Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlar qazanırlar.
Olimpnews.az xəbər verir ki, onların bu uğurları Azərbaycan şairləri və yazıçılarının əsərlərində də öz əksini tapır.
Şair Tapdıq Əlibəyli Afina-2004 Yay Olimpiya Oyunlarının çempionu Fərid Mansurova şeir həsr edib. Həmin şeiri oxucularımıza təqdim edirik.
VƏTƏN ALQIŞ DEYİR FƏRİD OĞLUNA
Olimpiya çempionu Fərid Mansurova
İdman zirvəsidir Olimpiada,
Üçrəngli bayrağım ucaldı orda.
Uzaq Afinadan yayıldı səda:
Vətən alqış deyir Fərid oğluna.
Dildən-dilə düşüb güləşçi igid,
Qürur rəmzimizə dönübdür Fərid.
Dünya beş qitəylə şahiddir,şahid,
Vətən alqış deyir Fərid oğluna.
Torpağa bağlıdır əzəmət,qüdrət,
Təpər yaddaşından almışan qüvvət,
İdman şərəfimiz –milli bir qeyrət,
Vətən alqış deyir Fərid oğluna.
Şanlı tarix yazdın tarixi gündə,
Bütün bu dünyanın gözü önündə.
Qızıl medalınla yurda dönəndə,
Vətən alqış deyir Fərid oğluna.
Gülür bayrağımız,himnimiz üzə,
Qələbə sevinci yaşatdın bizə.
Tapdıq fərəhindən üz tutdu sözə,
Vətən alqış deyir Fərid oğluna.
Tapdıq Əlibəyli
455 oxunub