XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Yunan-Roma güləşçilərimizin qarşılanma mərasimi təşkil olunub
İdman 16:15 / 06.08.2019

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında keçirilən dünya çempionatında ikinci yeri tutan yunan-Roma güləşi millimiz avqustun 5-də vətənə qayıdıb.
Çempionatda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq, uğurlu çıxışla azarkeşləri sevindirən yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeraportunda qarşılanma mərasimi təşkil olunub. Pəhləvanlarımızı onların yaxınları, Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, yeniyetmə güləşçilər və məşqçilər, eləcə də KİV nümayəndələri qarşılayıb.
Sofiyada uğurlu çıxış edən komanda üzvlərini təbrik edən AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov deyib: "Bu güləşçilərin bir qismi Avropa çempionatında və Avropa Gənclər Olimpiya Festivalında (EYOF) uğurlu çıxış etmişdi. Ümumiyyətlə, komandamız il ərzində yüksək səviyyədə təlim-məşq toplanışları keçmişdi. Bu səbəbdən bu nəticələri dünya çempionatında gözləyirdik. Bəzi idmançılar daha yaxşı çıxış etsəydi, komanda hesabında birinci yeri də tuta bilərdik. Artıq bu komandanın bir çox üzvü bundan sonra gənclər kateqoriyasında iştirak edəcək. Onların bir neçəsi böyüklərdən ibarət yığmanın tərkibində təlim-məşq toplanışında da yer alacaq. Dünya çempionatındakı bu nəticələr Azərbaycan güləşinin, Azərbaycan idmanının daha bir uğurudur. Hesab edirəm ki, bu uğurların davamı gələcək”.
Yeniyetmələrdən ibarət yığmanın böyük məşqçisi Taleh İsrafilov isə komandanın çıxışını dəyərləndirərkən bildirib: "Dünya çempionatında 3 qızıl medal qazana bilərdik. Elmir Əliyev finalda daha diqqətli güləşsəydi və hakimlər daha obyektiv idarəçilik etsəydi, qızıllarımızın sayı 3 olacaqdı. Laçın Vəliyevin ilk görüşdə zədəsi oldu. Ancaq həkimimizin müdaxiləsi nəticəsində problemi aradan qaldırmaq mümkün oldu".
Sonda dünya çempionlarımız qələbə təəssüratlarını bölüşüblər.
Nihat Məmmədli vurğulayıb ki, EYOF-da qızıl medal qazanmasam da, bu yarışa daha yaxşı hazırlaşdım. Sofiyada daha yaxşı güləşdim, 5 görüşdə qələbə qazandım və dünya çempionu oldum.
Laçın Vəliyev deyib: "İlk görüşdə qolumdan zədələnsəm də, həkim müdaxiləsindən sonra problem aradan qalxdı. Finalda Avropa çempionatında uduzduğum Rusiya idmançısıyla qarşılaşdım. Bu dəfə psixoloji cəhətdən daha yaxşı hazırlaşdığım üçün rəqibimə qalib gələrək dünya çempionu oldum”.
Xatırladaq ki, dünya çempionatında Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) qızıl, Ziya Babaşov (48 kq) ilə Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıblar.

19452 oxunub

InvestAZ