BOK idmançıların beynəlxalq yarışlarda iştirak hüququnun qorunması üçün tədbirlər görür
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bütün idmançıların, komandaların və idman rəsmilərinin ev sahibi ölkə tərəfindən heç bir ayrı-seçkiliyə məruz qalmadan beynəlxalq idman yarışlarında iştirak edə bilməli olduqlarını vurğulayıb. Bu prinsip Olimpiya Xartiyasının əsasını təşkil edən ayrı-seçkiliyə yol verilməməsi, muxtariyyət və siyasi neytrallıq prinsiplərinə tam uyğundur.
Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
BOK, oktyabrın 19-da İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilməli olan 53-cü Bədii Gimnastika üzrə FIG dünya çempionatında iştirakı üçün İndoneziya hökumətinin İsrailin gimnastika nümayəndə heyətinə viza verməkdən imtina etməsi ilə bağlı yaranmış vəziyyətdən dərin narahatlığını ifadə edib.
BOK məsələ ilə bağlı Beynəlxalq Gimnastika Federasiyası (FIG), İndoneziya Milli Olimpiya Komitəsi və İndoneziya hökuməti ilə əlaqə saxlayıb, lakin indiyədək razılaşma əldə edilməyib. BOK yaranmış vəziyyəti təəssüflə qeyd edib və bu məsələnin növbəti İcraiyyə Komitəsinin iclasında müzakirə olunacağını bildirib.
Bununla əlaqədar olaraq, BOK İcraiyyə Komitəsi aşağıdakı qərarları qəbul edib:
• İndoneziya hökuməti bütün iştirakçılara, milliyyətindən asılı olmayaraq, ölkəyə sərbəst giriş təminatını təqdim edənədək, BOK-un İndoneziya Milli Olimpiya Komitəsi ilə gələcək Olimpiya tədbirləri barədə danışıqları dayandırmaq;
• Beynəlxalq Federasiyalara tövsiyə etmək ki, analoji zəmanət təmin olunmayınca, İndoneziyada heç bir beynəlxalq idman tədbiri təşkil edilməsin;
• Olimpiya təsnifat yarışlarının ev sahibliyi müqavilələrinə bütün idmançılar üçün ölkəyə giriş zəmanəti ilə bağlı müddəa daxil edilməsini tələb etmək;
• İndoneziya Milli Olimpiya Komitəsini və FIG-i vəziyyəti müzakirə etmək üçün Lozannadakı BOK qərargahına dəvət etmək.
BOK bir daha bildirir ki, idman siyasətdən kənar qalmalı, idmançılar isə heç bir siyasi qərarın qurbanı olmamalıdırlar. Olimpiya Hərəkatı dünyanın müxtəlif bölgələrindən olan insanları sülh, dostluq və qarşılıqlı hörmət ruhunda bir araya gətirən qüvvə kimi qalmaqda davam etməlidir.
393 oxunub