XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Buxarestdə Avro-2020-nin final mərhələsinin püşkatma mərasimi keçirilib
İdman 11:05 / 01.12.2019


Türkiyə, Uels və İsveçrə yenidən Bakıya gələcək


Noyabrın 30-da Buxarestdə futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının (Avro-2020) final mərhələsinin püşkü atılıb. Püşkün nəticələrinə əsasən, Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb. Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B, Hollandiya, Ukrayna, Avstriya və UEFA Millətlər Liqasının A, yaxud D liqasının qalibi olacaq komanda C qrupunda mübarizə aparacaqlar. D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Millətlər Liqasının C liqasının qalibi yarışacaqlar. İspaniya, İsveç, Polşa və B liqasının qalibi olacaq komanda E qrupunda yer alıblar. Sonuncu - F qrupunda isə Millətlər Liqasının A və ya D Liqasının qalibi, Portuqaliya, Fransa və Almaniya seçmələri qarşılaşacaqlar.
Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.
Azərbaycan paytaxtında - Bakı Olimpiya Stadionunda A qrupunun 3, dörddəbir final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. Türkiyə yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, iyunun 13-də Uels və İsveçrə yığmaları Bakı Olimpiya Stadionunda qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək.
Qeyd edək ki, Avro-2020-yə son 4 vəsiqə uğrunda UEFA Millətlər Liqasında daha yaxşı çıxış etmiş 16 komanda mübarizə aparacaq. Noyabrın 22-də püşkatmadan sonra liqalar üzrə yarımfinallarda qarşılaşacaq rəqiblər aşağıdakı kimi müəyyənləşib:
A liqası: İslandiya - Rumıniya və Bolqarıstan - Macarıstan.
B liqası: Bosniya və Herseqovina - Şimali İrlandiya və Slovakiya - İrlandiya.
C liqası: Şotlandiya - İsrail və Norveç - Serbiya.
D liqası: Gürcüstan - Belarus və Şimali Makedoniya - Kosovo.
Bu görüşlər gələn ilin martında keçiriləcək. Avro-2020-nin final mərhələsində qruplarda ilk iki yeri tutacaq komandalar, habelə üçüncü yeri tutan yığmalar arasında ən yaxşı nəticə göstərən yığmalar səkkizdəbir finala yüksələcəklər. Avropa çempionatının final mərhələsi iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Çempionatın final matçı Londonun "Uembli”stadionunda baş tutacaq.
Avro-2020-nin
qrup mərhələsinin təqvimi:
AÇ-2020

Qrup mərhələsi

12 iyun
A qrupu. Türkiyə - İtaliya (Roma, "Olimpiko” stadionu)

13 iyun
A qrupu. Uels - İsveçrə (Bakı Olimpiya Stadionu)
B qrupu. Danimarka - Finlandiya Kopenhagen ("Parken” stadionu)
B qrupu. Belçika - Rusiya (Sankt-Peterburq. "Krestovski” stadionu)

14 iyun
C qrupu. Hollandiya-Ukrayna (Amsterdam. "Yohan Kroyf Arena”)
C qrupu. Avstriya - D Liqasının qalibi. (Buxarest, "Nasyonal Arena”)
D qrupu. İngiltərə - Xorvatiya (London, "Uembli” stadionu)
15 iyun
D qrupu. C Liqasının qalibi - Çexiya (Qlazqo, "Hempden Park”)
E qrupu. İspaniya - İsveç. Bilbao ("San Mames” stadionu)
E qrupu. Polşa - B Liqasının qalibi (Dublin. "Aviva” stadionu)

16 iyun
F qrupu. A Liqasının qalibi - Portuqaliya (Budapeşt. "Puşkaş Arena”)
F qrupu. Fransa - Almaniya. (Münhen "Alyans Arena”)

17 iyun
A qrupu. Türkiyə - Uels (Bakı Olimpiya Stadionu)
A qrupu. İtaliya - İsveçrə (Roma, "Olimpiko” stadionu)
B qrupu. Finlandiya - Rusiya (Sankt-Peterburq. "Krestovski” stadionu)

18 iyun
B qrupu. Danimarka - Belçika (Kopenhagen, "Parken” stadionu)
C qrupu. Hollandiya - Avstriya (Amsterdam, "Yohan Kroyf Arena”)
C qrupu. Ukrayna - D Liqasının qalibi (Buxarest. "Nasyonal Arena”)

19 iyun
D qrupu. Xorvatiya - Çexiya (Qlazqo, "Hempden Park”)
D qrupu. İngiltərə - C Liqasının qalibi (London, "Uembli” stadionu)
E qrupu. İsveç - B Liqasının qalibi (Dublin. "Aviva” stadionu)
20 iyun
E qrupu. İspaniya - Polşa. (Bilbao. "San Mames” stadionu)
F qrupu. A Liqasının qalibi - Fransa. (Budapeşt. "Puşkaş Arena”)
F qrupu. Almaniya - Portuqaliya. (Münhen. "Alyans Arena”)

21 iyun
A qrupu. İsveçrə - Türkiyə (Bakı Olimpiya Stadionu)
A qrupu. İtaliya - Uels (Roma, "Olimpiko” stadionu)

22 iyun
B qrupu. Danimarka - Rusiya (Kopenhagen. "Parken” stadionu)
B qrupu. Finlandiya - Belçika (Sankt-Peterburq. "Krestovski” stadionu)
C qrupu. Hollandiya - D Liqasının qalibi (Amsterdam, "Yohan Kroyf Arena”)
C qrupu. Avstriya - Ukrayna (Buxarest. "Nasyonal Arena”)

23 iyun
D qrupu. Xorvatiya - C Liqasının qalibi (Qlazqo. "Hempden Park”)
D qrupu. İngiltərə - Çexiya (London. "Uembli” stadionu)

24 iyun
E qrupu. B Liqasının qalibi - İspaniya (Bilbao. "San Mames” stadionu)
E qrupu. İsveç - Polşa (Dublin. "Aviva” stadionu)
F qrupu. Portuqaliya - Fransa (Budapeşt. "Puşkaş Arena”)
F qrupu. Almaniya - A Liqasının qalibi (Münhen. "Alyans Arena”)


Elxan Məmmədov: "Böyük futbol
bayramının birbaşa iştirakçısı olacağıq”
"Buxarest şəhərində təşkil olunmuş püşkatma mərasimində AFFA-nın rəhbərliyi ilə birgə iştirak etdik. Sevindirici haldır ki, Bakı Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərdən biridir. Qrup mərhələsinin 3 oyunu ilə yanaşı, Bakı 1/4 final mərhələsinin oyunlarının keçiriləcəyi 4 şəhərin də sırasındadır. Böyük futbol bayramının birbaşa iştirakçısı olacağıq. Xüsusilə, Türkiyə millisinin qrup mərhələsində Bakıda iki oyun keçirəcəyi bizləri sevindirir”.
Bu sözləri Avropa çempionatının final mərhələsinin püşkatma mərasimindən danışarkən AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, Türkiyə futbolunun Azərbaycanda azarkeşləri çoxdur. Üstəlik, Türkiyədən öz milli komandalarının oyununu stadionda izləmək istəyənlər üçün ən rahat, ən yaxın və ən doğma şəhər Bakıdır.
"Bu baxımdan bizim üçün çox şanslı püşkatma oldu ki, Türkiyə millisi Bakıda oynayacaq. Eyni zamanda, Türkiyə komandası üçün də uğurlu alındı ki, rəqibləri ilə Azərbaycan paytaxtında qarşılaşacaq. Uelsli və isveçrəli azarkeşləri də Bakıda gözləyirik”, - deyə AFFA-nın baş katibi vurğulayıb.

Nihat Özdəmir:
"Bakı öz evimiz sayılır”

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir Avro-2020-in püşkatmasını şərh edib.
Qurum rəhbərinin "Euronews”ə verdiyi müsahibədə bildirilir: "Bizim məqsədimiz final mərhələsinə düşmək idi. Yaxşı qrupa düşdük. Bakı öz evimiz sayılır. Hər zaman deyirik, bir millət, iki dövlətik. Yaxşı komandamız var. Azərbaycanda oynamaq bizə qürur verəcək. İtaliyanı tariximizdə məğlub edə bilməmişik. Onlar seçmə mərhələdə qrupda 10 oyunun hamısında qalib gəliblər. İtaliyaya ilk məğlubiyyəti yaşatmaq istəyirik. Futbolçularımıza və baş məşqçimizə çox güvənirik. Azərbaycanda öz evimizdəki kimi oynayacağıq. İnşallah, yaxşı nəticə qazanarıq”.

Şenol Günəş:
"Xeyirli olsun. Biz Bakını istəyirdik”

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin final mərhələsindəki ev oyunlarından ikisinin Bakıda keçiriləcəyinə münasibət bildirib. O, Türkiyə mətbuatına açıqlamasında əvvəldən Bakıda oynamaq istədiklərini açıq-aşkar bəyan edib: "Xeyirli olsun. Biz Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək önəmli idi. Qürurvericidir. İnşallah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik”

Vladimir Petkoviç:
"Evdə oynamaq üstünlükdür”

İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin final mərhələsinin püşkünü dəyərləndirib. "Püşkdən əvvəl də demişdim ki, Romada İtaliya ilə qarşılaşmaq istəyirik. İnanıram ki, bu, qarşılıqlıdır. Yeganə problem Bakı ilə olan məsafədir. Nəyi necə edəcəyimizi planlaşdırmalıyıq.
İtaliya qrupda favoritdir. Digər üç yığma 2-ci yer uğrunda mübarizə aparacaq. İtaliyalılar Avropa çempionu ola bilərmi? Bəli, namizədlər arasında onlar da var. Digər tərəfdən, evdə oynamaq üstünlükdür. Romada cəmi 1 oyun keçirəcəyik”, - deyə Petkoviç bildirib.


Rayan Giqqz:
"Azərbaycan bizi ikinci ölkəmiz
kimi qəbul edə bilər”

Uels yığmasının baş məşqçisi Rayan Giqqz yerli mətbuata püşkatma barəsində və Bakıdakı oyunlar haqqında məlumat verib. O, deyib: "Bu yaxınlarda Bakıya səfər etmişdik. Yaxşı səfər oldu. Orda qələbə qazandıq və yaxşı təcrübə topladıq. Yenidən Bakıya gedəcəyik. Yerli şərait və isti havalardan asılı olmayaraq, Bakıda qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi. Biz oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq. Orada olduğumuz vaxt həmin obyektlərin gözəlliyinin şahidi olduq. Bu iki matçla Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər”.

19625 oxunub

InvestAZ