XƏBƏR LENTİ
17 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
10 Yanvar 2021
08 Yanvar 2021
06 Yanvar 2021



Kəlbəcərə dönürük ... - İdmandan kənar
Maraqlı 15:02 / 25.12.2020


Tanrının min bir möcüzəsinin ünvan tapdığı, dünyada bənzəri olmayan əsrarəngiz təbiəti ilə könülləri ovsunlayan, əzəmətli dağların ağuşunda gözəlliyə bürünən, sazın-sözün məkanı Kəlbəcərdə həyata göz açmışam. Doğulub boya-başa çatdığın torpağın ayrı özəlliyi, məskən saldığın yurd yerinin başqa doğmalığı olur. Əlbəttə, Azərbaycanın hər qarış torpağı mənimçün müqəddəsdir, əzizdir. Ancaq müqəddəs yurd yerimin- Kəlbəcərimin sevgisiylə bütövləşir Vətən sevgim. Yurda bağlılığın kökündə də məhz bu sevgi, bu doğmalıq durur. Adamın kökü, rişəsi doğulduğu torpağın dərinliklərinə işləyir.
Ata-baba yurdlarımıza qayıtmaq ümidini heç vaxt itirmədik, ötən illər ərzində dövlətimizin güclənməsini, ordumuzun torpaqlarımızı azad edəcəyi günü gözlədik.
Bu gün arzular gerçəkləşir, həsrətlərə son qoyulur. Müzəffər ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edilib. İgid oğullarımızın qanı-canı bahasına əsarətdən qurtardığı yurd yerləri sahiblərini gözləyir...
Uzun illərdir digər məcburi köçkün vətəndaşlarımız kimi, mən də kökümdən "qırılmışdım”. Çat vermiş ağac gövdəsi kimi göynəyən ürəyimə, üşüyən ruhuma bir ümid donu geyindirib, təsəlli verməyə çalışdım bu illər ərzində. 28 il ayrılıq şeiri yazmaq, həsrət nəğməsi oxumaq, gözü yolda, qulağı səsdə doğulduğun yurdun niskilini çəkmək çox ağır idi.
İndi həsrətlə vüsalın qovuşduğu məqamdı: möcüzələr məkanı, gözəlliklər ünvanı Kəlbəcərim 28 ildən sonra azadlığına qovuşdu. Yurdumun mənfur düşmən tərəfindən işğal olunması çox ağrılı və dözülməz idi. Zəbt etdiyi torpağı tərk etməyə məcbur edilən düşmən son yaranı da vurdu yurduma. Ağacları doğradı, meşələri, evləri yandırdı, tarixi abidələrimizi söküb dağıtdı. Təbiətin möcüzəsini gözü götürməyən vandal Kəlbəcərimi taladı. Vəhşi xislətlinə "sadiq" hay sürüsü dağıdıcı mahiyyətini sonda ortaya qoydu.
Biz dönürük. Doğma yurdun torpağının, daşının, gül-çiçəyinin, arısının-böcəyinin qədrini bilməyə, nazını çəkməyə. Kəlbəcərin qarşısında övlad borcundan çıxmağa, itirdiklərimizi qaytarmağa, bərpa etməyə, doğma yurdun yaralarını sağaltmağa. Bu qayıdışda daş üstə daş tapmasaq da söykənməyə, ana ətirli torpağmıza diz qoyub xatirələrimizi oyatmağa, keçənləri düşünməyə, ötənləri səhifələməyə...ümid cücərdirəm ürəyimdə.

Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir!

İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...

* * *

Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...

* * *
Kimin düşsə bu yerə güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük...

* * *
Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...

* * *
Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
Kəlbəcərə dönürük...

* * *
Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...

* * *
Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...

Namiq Dəlidağlı,
Azərbaycan Yazıçılar Birliyinin
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü




1599 oxunub

InvestAZ