XƏBƏR LENTİ
27 Noyabr 2020
26 Noyabr 2020
25 Noyabr 2020
24 Noyabr 2020



Yaşar Aydəmirov: “Azərbaycanın güclü Ordusu kimi, güclü idmançıları da var”
Müsahibə 15:17 / 20.10.2020

Ordumuzun hər gün bizə bəxş etdiyi zəfər müjdələri tezliklə üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağından xəbər verir. Güclü və intizamlı Azərbaycan Ordusu illərdən bəri işğal altında qalan ərazilərimizi işğalçılardan təmizləyir. Bəli, Ordumuz bu gün güclü və intizamlıdır. Bunu bir zaman Silahlı Qüvvəllərdə xidmət etmiş zabitlər də təsdiq edirlər. Bugünlərdə hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovla görüşüb, söhbət etdik. Vaxtilə Müdafiə Nazirliyində idarə rəisi, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Çin Xalq Respublikasındakı Azərbaycan Səfirliyində attaşe olan Yaşar Aydəmirov hal-hazırda ehtiyatdadır. Heydər Əliyev adına Silahlı Qüvvələr Akademiyasında Hərb Məharəti fənnindən dərs keçən müsahibimiz bizi maraqlandıran suallara aydınlıq gətirdi.

- Cənab general, bir hərbi ekspert kimi bu müharibə haqqında fikirlərinizi bilmək istərdik.

- Məlumdur ki, sentyabrın 27-dən etibarən Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, iriçaplı silahlardan və artilleriya qurğularından Ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmağa başladı. Azərbaycan Ordusu tərəfindən hərbi təxribata cavab olaraq, əks-hücum əməliyyatlarına başlanıldı. Belə ki, ermənilər həm də dövlət sərhədi - Tovuzun Ağdam kəndi istiqamətində yaşayış məntəqələrini də atəşə tuturdular. Onlar kəşfiyyat-diversiya qruplarının fəaliyyətindən yararlanırdı. Buyaxınlarda Azərbaycan Ordusu həmin qrupları darmadağın etdilər və onların erməni əsilli komandiri, baş leytenantı əsir götürüldü. Yaşayış məntəqələri intensiv atəşə tutulurdu. Məhz buna görə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusuna Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarının keçirilməsi əmri verildi. Əks-hücum əməliyyatları nədir? Belə ki, orduda xırda bölmələr həmlə və əks-həmlə keçirlər. İri hissə və birləşmələr isə hücum əməliyyatları keçirir. Biz buna hücum əməliyyatları demirik. Çünki bu təxribatların qarşısını almaq üçün Ordumuz əks-hücum əməliyyatlarına başladı. Qısa bir zamanda cənub istiqamətində Füzuli rayonu, Cəbrayıl rayonunun bir neçə kəndi işğaldan azad olundu. Mərkəz-şimala doğru istiqamətdə isə digər birləşmələrimiz strateji və taktiki yüksəkliklərə yiyələndi. Murov bizim üçün strateji mövqedir. Bununla yanaşı, növbəti günlərdə yenidən bir neçə yaşayış məntəqəsi düşməndən azad olundu. Rəşadətli Ordumuzun uğurları davam edir. Cəbrayıl, Füzuli rayonları, Hadrut qəsəbəsi və ətrafdakı neçə-neçə kəndlər azad olunub. Güclü və mətanətli Azərbaycan əsgəri yaxın günlərdə daha neçə-neçə kənd və şəhərlərimizə bayrağımızı sancacaq. Biz bu gözəl anları yaşamaqdan zövq alırıq.

- Azərbaycan Ordusunun döyüş taktikası bütün dünyanı heyran edir. Sizcə müasir dövr müharibələri məhz belə aparılmalıdır?

- Hərbi dildə desək, hazırkı döyüşləri lokal müharibə də adlandırmaq olar. Amma bizim üçün bu müharibə lokal xarakter daşımır. Biz Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşürük. Budəfəki müharibədə qoşunlardan elə də istifadə olunmur. Fikir versəniz, ilk günlər cənub istiqamətində əməliyyatlar keçirildi. Ordumuz şimal istiqamətində qeyd etdiyimiz kimi, bir sıra əhəmiyyətli yüksəklikləri ələ keçirdi. Bunu klassik döyüş taktikası kimi adlandırmaq olar. Sonradan Azərbaycan Ordusu XXI əsr müharibələri taktikasından istifadə edir. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təqdim edilən video-görüntülərə diqqət yetirsək görərik ki, səmadan aşkar edilən hədəflər bir neçə saniyədən sonra məhv edilir. Buradan aydın olur ki, reaktiv mərmi sistemləri hədəfin yanına deyil, düz üzərinə düşür. Bu nəyi göstərir? Azərbaycan Silahlı Qüvvələri hazırda müasir və dəqiq silahlara malikdir. Biz həmin silahların vasitəsilə düşmənə xeyli zərər vurmuşuq. Onların silah arsenalı demək olar ki, məhv edilib. Ermənilərin vəziyyəti çox ağırdır. Azərbaycan əks-hücum əməliyyatlarına başlayanda onlar səfərbərlik elan etdilər. Çox keçmədi ki, yaşı 70-ə yaxın olanları səfərbərliyə çağırdılar. Tədricən vaxt limitini tamam götürdülər. Könüllüləri, keçmiş döyüşçüləri orduya cəlb etdilər və s. Bu bədbəxtlər başa düşmürlər ki, güclü Azərbaycan ordusu qarşısında məğlub olacaqlar. Onlar artilleriyanı da döyüş xəttinə gətirə bilmir. Belə olduğu təqdirdə tərəfimizdən həmin mövqelər aşkar olunur və havadan endirilən zərbələrdən qurtulmaq olmur.

- Ermənilərin taktikası bu müharibədə nədən ibarətdir?

- Ermənilər ilk gündən hiss etdilər ki, Azərbaycan Ordusu ilə bacara bilməyəcəklər. Onlar Ordumuzun müasir silahlarına qarşı müharibədə aciz qaldılar. Düşmən ölkənin zəif iqtisadiyyatı imkan vermir ki, bizim kimi belə bir güclü silahları öz arsenalına toplasın. Düşmən çıxış yolunu cəbhə xəttində olan yaşayış məntəqələrini atəşə tutmaqda görür. Bu da onların müharibədə hansı taktikanı seçmələrinə nümunədir. Onların silahlı birləşmələri əvvəlcə Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı (Cəbrayıl) ərazilərini hədəf seçdilər. Hətta Mingəçevirə risk edib, raket zərbələri endirmək istədilər. Onların bu cəhdi uğursuz oldu. Lakin ölkənin ikinci böyük şəhəri olan Gəncəyə raket zərbəsi endirməyə müvəffəq oldular. Böyük itkilərlə barışmayan erməni ordusu bu yaxınlarda oktyabrın 11-də Gəncəyə Vardenis (Basarkeçər) istiqamətindən əməliyyat-taktiki raketləri atdılar. Bu isə dinc əhali arasında itkilərə səbəb oldu. Onlar həmin ərəfədə əməliyyat-taktiki raketlərini start xəttinə gətirdilər. Ordumuz onlara nəzarət edirdi. Tərəfimizdən həmin silahlar yerindəcə məhv edildi. Bununla da Gəncəyə növbəti raket zərbəsinin qarşısı alındı. Lakin Ermənistan silahlı qüvvələri beynəlxalq hüquqa zidd olaraq oktyabrın 17-də Gəncə şəhərini "SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketlərlə yenidən hədəfə aldı. Onların bu təxribatı yenidən dinc əhali arasında itkilərə və xəsarət almaya gətirib çıxardı. Onlar artıq Ordumuzun qüdrəti və rəşadəti qarşısında tab gətirə bilmir. Ermənistan tərəfi yaxşı başa düşür ki, Azərbaycan bu müharibədə qalib tərəfdir. Lakin özlərinin ənənəvi çirkin əməllərindən çəkinmirlər. Onlar cəbhə xəttinə yaxın ərazilərə zərb endirməklə panika yaratmağa çalışırlar. Lakin biz onların bu istəyinə çatmasına mane oluruq. Erməni təxribatı bizi sarsıtmır. Əksinə hər bir azərbaycanlı bugünlərdə öz Ali Baş Komandanı, düşmənlə üz-üzə dayanan qəhrəman əsgərilə qurur duyur. Biz əminik ki, yaxın günlərdə xoş müjdəli xəbərlərin sayı daha çox olacaq.


- Ordumuzun azad etdiyi zirvələrin əhəmiyyəti barəsində nə deyərdiniz?

- Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunduqdan sonra Ordumuz böyük bir əraziyə nəzarət edir. Ermənistan ərazisindən, Kəlbəcərdən, Sərsəng su anbarı, Suqovuşan tərəfdən ehtiyatın və hərbi yüklərin gəlməsi Murov yüksəkliyindən aydın görünəcək. Cənub istiqamətində xeyli irəliləyən Ordumuz İranla dövlət sərhədini birləşdirən ərazini işğaldan azad edib. Murovun strateji əhəmiyyəti hesab edirəm ki, bu saydıqlarımı qismən də olsa, özündə ehtiva edir.

"Sərkərdə güclü olmasa,
əsgərdə olan o ruh heç bir
səmərə verə bilməz”


- Birinci Qarabağ müharibəsindən bu günə kimi xeyli vaxt keçib. Bu müddət ərzində Azərbaycan Ordusunda daha nə dəyişdi?

- Mən bir məsələni qeyd etmək istəyirəm. Nə qədər güclü silah olsa da, orduda hər zaman insan amili üstün tutulur. Bu dünya ordularının əsas prinsipidir. Müasir tankın varsa belə, hazır olmayan heyətlə heç nəyə nail ola bilmərsən. Birinci Qarabağ müharibəsində də xalq rəşadətlə vuruşdu. Xeyli yaşayış məntəqələrini geri qaytardıq.
Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə hər bir sahədə olduğu kimi, Ordu quruculuğunda da formalaşma başladı. Ulu öndər yaxşı bilirdi ki, ordu nə vaxt güclü olur. Əgər Ordunun yüksək hazırlıqlı zabitləri varsa, güclü ordu qurmaq mümkün olacaq. Ümummili lider özünün 70-ci illərdə hərbi məktəblərə qəbul etdirdiyi azərbaycanlıları bir araya topladı. Onları rəhbər vəzifələrə təyin etdi. Hamısına deyirdi ki, siz mənim zabitimsiniz. Bizimlə söhbət zamanı o, hər birimizi yaxından tanıdığını bildirmişdi. Kimin nə vaxt hərbi məktəb bitirdiyini dəqiq bilirdi. Bizdə hər zaman vətənpərlik ruhu olub. Sərkərdə güclü olmasa, əsgərdə olan o ruh heç bir səmərə verə bilməz. Mən əminliklə deyirəm ki, Azərbaycan Ordusunun bu gün güclü olmasında Ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var. Bu gün onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev o vaxt ulu öndərin yaradıb təməlini qoyduğu ordunu elə bir yüksək səviyyəyə gətirib çıxarıb ki, dünyanın aparıcı KİV-ləri, hərbi analitik informasiya agentlikləri Azərbaycan Ordusuna yüksək qiymət verirlər. Müasir silahlara və dəmir intizama malik Ordumuz hazırda torpaqlarımızı düşməndən azad edir. Dəyişən budur.

"Görərsən, mənim əsgərim qalib gələcək”

- Hərbidən başqa daha hansı sahələrə maraq göstərirsiniz?

- Hərb sahəsi mənim həyat tərzimdir. Lakin digər sahələrə də maraq göstərirəm. Kitabları sevirəm. Mütaliə etməkdən zövq alıram. İdmana da böyük həvəsim var. Azərbaycan idmançılarının uğurları məni sevindirir. Hələ gənc yaşlarımda olanda "Neftçi” komandasının futbolçularına azarkeşlik edirdim. Sizdən eşitdim ki, "Neftçi”nin əfsanəvi futbolçularından olan Kazbek Tuayevlə birlikdə eyni binada işləyirsiniz. Çox istərdim ki, Kazbek Tuayevlə görüşüm. Qeyd etdiyim kimi, idman yarışlarını yaxından izləməyə çalışıram. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya və Paralimpiya Oyunlarını arenalarda canlı izləmişəm. Həmin vaxt Çin Xalq Respublikasındakı Azərbaycan Səfirliyində hərbi attaşe idim. Fürsət tapıb Azərbaycan idman nümayəndə heyəti ilə görüşüb, idmançılarımızın görüşlərini izləyirdim.

- Cənab general, güclü, qüvvətli və peşəkar idmançılar ordu sıralarında da digərlərindən seçilirlər. Əsgərləriniz arasında peşəkar idmançılar olubmu?

- İkiqat paralimpiya çempionu olan İlham Zəkiyevi az adam olar ki, tanımasın. İlham Zəkiyev mənim əsgərim olub. Biləndə ki, bizim idmançılarımızın görüşü var, həmin vaxt özumü arenaya çatdırdım. Həmin gün paracüdo yarışlarının final qarşılaşmaları keçirilirdi. Səhv etmirəmsə, həmin gün üç idmançımız qızıl medal uğrunda yarışırdı. İki cüdoçumuz finalda braziliyalı və rusiyalı rəqibi ilə bacarmadı. Mən İlhamın görüşünü səbrsizliklə gözdüyürdüm. Övladımla birlikdə idim. O, mənə dedi ki, sənin əsgərin gəlir. Dedim ki, görərsən, mənim əsgərim qalib gələcək. Tatamiyə çıxandan bir neçə saniyə sonra o, çinli rəqibini "ippon”a saldı. Rəqibi qolları arasına salan İlham Zəkiyev çinlini buraxmırdı. Məşqçi Əhməddin Rəcəbli İlhamdan onu buraxmağı tələb etsə də, mənim əsgərim inadından əl çəkmirdi. Zalda olan 23 minə yaxın çinli susmuşdu, yalnız 20-25 nəfər azərbaycanlının səsi gəlirdi. Nəhayət İlham "ippon” etdiyindən əmin olduqdan sonra rəqibini buraxdı. Zaldakı azarkeşlərin hamısı mənim əsgərimin qələbəsini ayaqüstə alqışladı. Sevincdən ağlamaq istədim, lakin özümü ələ aldım. Yarışdan sonra onunla görüşdüm. O məndən çıxışı barədə soruşanda, dedim ki, sən əsl döyüşçüsən. Azərbaycanın güclü Ordusu kimi, güclü idmançıları da var. Mən hesab edirəm ki, idman və bədən tərbiyəsi hər bir insanın həyat tərzinə çevrilməlidir. Çünki idman insanı həm fiziki, həm də mənəvi cəhətdən hazırlıqlı edir. Ordu sıralarında da idmana xüsusi diqqət yetirilir. Hər bir əsgər və zabit fiziki cəhətdən sağlam olmalıdır. Bu sonradan təlim və döyüşlərdə öz sözünü deyir.


Aslan Şirəliyev,
Anar Əhmədov

1459 oxunub

InvestAZ