat artıqdır?! Əsla yox. Amma Portuqaliyanın Qətərlə yoldaşlıq oyununda da stadion dolu idi...
Necə olur ki, elə də futbol ölkəsi sayılmayan Finlandiyanın dünya çempionatının seçmə qrup mərhələsində Ukrayna ilə qarşılaşmasında tribunalar demək olar ki, ağzınacan dolur? Hətta Qazaxıstanın Bosniya və Herseqovina ilə oyununda da təxminən buna bənzər mənzərə ilə rastlaşdıq... İndi də gəlin, bizim İrlandiya ilə axırıncı oyunumuzu yada salaq. Qrupda sonuncu yeri tərk etmək baxımından matç prinsipial əhəmiyyət daşıyırdı. Lakin təəssüf ki, stadionda çox az sayda tamaşaçı gördük... Sonra da müzakirələr açırıq ki, biz futbol ölkəsi kimi qəbul edilmirik. Bəs nə vaxt başqa ölkələrdə də bizim futbolun sıçrayışından, təlatümündən danışacaqlar?!
Tanınmış mütəxəssis Havyer Klementenin Azərbaycanla oyunu "piknikə” bənzətməsi nədənsə heç yadımdan çıxmır. Serbiya yığmasını çalışdırdığı vaxt onun komandası Avropa çempionatının seçmə qrup oyununda 2008-ci ildə Bakıda Azərbaycan yığmasını 6:1 hesabı ilə acı məğlubiyyətə uğratmışdı. "Heç bir əziyyət çəkmədən, asanlıqla qələbə qazandıq. Səfər oyunu olmasına baxmayaraq futbolçularım elə bil piknikə getmişdilər” - sözləri müsahibə zamanı onun dilindən çıxmışdı.
Görürsünüzmü, futbolumuzun səviyyəsi bizə hətta açıq formada yuxarıdan aşağıya baxılmasına da gətirib çıxarmışdır. Axı, belə davam edərsə, Cəbəllütariqin, San-Marinonun, Andorranın səviyyəsinə düşə bilərik.



Qalib gəlməyi
unudan yığmamız...


2018-ci ildə idman saytlarında "Azərbaycan futbolunun gələcəyi yeniliklərlə bağlı olmalıdır” adlı məqaləm getmişdi. Maraqla qarşılanan həmin yazını sonradan işıq üzü görmüş "Qo-o-ol” kitabına da daxil etdim.

Bu gün hansı yeniliklər,
dəyişikliklər görürük?

Təəssüf ki, keçən müddət ərzində müsbət işlər, irəliləyişlər,dəyişikliklər müşahidə olunmur. Azərbaycan futbolunda bütövlükdə ab-hava pis durumdadır. Azərbaycanın futbol müstəvisində sanki nizam pozulmuşdur. İstər klublarda, istərsə də yığmada proseslər plansız, xaotik şəkildə cərəyan edir. Yığmamız çox bəsit bir futbol göstərir. Çatışmazlıqlar və boşluqlar çoxdur. Məqsədlərə çatmaq üçün vəd verilən "böyük” işlər nəticəsiz qalır. Bu barədə geniş şərhə lüzum görmürəm. Ancaq vurğulamağı lazım bilirəm ki, hətta Kosovaya, Kiprə də həsəd apardıq. Yığmamız sanki meydana prinsipsiz, devizsiz çıxır. Bəli, komandamız "Ya indi, ya da heç vaxt” prinsipi ilə Kosova, Malta, Lüksemburq, İrlandiya, hətta Serbiya komandaları ilə meydana çıxmalı idi. Yalnız bu deviz ilə qələbənin mümkün olduğunu duyub anlamaq olar. Ümumiyyətlə, gərək bütün görüşlərdə ölüm-dirim savaşı (buna qladiatorların döyüşü də demək olar - red) aparasan. Təəssüf ki, yığmamız hələlik buna qadir deyil. Müasir futbolda istəkli olmaq hələ azdır. Gərək dəlicəsinə istəkli görünəsən.

Futbolumuzda belə vəziyyətin yaranmasını mən yanlış yanaşmalar və düzgün olmayan təşkilati məsələlərlə əlaqələndirirəm. Digər səbəblər əslində məhz bu iki amildən qaynaqlanır.
Azərbaycan kimi ölkəyə bütün məsələlərə fərqli yanaşmağı bacaran məşqçi gətirilməlidir. Ya da öz içimizdən seçilib tapılmalıdır. Bizə yeni bir sistem, mexanizm quran yaradıcı məşqçi lazımdır. Yeni işıq yandıranlara bu iş tapşırılmalıdır. Bizə təcili qələbələr işığı,uğur işığı, ümid işığı yandıranlar lazımdır. Onda baxışlar da dəyişəcək, yanaşmalar da...
Bu məqamda nədənsə futboldankənar bəzi məsələlərə də münasibət bildirməyə ehtiyac duyuram. Axı, hərdən indiki dadsız-duzsuz futbolumuza nəsə bir şirinlik qata bilən hadisələr də baş verir...
Məsələn, niyə futbol əhli ola bilmirik? Biz indi hər şeyin əhliyik. Şou proqramlar, konsertlər baş alıb gedir. Aparıcılar, şoumenlər, müğənnilər, dəvət olunanlar, efiri "zəbt” edənlər bir-birinə aman vermirlər. Pafoslu çıxışlar, hay-küylü sözlər. Yaradıcı insanlara, xüsusən meyxanaçılara geniş meydan verilib. Meyxana dedim, rəhmətlik Əliağa Vahidin sözü yadıma düşdü: "Biz xərabət əhliyik, meyxanalardan çıxmışıq”. SSRİ dövründə şairin bu sözü pis qarşılanmışdı. Yəni, milli, sosializm prinsiplərinə, sovet həyat tərzinə zidd idi belə fikirlər. SSRİ dağıldı. Meyxana yenidən dəbə mindi. Özü də musiqinin müşayiəti ilə. İndi televiziya kanallarında meyxana müsabiqələrinə geniş yer ayrılır. Haylı-küylü insanlar, musiqiçilər ekranları bürüyüb. Teleseriallar da bir tərəfdən. Daha kimləri görmürsən ekranlarda. Toy edənlər, səyahətə çıxanlar, yemək bişirənlər...

Mən belə verilişlərin, şou proqramların əleyhinə deyiləm. Əvvəllər peşəkar ustadların ifasında meyxana janrını mən də bəyənirdim. Amma indi hər şey əndazədən çıxıb. Axı, hər işdə, hər məsələdə bir hədd olmalıdır. Ümumiyyətlə, cah-cəlal görüntüsü yaradan, haray-qışqırıqla müşaiyət olunan, səviyyə etibarı ilə çox aşağı, primitiv verilişlərin əleyhinəyəm. Ucuz verilişlərdə sponsorların sadalanması da yorucu olmaqla xeyli vaxt aparır. Televiziyalarda sponsor tapanlar dərhal yeni proqramlar, layihələr açaraq verilişlərinə də əcaib adlar qoyurlar. Sonra da başlayırlar "mühüm məsələləri”, "taleyüklü problemləri” müzakirə eləməkdən ötrü mütəxəssislər, ekspertlər çağırmağa. Arada həkimlər, biznesmenlər, vəkillər də dəvət olunur. Dəridən-qabıqdan çıxanlar tamaşaçını yorub əldən salır...
Hərdən düşünürəm ki, axı, niyə indi hamı telekanallara axışır. Deməli, biz nəinki şou əhliyik, həm də şan-şöhrət, yazı-pozu, qələm əhliyik. Daha nələr, nələr...Xaricdə stadionlara, idman qurğularına, zallara, yarış yerlərinə axışırlar, bizdə isə...Bəli, biz hər şeyin əhli ola bilirik. Futboldan başqa. Hələ ki, futbol əhli ola bilməmişik.
Telekanalların, bəzi şeylərin "havasından” danışdım. Futbolumuzun "havasından” da söz açdım. Son vaxtlar yenə də başlamışıq yığma komandaya baş məşqçi axtarışına. İndi də futbolumuzun taleyini düşünənlər baş məşqçi seçimindədirlər. Artıq başa düşmək lazımdır ki, əvvəl futbol əhli olmalıyıq, sonra məşqçi axtarışına çıxmalıyıq. Elə bu yerdə istədim Cəlil Məmmədquluzadənin, Sabirin, Üzeyir Hacıbəylinin dediklərindən uyğun gələn nəsə yada salım. Amma fikirləşdim ki, nə faydası, onsuz da hələlik futbol əhli deyilik...
Bəlkə bu məsələyə bir az da komik, məzəli prizmadan yanaşaq? Hamımıza bəllidir ki, biz yaman çox çay içənik. Çayxanalarımız çoxdur, hamısı da həmişə dolu olur. Əslində burada pis nə var ki. Çayxanalar görüş yerinə çevrilir, gələnlərin də ciblərinə uyğundur.
Mən təklif edirəm ki, stadionlarımızda daha ucuz qiymətə çay versinlər. Ya da hələlik pulsuz təşkil olunsun. Onda camaat stadionlara gələcək. İnsanlar çay içə-içə söhbət edəcək, həm də onları maraqlandıran məsələləri çözəliyəcəklər. Arabir də futbola nəzər yetirəcəklər. Mənim çayxana versiyasını irəli sürdüyümü eşidən azarkeş dostum bildirdi ki, yaxşı ideyadır. Əks halda stadionlarımız tarixi yerlərə, muzeylərə, abidələrə də çevrilə bilər. Futbol həvəskarı olmayan bir dostum da dedi ki, gəlin, stadionları "özgə məqsədlər” üçün istifadə edək. Məsələn, müəyyən tədbirlər, toplantı yerləri kimi arendaya verək. Özü də futbol oyunları keçirilən günlər. Bu halda da stadionların dolma ehtimalı böyük olacaq. Deyəsən, variantlar, təkliflər artır. Onda elə məsələyə burada nöqtə qoysam, yaxşıdır.


Azərbaycan yenə də futbol ölkəsi olacaq!

Bayaq "hava”dan danışdım. Hər şeyin ab-havası yaxşı olmalıdır. Evdə, ailədə, işdə, hər yanda. Futbolda da belədir. Klublarımızda, yığmamızda da "hava” normal olmalıdır.
Braziliyada futbol sanki ölkənin vizit kartıdır. Braziliya və futbol obrazlı desək, təxminən eyni anlayışlardır. Mən istərdim ki, futbol anlayışı və futbol sevgisi sözləri də bizdə üst-üstə düşsün. Hərçənd ki, elə SSRİ vaxtında çox populyar olan futbol o dərəcədə sevilirdi ki, vurğuladığım bu sözlər bir-biri ilə uyuşurdu. Amma bu, o vaxtlar idi. İndi buna nail olmaq üçün böyük yollar keçməli, zəhmətlər çəkilməlidir. Perspektivdə nəzərdə tutulan layihə və planları məqsədyönlü, özü də qısa zamanda həyata keçirmək lazımdır. Onda bizim xəyallar da reallaşacaq. Bizim komandalar heç də bu yaxınlarda "Real”ı sensasiyalı tərzdə məğlubiyyətə uğradan Moldovanın "Şerif” klubundan aciz deyillər.

Futbol dünyasında gözəl anlar çoxdur. O anlar heç vaxt yaddan çıxmır. Azarkeşlərə böyük zövq verir həmin anlar. Bizim futbolda da o cür gözəl anlara ehtiyac var. Mən bu istəklərimi də xəyallar sferasına aid etmirəm. Mən istəyirəm ki, SSRİ dövrünün Azərbaycan futbolu geri qayıtsın. Mən istəyirəm ki, Avropa Azərbaycan futbolunun ayaq, qol səslərini eşitsin. Ən çətini milli yığmamızı müəyyən bir relsə salmaqdır. Uğur relsinə! Bundan sonra hər şey öz ahəngi ilə gedəcək. Sadəcə özümüzdə fədakarlıq tapmalıyıq, milli təəssübkeşliyi daha da artırmalıyıq.


P.S. Mənim Azərbaycan futbolunun vəziyyəti ilə bağlı səsləndirdiyim fikirlər o demək deyildir ki, heç bir iş görülmür, hər şey pisdir və sairə. Bu fikirlər sadəcə olaraq nöqsanların aradan qaldırılmasına, futbolumuzun daha da inkişaf etməsinə yönəlib. Qoy məşqçilər, futbolçular hər şeydən əvvəl daha çox zəhmətə qatlaşsınlar, peşəkarlıqlarını artırsınlar. Əminəm ki, futbol əhli də olacağıq. Necə ki, bir vaxtlar futbol ölkəsi olmuşuq. Zaman-zaman unudulanları, itirilənləri bərpa etməyə geniş imkanlarımız, şəraitimiz, ortaya qoyulası iradəmiz, gücümüz var.
İndi isə irəli baxmalıyıq. Ən əsası nəticə çıxarmaqdır.
İrəliyə doğru, zirvələrə doğru Azərbaycan futbolu!...

4014 oxunub

InvestAZ