Bu gün Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalının ilk yarış gününə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan komandasının 4 idman növündə 16 idmançısı mübarizəyə başlayıb. Təmsilçilərimizdən 8-i atletika, 4-ü üzgüçülük, 2-si güllə atıcılığı, 2-si isə badminton yarışlarında iştirak edib.
Komandamızın nəticələrini təqim edirik:
Üzgüçülük
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə yerləşən "Centar” Olimpiya Üzgüçülük Mərkəzində üzgüçülük yarışlarına da start verilib. İlk yarış günündə dörd üzgüçümüz mübarizə aparıb.
Təmsilçilərimizdən ən yaxşı nəticəni 200 m məsafəyə batterflay üsulu üzrə yarışda mübarizə aparan idmançımız Mehri Əbdürəhmanlı göstərib. O, 2:35.07 saniyə nəticə ilə yarımfinala vəsiqə qazanıb.Bu mərhələdə 2.37.32 nəticə göstərən idmançımız finala yüksələ bilməyib.
Digər təmsilçilərimizdən Ramal Sadıqlı 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında 4:17.51 nəticə ilə 26-cı, Fərhad Şirməmmədli isə 4:23.76 saniyə nəticə ilə 30-cu olaraq finala yüksələ bilməyib.
Komandamızın digər üzvü Vlastilina Xasyanova isə arxasıüstə üzgüçülük yarışında 2:29:31 nəticə göstərib. Bu nəticə ilə 30-cu olan idmançımız yarımfinal mərhələsindən kənarda qalıb.
Atletika
Bu gün atletika yarışlarında 8 idmançımız mübarizə aparsa da təmsilçilərimizdən heç biri mərhələ adlaya bilməyib. Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski milli stadionunda təşkil olunan yarışda ilk olaraq Safiya Kərimova mübarizəyə başlayıb. O, I mərhələnin III təsnifat yarışında 100 m məsafəyə qaçışda 13,09 nəticə göstərib. Təəssüf ki, bu nəticə idmançımızın yarımfinala vəsiqə qazanmaq üçün ilk "səkkizliyə” düşməsinə kifayət etməyib.
Digər təmsilçilərimizdən Həmid Nəbiyev isə 100 m məsafəyə yarışda 11.38 saniyə nəticə ilə təsnifat mərhələsini keçə bilməyib.
İsgəndər Əsgərov isə 800 m məsafəyə qaçışda təsnifat yarışını 1:59.41 saniyəyə qət edib ki, bu da onun növbət mərhələyə yüksəlməsi üçün yetərli olmayıb.
Komandamızın digər üzvü Mələk Hüseynova uzunluğa tullanma yarışlarında mübarizəyə başlayıb. O, 4.90 m nəticə ilə A qrupunda sonuncu olub.
Bu gün axşam sessiyasında isə daha dörd idmançımız mübarizəyə başlayıb. Təmsilçilərimizdən Əmir İsmayılov I mərhələnin II təsnifat yarışında 110 m sədlərlə qaçışda 14.44 nəticə göstərib. Bu, idmançımızın növbəti mərhələyə yüksəlməsi üçün kifayət etməyib.
Digər idmançımız Mədinə Hüseynzadə isə 400 m məsafəyə qaçış yarışında mübarizə aparıb. Təmsilçimiz I mərhələnin III təsnifat yarışında 1:02.23 nəticə göstərib. Bununla da o, növbəti mərhələ şanslarını itirib.
Nihat Tağıyev isə I mərhələnin II təsnifat yarışında 400 m məsafəyə qaçışda 51.11 saniyə nəticə göstərərək növbəti mərhələyə yüksələ bilməyib.
Komandamızın bu gün çıxış edən sonuncu iştirakçısı Fərhad Quliyev isə nüvəitələmə yarışında mübarizə aparıb. O, 14.76 m nəticə ilə bu kateqoriyada mübarizəni dayandırıb.
Badminton
Bu gün Skopye-2025-in badminton üzrə fərdi yarışlarına da start verilib. Yarışlar Skopyedəki Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə təşkil olunub. 2027-ci ildə keçiriləcək IV Avropa Oyunlarına birbaşa lisenziya qazandıracaq yarışda komandamızın iki üzvü mübarizəyə başlayıb. G qrupunda yarışan təmsilçilərimizdən Əli Gözəlov ilk görüşdə çexiyalı Petr Briza ilə qarşılaşıb. Görüş rəqib idmançının 2:0 (21:11, 21:7) hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz ikinci görüşünü isə kosovalı Dionis Morinaya qarşı keçirib. Görüş idmançımızın 2:0 (21:8, 21:5) hesablı qələbəsi ilə başa çatıb.
Bu gün mübarizəyə başlayan komandamızın digər üzvü Viktoriya Kumanyayeva isə ilk görüşdə danimarkalı Diya Mari Çeriyan ilə qarşılaşıb. Görüş rəqib idmançının 2:0 (21:8, 21:14) hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçilərimiz sabah növbəti görüşlərinə çıxacaqlar.
Güllə atıcılığı
Bu gün EYOF-2025 çərçivəsində keçirilən güllə atıcılığı yarışlarına da start verilib.
Yarışların ilk günündə Azərbaycan komandası da mübarizəyə başlayıb. Leyli Əliyeva və Oleq Kerjankindən ibarət cütlüyümüz pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında hədəfi nişan alıb. "Partizan" idman zalında keçirilən yarışda cütlüyümüz 379.7 bal toplayıb. Komandamız bu nəticə ilə təsnifatda 16-cı yeri tutaraq final mərhələsindən kənarda qalıb.
Qeyd edək ki, reqlamentə görə bu mərhələdə ilk 8 yeri tutan komandalar finala vəsiqə əldə edib.