1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 28 May-Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
Müstəqilliyini bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Bir tərəfdən Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilir, digər tərəfdən hakimiyyət çəkişmələri, səriştəsiz rəhbərlər, AXCP-Musavat cütlüyünün xəyanəti, ölkədə siyasi vəziyyətin idarəolunmaz xarakter alması, xaos, anarxiya, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması vəziyyəti yaratdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.
Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və dağılma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. Beləliklə, Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qaydışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi.
Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın yekdil və qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı. İnamla demək lazımdır ki, yalnız 1993-cü ilin yayında (iyun ayının 9-da) xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ-dövlət müsəqilliyinin möhkəmləndirilməsi, real quruculuğu başlandı. Öz müstəqilliyini bəyan etmiş Azərbaycanın müstəqil ordusunun yaradıılması tarixi zərurət idi. Ermənistanın ölkəmizə xaincəsinə basqını və torpaqlarımiızın 20 faizindən çoxunu zəbt etməsi bizi azadlıq uğrunda müharibəyə qaldırdı. Qanlı döyüşlər getdi. 2 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan xalqına "Qalx ayağa Azərbaycan” deyə müraciət etdi. Onun müraciəti bütün Azərbaycan vətəndaşları kimi, əsgərlərimizi, matrosçularımızı, gizirlərimizi və generallarımızı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırdı. Azərbaycanın xoşbəxt gələcəyinə inamı daha da artdı. 1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində ümummilli liderimiz Heydər Əliyevin səngərlərimizə şəxsən baş çəkməsindən sonra isə döyüşçülərimiz, Füzuli, Goronboy cəbhələrində itirilmiş torpaqlarımızın bir hissəsini azad etdilər və Tərtər bölgəsində düşmən qüvvələrinə imkan vermədilər. Düşmən xeyli itgiyə məruz qaldı. Xankəndi ətrafında düşmənlə döyüşə girən, Etibar İsmayılovun şücaəti buna parlaq misaldır. Etibar düşmən tankının altına atılaraq onu partlatmış, özü həlak olmuş və otuz nəfər azərbaycanlı əsgəri ölümdən xilas etmişdir.
İndi həmin vaxtdan 32 il keçir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1990-cı ildən yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı.
2025-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Azərbaycan xalqı bu günkü həyata asanlıqla çatmamış, böyük mübarizə yolu keçmişdir. Biz XXI əsrdə xalqımızın mübarizəsi, başına gətirilən müsibətlər haqqında əsl həqiqəti gəncliyə vaxtında çatdırmalı, onları mənəvi cəhətdən ruhlandırmalı, tarixin qanlı hadisələrini unutmamağa və gələcək hadisələrə hazırlamalıyıq.
Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ən əsası isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur.
Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Tarixi Zəfərimiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır. 2023-cü ilin 19 sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatından sonra indi üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə qürurla dalğalanır. Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Bu gün bizim borcumuzdur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq. Onun layiqli davamçısı İlham Əliyevin ətrafında sıx birləşək, Azərbaycan naminə yaşayaq, yaradaq.
Artıq son beş ildir ki, bütün dünya azərbaycanlıları ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində əldə etdiyi şanlı Qarabağ Zəfərini böyük təntənə, sevinc və qürurla qeyd edir.
Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin əzəli yurdlarına qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən yüzlərlə ailənin Zəngilana, Laçına, Füzuliyə, Şuşaya, Cəbrayıla qayıdışı təmin olunmuş, köçürmə prosesi davam etməkdədir.
Danılmaz həqiqətdir ki, nəinki ölkə vətəndaşları, eləcədə bütün dünya azırbaycanlıları Müstəqil Azərbaycan dövləti və onun yenilməz Prezidenti cənab İlham Əliyevlə qürur duyur, fəxr edirlər.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Dilqəm Quliyev,
Pedaqogika üzrə elmlər doktoru,
professor