XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Olimpiya​ kateqoriyalı hakimin 55 yaşı tamam olur
İdman 11:39 / 01.08.2020
Bu gün​ "Şöhrət” ordenli, "Tərəqqi” medallı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunan, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Dünyanın ən yaxşı güləş hakimi”, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, əməkdar məşqçi, eyni zamanda, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi və akademiyanın Fiziki hazırlıq kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifovun 55 yaşı tamam olur.​
Hicran Şərifov 1965-ci il avqustun 1-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya Akademiyasına daxil olub. Əmircan qəsəbəsindəki Suraxanı maşınqayırma zavodunda elektrik vəzifəsində çalışıb, 1993-cü ildən Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Hazırda Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi və fiziki hazırlıq kafedrasının baş müəllimi vəzifəsində çalışan Hicran Şərifov DİN-də gənc kadrların hazırlanmasında böyük pay​ sahibdir. Xidmətlərinə görə DİN rəhbərliyi tərəfindən "Əla xidmətə görə” döş nişanı, "Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallarla təltif edilib.
Hicran Şərifov idman sahəsində mühüm uğurlar qazanan, ən titullu məşqçilərdən biridir. Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi 2008-ci ildə Pekin Yay Olimpiadasında, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında güləş üzrə beynəlxalq hakimlər briqadasının tərkibində ölkəmizi layiqincə təmsil edib. Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə onun əməyini yüksək qiymətləndirərək "Tərəqqi” medalı ilə təltif edib. 2010-cu ildə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” adına layiq görülən hakim iki il sonra London-2012 Yay Olimpiya Oyunlarında "Dünyanın ən yaxşı güləş hakimi” elan edilib və "Qızıl fit” mükafatına sahib olub.​
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncamla Hicran Şərifovun "Şöhrət” ordeni ilə təltif edilməsi isə onun xidmətlərinə dövlətimiz tərəfindən verilən yüksək qiymətin daha bir göstəricisi idi.
1999-cu ildən "Neftçi” İdman Sağlamlıq Mərkəzində məşqçi-müəllim vəzifəsində işləyən Hicran Şərifov hazırda "Cəngi” Güləş Klubunun rəhbəridir. Onun Azərbaycan idmanı üçün yetişdirdiyi güləşçilər sırasında ikiqat Avropa çempionu, dünya çempionatının qızıl və gümüş mükafatçısı, Pekin və London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramov, yeniyetmələr arasında dünya çempionatının, Avropa birinciliyinin, Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, ilk Avropa Oyunlarının bürünc mükafatçısı Elman Muxtarov, yeniyetmələrin Avropa və dünya mükafatçıları Elnur Həsənov, Seymur Hüseynov kimi güləşçilərimiz var.
Hicran Şərifov tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında da Azərbaycanı layiqincə təmsil edən hakimlərdən biri olub. Hicran Şərifov Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə mükafatlandırılıb.
Bütün bunlar Azərbaycanda idmançılara, onları yetişdirən müəllimlərə, məşqçilərə dövlətimizin göstərdiyi yüksək diqqət və qayğının əyani təzahürüdür. Bu dəstəyi hər zaman hiss edən idmançılarımız, məşqçilərimiz və hakimlərimiz də beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək dövlətimizə başucalığı gətirmək üçün əllərindən gələni əsirgəmirlər.
İnanırıq ki, ömrünün 55-ci baharını yaşayan Hicran Şərifov da ona göstərilən etimadı bundan sonra da layiqincə doğruldacaq və Azərbaycana hələ uzun müddət Avropa, dünya çempionları yetişdirəcək. Hakim kimi iştirak etdiyi beynəlxalq turnirlərdə isə Azərbaycanın daim yüksəlişdə olan nüfuzunu artırmaq üçün hər bir qərarında ədalətli və diqqətli olacaq. Həm Azərbaycan polisinin fədakar təmsilçisi, həm də Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim kimi Hicran Şərifov Vətənə şərəflə xidmət edib, Azərbaycan adını uca tutmağa çalışıb. "Olimpiya dünyası" qəzeti olaraq bu gün 55 illik yubiley sevincini yaşayan Hicran Şərifova uzun ömür, cansağlığı, Azərbaycan idmanının inkişafı və təbliği yolundakı şərəfli fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzu edirik.

19487 oxunub

InvestAZ