XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Ürəyin yaşını vətənpərvərlik müəyyənləşdirir
İdman 13:40 / 09.03.2026

Bayram Heydər oğlunu özündən böyüklər də tanıyırdı, sevirdi, kiçiklər də. Bayram böyük­lərin kiçik qardaşıydı, kiçiklərin böyük qardaşı. Böyüklərlə də ədəb-ərkanla davranırdı, kiçiklərlə də. Bunu hamı duyurdu, görürdü, digərlərinə nümunə göstərirdi.

Zəngilan şəhərində Heydər dayının evi stadionun yaxınlığındaydı. Burada keçirilən müxtəlif yarışlara camaaat axın-axın gəlirdi, yaxınlıqda bulaq olmadığından susayanlar yaxınlıqdakı evlərin qapısını döyür­dü, su istəyirdi.Heydər dayının qapısını Zəngilanlılar həmişə ərklə döyərdi. Bu qapıdan heç kim naümid qayıtmazdı. Təkcə suya görə deyil, istənilən təmənnaya görə; Heydər dayınınn evinin ha­mı­nın üzünə açıq olan qapısının arxasında heç kim qədərindən çox dayanmazdı. Onsuz da həmişə hamının üzünə açıq olan qapı bir-iki döyülüşdən sonra açılardı. Xatırlayıram: Zəngilanda belə qapılara səxavət qapısı deyər­dilər...

Bayram ata öyüdləriylə, ana nəsihətləriylə bu ailədə böyümüşdü, formalaşmışdı, yeniyetmə­ləş­mişdi. Yaşıdlarından heç nə ilə fərqlənmirdi. Həyətləri yamyaşıl və güllü-çiçəkli olardı. Bu yaşıllıq, gülzarlıq onun ruhu­nun səm­ti­ni müəyyənləşdirirmiş. Gözəlliyə, təbiətə, təbiətin timsalında insanlara sevgisi formala­şır­mış. Bayram yaxşı oxuyurdu, həm də gücü çatdığı işin qulpundan yapışırdı...

Əlaçı idi, müəllimləri deyirdi ki, məktəbin, sonradan rayonun ictimai həyatında Bayramın fəal­lığı aşağı siniflərdən sezilirdi. Stadionun yaxın olması onda idmana da maraq oyatmışdı. Lakin bu maraq onun həyat tərzinə çevrilmədi, asudə vaxtlarının zaman ortağı oldu. Mütaliəni sevən, oxu­duqda düşüncələri formalaşan Byaram həyatın fəlsəfəsini dərk etməyə meyilli idi və bu meyil onu kitablar dünyasının aludəçisi eləmişdi. Ədəbiyyatı da sevirdi,tarixi də sevirdi, ingilis dilini də. 50-55 il əvvəl soruşan olsaydı ki, hansı dilin cəfakeşi olmaq istəyirdin, Bayram tərəddüd etmədən deyərdi: Ana dilimin, öz ədəbiyyatımızın. İngilis dilinə marağım da Azərbaycan dilinə sevgimin təzahürüdür. İmkanım olsa, niyyətimə çatsam Azərbaycanlı yeniyetmələrin, gənclərin həm də ingilis dilini mü­kəm­məl bilmələrinin cəfakeşi olacam. Niyyətinə çatdı...

Bayram Məmmədov SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) ingilis dili fakültəsinin ingilis-azərbaycan dilləri şöbəsinə qəbul olundu. Oxudu, ali təhsil aldı. Təyinatla Zəngilana qayıtdı. Müəllim işlədi. İllərin o üzündən boy göstərən niyyəti gerçəkləş­miş­di...

Sözə vurğunluğu onu söz yolunun yolçusu eləyibmiş; rayon qəzetində ("Kənd həya­tı”, son­radan "Zəngilanın səsi”) kənd təsərrüfatından, digər sahələrdə aparılan quru­cu­luq işlə­rin­dən məqalələr yazırdı. Komsomol, partiya işçisi kimi kəndlərə, təsərrüfatlara səfərləri həm də maraqlı və düşündürücü məqalələrlə nəticələnirdi.

Ermənistan Azərbaycana qarşı elan etmədən müahribəyə başlayanda digər sərhədyanı rayon­larda olduğu kimi Zəngilanda da ərazi özünümüdafiə taboru yaradılmışdı. Taborla bir sırada əhali də Zəngilanı qoruyurdu. Bu taborun komandiri Bayram Məmmədov idi. Döyüşənlər ona ina­nır­­dı. Onun söhbətləri əsl vətənpərvərlik dərsləri olurdu. Döyüşçülərin döyüş əzmini, qələbə ruhu­nu da­ha da yüksəldən bu söhbətlər Zəngilanın müdafiəsində olduqca əhəmiyyətli olurdu…

Rayonu müdafiə etmək mümkün olmadı…

Bayram Məmmədov xidmətini əvvəlcə Silahlı Qüvvələrin Arxa Cəbhəsində, sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində davam etdirdi. Ordu sırala­rın­dan tərxis edildikdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini - baş müəllimi, milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi – dosent və xarici dillər bölməsinin baş müəllimi-bölmə rəisi işlədi. Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman-German dilləri bölməsinin baş müəllimi vəzifəsində çalışdı. Hərbi Akademiyada ingilis dilinin daha səviyyəli tədrisi, dilin müdavimlərə daha əhatəli mənimsədilməsi məqsədi ilə dəfə­lər­lə xarici dövlətlərə yaradıcılıq ezmiyyətlərinə göndərildi. Müəllimlik səriştəsi Azərbaycan Ordusunun zabitlərinin ingilis dilini öyrənməsində, təkmilləşməsində, daha yüksək səviyyədə mənimsəməsində gərəkli pe­daqoji vasitə oldu. Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona "Əməkdar müəllim” fəxri adı verildi.

Hər iki dilə yüksək səviyyədə vaqif olmayan lüğət tərtib edə bilməz. Lüğət tərtib edən mü­tə­xəs­sis dillərin hər ikisinin zəngin söz tərkibinə olduqca geniş səviyyədə bələd olmalıdır, yox­sa belə bir işi uğurla yerinə yetirmək müm­kün deyil. Bayram Məmmədovun tərtib etdiyiingilis di­lin­də "Hər­bi qısaltmalar lüğət"i ordumuzun zabitlərinə əhəmiyyətli dərəcədə gərəkli oldu. "Azər­baycanca-ingiliscə, ingiliscə-azərbaycanca hərbi-siyasi lüğət" də hazırladı. Mütəxəssislər bu lüğəti dil­çi­lik elmi üçün olduqca əhəmiyyətli iş adlandırıb. Bu lüğətlər Azərbaycan Ordusunun zabit kor­pu­sunun hər­bi bilikləri daha mükəmməl mənimsəməsində gərəkli oldu...

Bayram Məmmədov Milli Məclisdə işləyir...

İstefada olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov mətbu yaradıcılıqla da məşğuldur. Rayonumuzun həyatından, tanınmış ziyalılarından, əmək, elm adamlarından, müx­təlif vəzifələrdə işləyənlərdən yazdığı məqalələr onun həm yaradıcılıq manifestidir, həm də vətən­pər­vərliyinin hesabatıdır.

70 Bayram Heydər oğlu Məmmədovun özünün yaşıdı, onun ürəyinin yaşı daha möhtəşəmdir. Vətənə xidmətinə görə!

Mahir CAVADLI,

İstefada olan polkovnik


157 oxunub

InvestAZ