XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Azərbaycan idmançıları Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək
İdman 13:53 / 15.07.2025
Gənc atletlərimiz 10 idman növündə 52 idmançı ilə təmsil olunacaq

Avropa Gənclər XVIII Yay Olimpiya Festivalına (EYOF) artıq sayılı günlər qalır.
Olimpiyadunyasi.com xəbər verir ki, iyulun 20-dən 26-dək keçiriləcək budəfəki yarış ilk dəfə olaraq eyni zamanda iki ölkədə - Şimali Makedoniya və Xorvatiyada təşkil ediləcək. Əvvəlkilərdən fərqli olaraq, bu festival bir neçə yeniliyi ilə yadda qalacaq. Ən mühüm yeniliklərdən biri oyunların iki müxtəlif ölkədə və üç şəhərdə təşkil olunmasıdır. Digər bir yenilik isə proqramda yeni idman növlərinin – stolüstü tennis, atıcılıq və taekvondonun yer almasıdır.
Festival çərçivəsində ümumilikdə 15 idman növü üzrə minlərlə gənc idmançı bacarığını nümayiş etdirmək imkanı qazanacaq. Azərbaycan builki festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq. Oyunlarda komandamızın missiya rəhbəri Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi, Beynəlxalq Olimpiya Komitəsinin "Təhlükəsiz İdman” üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev olacaq. Komandamız yarışlarda atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində mübarizə aparacaq. Atletika, üzgüçülük, badminton, stolüstü tennis, taekvondo, atıcılıq və cüdo yarışları Şimali Makedoniyanın Skopye şəhərində, dağ velosipedi və şose velosipedi üzrə mübarizə Kumanovo şəhərində keçiriləcək. İdman gimnastları isə Xorvatiyanın Osiek şəhərində bacarıqlarını nümayiş etdirəcəklər.
Festival çərçivəsində ümumilikdə 15 idman növü üzrə minlərlə gənc idmançı bacarığını nümayiş etdirmək imkanı qazanacaq. Azərbaycan builki festivalda 10 idman növündə 54 idmançı ilə təmsil olunacaq. Oyunlarda komandamızın missiya rəhbəri Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi, Beynəlxalq Olimpiya Komitəsinin "Təhlükəsiz İdman” üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev olacaq. Komandamız yarışlarda atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində mübarizə aparacaq. Atletika, üzgüçülük, badminton, stolüstü tennis, taekvondo, atıcılıq və cüdo yarışları Skopye şəhərində, dağ velosipedi və şose velosipedi üzrə mübarizə Kumanova şəhərində keçiriləcək. İdman gimnastları isə Osiek şəhərində bacarıqlarını nümayiş etdirəcəklər.
Bu, Azərbaycan komandasının iştirak edəcəyi sayca 16-cı festival olacaq.
Olimpiyadunyasi.com idmançılarımızın iştirakı ilə keçirilən festivallarda qeydə alınan nəticələri çoxsaylı oxucularına təqdim edir.

Tarixə qısa nəzər: EYOF-da Azərbaycan izi

Avropa Olimpiya Komitələri (AOK) tərəfindən təsis edilən Avropa Gənclər Olimpiya Festivalı müasir dövrün əhəmiyyətli idman tədbirlərindən biridir. Bu tədbir qitədə gənclər arasında müxtəlif idman növləri üzrə yarışların keçirilməsində böyük əhəmiyyət daşıyır. Avropa Gənclər Olimpiya festivallarında Avropa qitəsindən olan minlərlə gənc idmançı güc və bacarığını nümayiş etdirir. Sağlam və ədalətli idman mübarizəsi şəraitində keçən yarışda 13-18 yaşlı, dünyagörüşü yenicə formalaşmağa başlayan gənclər həm də biri-biri ilə ünsiyyət qurur, fikir mübadiləsi aparırlar. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Jak Roqq hələ Avropa Olimpiya Komitəsinin prezidenti olarkən, dünyada Olimpiya Hərəkatını daha da genişləndirmək, gəncləri idmana kütləvi surətdə cəlb etmək məqsədilə Avropa Yeniyetmələrinin Olimpiya Günlərini keçirmək təşəbbüsü ilə çıxış edib.
Yeniyetmələrin ilk Olimpiya Günləri 1991-ci il iyulun 18-dən 20-dək Brüsseldə keçirilib. Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıblar. Təmsilçilərimizin ilk yarışı 1993-cü ildə Niderlandın Valkensvard şəhərinə təsadüf edib. Bu festivalın sayca 15-cisi isə 2019-cu ildə paytaxtımız Bakıda təşkil olunub. Beləliklə, 1993-cü ildən Avropa Gənclər Olimpiya festivallarında təmsil olunmağa başlayan Azərbaycan 26 ildən sonra bu yarışa ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycanın gənc idmançıları bu günədək keçirilmiş Avropa Gənclərinin 17 Yay Olimpiya Festivalından 15-də iştirak edib və ümumilikdə 89 (32 qızıl, 26 gümüş, 31 bürünc) medal qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdo, güləş, atletika və idman gimnastikası növlərində əldə olunub. Qazanılan medallardan 65-i (20 qızıl, 19 gümüş, 26 bürünc) cüdoçularımızın, 16-sı (8 qızıl, 5 gümüş, 3 bürünc) güləşçilərimizin, 7-si (4 qızıl, 1 gümüş, 2 bürünc) atletlərimizin, 1 gümüş medal isə idman gimnastlarımızın payına düşüb. Cüdo və atletikadan fərqli olaraq güləşçilərimizin Olimpiya festivallarında qazandıqları medalların hamısı Bakı-2019-a təsadüf edib.
Komandamızın Olimpiya festivallarında medal sıralamasına görə ən yaxşı nəticəsi 2019-cu ildə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında 23 medalla 4-cü yeri tutmasıdır. Azərbaycan idmançılarının bundan sonrakı ən yüksək nailiyyəti isə Belqrad-2007-də 7 qızıl medal qazanaraq, 6-cı olmasıdır.
Komandamızın Avropa Gənclər Yay Olimpiya Festivallarındakı nəticələrini təqdim edirik:
Valkensvard-1993

1993-cü il iyulun 3-9-da Niderlandın Valkensvard şəhərində Avropa Yeniyetmələrinin II Olimpiya Günləri təşkil olunub. Yarışda 43 ölkədən 1874 idmançı mübarizə aparıb. İdmançılar 10 idman növü üzrə qüvvələrini sınayıblar. Azərbaycan komandası ilk dəfə iştirak etdiyi bu yarışda 4 medal - 1 qızıl, 2 gümüş, 1 bürünc qazanıb. Cüdoçularımızdan Turan Səfərov (60 kq) qızıl, İlham Məmmədov (46 kq) gümüş, Taleh Sultanov (65 kq) isə bürünc medal medala sahib çıxıb. Atletimiz Elvira Cabbarova isə 100 metr məsafəyə qaçış yarışlarının ikincisi olub. Yeniyetmələrdən ibarət komandamız bu nəticə ilə Valkensvardda ümumi hesabda 17-ci yeri tutub.
Bat-1995

1995-ci il iyulun 9-14-də Böyük Britaniyanın Bat şəhərində keçirilən (9-14 iyul, 1995) yarışda 47 ölkədən 1709 atlet mübarizə aparıb. Atletlər 10 idman növü - atletika, basketbol, velosiped, otüstü hokkey, futbol, gimnastika, həndbol, cüdo, üzgüçülük və voleybol yarışlarında qüvvələrini sınayıblar. Azərbaycan idmançıları bu yarışda bir gümüş medalla Kiprlə birgə XXXI yeri tutub. Yeganə medalı cüdoçu İntiqam Məmmədov (65 kq) qazanıb.


Esbyerq-1999

1999-cu il iyulun 10-dan 16-dək Danimarkanın Esbyerq şəhərində Avropa Yeniyetmələrinin V Olimpiya Günləri keçirilib. Yarışda 48 ölkədən 2324 yeniyetmə atlet 11 idman növü üzrə qüvvəsini sınayıb. Yarışda mübarizə aparan Azərbaycan idmançıları festivalı 4 bürünc medalla başa vurublar. Gənc cüdoçularımızdan Tural Abbasov (50 kq), Kifayət Qasımova (52 kq), Turan Musayev (73 kq) və Nurəddin Səlimov (81 kq) festivalın bürünc medalını qazanıblar. Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası bu festivalda ümumi hesabda 34-cü yeri tutub.
Mursiya-2001

2001-ci il iyulun 22-dən 26-dək İspaniyanın Mursiya şəhərində VI Avropa Gənclər Olimpiya Festivalı keçirilib. Festivalda 48 ölkədən 2500 idmançı 10 idman növündə mübarizə aparıb. Yarışda iştirak edən Azərbaycan idmançıları 2 gümüş, 2 bürünc medal qazanıblar. Mursiya-2001-də yalnız cüdoçularımız uğurla çıxış edərək komandamızın aktivinə medallar yazdırıblar. Cüdoçularımızdan Rza Əliyev (55 kq), Rəşad Quliyev (60 kq) gümüş, Xəyal Qəhrəmanov (50 kq) və Samir Sərkərov (81 kq) isə bürünc medallara layiq görülüblər. Yığmamız bu nəticə ilə ümumi komanda hesabında 30-cu yerdə qərarlaşıb.
Paris-2003
2003-cü il iyulun 27-dən avqustun 3-dək Fransanın paytaxtı Parisdə VII Avropa Gənclər Olimpiya Festivalı keçirilib. 48 ölkədən 2500 idmançının mübarizə apardığı yarışlar 10 idman növü üzrə təşkil edilib. Azərbaycan idmançıları bu idman növlərinin 5-də (atletika, cüdo, üzgüçülük, velosiped idmanı və stolüstü tennis) mübarizə aparıblar. Komandamız festivalda 5 (2 gümüş, 3 bürünc) medala sahib çıxıb. Ölkəmiz medalların hamısını cüdo idman növündə əldə edib. Cüdoçularımızdan Nicat Şıxəlizadə (50 kq) və Anar Əliyev (81 kq) gümüş medala layiq görülüblər. Bürünc medallara isə Elşən Kərimov (60 kq), Seymur Rzayev (66 kq) və Teymur Əlixanov (73 kq) sahib çıxıblar. 39 dövlətin idmançılarının medal qazandığı festivalda komandamız 29-cu yeri tutub.
Linyano-2005

VIII Avropa Gənclər Olimpiya Festivalı 2005-ci il iyulun 3-9-da İtaliyanın Linyano şəhərində təşkil edilib. Yarışda 48 ölkənin atleti 11 idman növündə qüvvəsini sınayıb. Komandamız festivalda 5 idman növündə 12 idmançı ilə təmsil olunub. İdmançılarımız bu yarışda 6 medala (2 qızıl, 4 bürünc) sahib çıxıblar. Qızıl medallara cüdoçularımız Teymur Bağırlı (55 kq) və Zaur Bağırlı (60 kq) layiq görülüblər. Bürünc medalları isə komandamıza cüdo yarışlarında Samir Dadaşzadə (50 kq), Asəf Əliyev (73 kq), atletikanın 400 metr məsafəyə qaçış yarışlarında Pavel Setin, üçtəkanla tullanmada isə Ruslan Panatenko qazandırıb. Azərbaycan medal əldə edən ölkələrin komandaları sırasında 19-cu pillədə yer alıb. Keçmiş sovet ölkələri arasında isə ölkəmiz 7-ci yeri tutub. Millimiz bu yarışı Avropanın aparıcı komandalarından hesab edilən Fransa, Yunanıstan, Türkiyə, Çexiya və Norveç kimi idman ölkələrindən irəlidə başa vurub.
Belqrad-2007

2007-ci ilin iyulun 22-27-də Serbiyanın paytaxtı Belqrad şəhərində IX Avropa Gənclər Olimpiya Festivalı keçirilib. Festivalda Avropanın 49 ölkəsini təmsil edən 3000-dək idmançı 11 idman növündə mübarizə aparıb. Azərbaycan komandası yarışda 6 idman növündə (velosiped idmanı, atletika, tennis, stolüstü tennis, üzgüçülük, cüdo) 34 idmançı ilə təmsil olunub. Azərbaycan yığma komandası oyunlarda parlaq qələbəyə imza ataraq 7 qızıl medala sahib çıxıb. Bu medallardan 4-ü cüdo, 3-ü isə atletika yarışlarında qazanılıb. Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər Bağırzadə (55 kq), Sərxan Əhmədov (60 kq) və Şahin Qəhrəmanov (90 kq) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar. Sərxan Əhmədov bu festivalda "ən yaxşı atlet” adına layiq görülüb.
Atletika yarışlarında Ramil Quliyev 100 və 200 metr məsafələrə qaçışda, Ənvər Zeynalzadə isə üçtəkanla tullanma yarışlarında qızıl medal qazanıb. Yığma komandamız bu nəticə ilə 49 ölkə arasında 6-cı olub.
Komandamız bu nəticə ilə Belçika, Rumıniya, Polşa, Fransa, Niderland, Macarıstan kimi güclü komandaları geridə qoyub.


Tampere-2009

X Avropa Gənclər Olimpiya Festivalı 2009-cu il iyulun 18-dən 25-dək Finlandiyanın Tampere şəhərində təşkil olunub. 9 idman növü üzrə (atletika, basketbol, velosiped idmanı, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol) keçirilən yarışlarda ümumilikdə 49 ölkədən 3302 idmançı 109 dəst medal uğrunda mübarizə aparıb. Festivalda Azərbaycan 32 (20 oğlan, 12 qız) idmançı ilə cüdo, üzgüçülük, tennis, atletika və velosiped idmanı növlərində təmsil olunub. Komandamız festivalda 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib çıxıb. Bu medalları komandamızın aktivinə cüdo üzrə yığmamızın üzvləri yazdırıblar. Bütün rəqibləri üzərində inamlı qələbə qazanan cüdoçularımız Kamran Bağırov (50 kq), Cəlil Cəlilov (66 kq) qızıl medal əldə ediblər. Gümüş medalı komandamıza xanım cüdoçumuz Şəfəq Muradzadə (52 kq) qazandırıb. Digər cüdoçumuz Mahir Cəfərli (60 kq) isə festivalın bürünc medalına sahib çıxıb. Cüdo üzrə komandamızın üzvləri ümumi hesabda 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ikinci yerdə qərarlaşıb.
X Avropa Gənclər Olimpiya Festivalında ümumilikdə 37 ölkə medal əldə edib. Yarışın yekunlarına əsasən Azərbaycan komandası 4 medalla festivalda iştirak edən 49 ölkə arasında 19-cu pillədə yer alıb.

Trabzon-2011

XI Avropa Gənclər Olimpiya Festivalı 2011-ci il iyul ayının 24-29-da Türkiyənin Trabzon şəhərində keçirilib. Bu festivalda dünyanın 49 ölkəsindən 4 minə yaxın idmançı atletika, basketbol, velosiped idmanı, gimnastika, həndbol, cüdo, tennis, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak edib. Festivalda Azərbaycanın 35 gənc idmançısı altı idman növü (atletika, cüdo, idman gimnastikası, velosiped idmanı, üzgüçülük, tennis) üzrə yarışlarda qüvvəsini sınayıb.
XI Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan yığma komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib çıxıb. Cüdoçumuz Firudin Dadaşov (73 kq) qızıl, digər cüdoçularımız Hüseyn Rəhimli (66 kq) və Cəlil Şükürov (90 kq) isə gümüş medallara layiq görülüblər.
Komandamız bu nəticə ilə 49 ölkə arasında 23-cü yeri tutub.
Utrext-2013

Niderlandın Utrext şəhəri 2013-cü il iyulun 14-dən 19-dək XII Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edib. Yarışda Avropanın 49 ölkəsindən 3143 idmançı mübarizə aparıb. İdmançılar festivalda idmanın 9 növü üzrə keçirilən yarışlarda qüvvələrini sınayıblar. Azərbaycan komandası yarışda 5 (atletika, tennis, üzgüçülük, velosiped idmanı, cüdo) idman növündə 30 idmançı ilə mübarizə aparıb. İdmançılarımız Utrextdə 2 qızıl və 1 bürünc medala sahib çıxıblar. Qızıl medalları ölkəmizə cüdoçumuz Elnur Abbasov (50 kq) və üçtəkanla tullanma yarışlarında mübarizə aparan Nazim Babayev qazandırıb. Bürünc medala isə digər cüdoçumuz Hidayət Heydərov (60 kq) sahib çıxıb. Komandamız bu nəticə ilə 49 ölkə arasında 18-ci yeri tutub.
Tbilisi-2015

2015-ci il iyulun 26-dan avqustun 1-dək Gürcüstanın paytaxtı Tbilisidə XIII Avropa Gənclər Olimpiya Festivalı keçirilib. Yarışda dünyanın 50 ölkəsindən 3304 idmançı 9 idman növündə mübarizə aparıb. Azərbaycan komandası festivalda 6 idman növü – atletika (10 nəfər), tennis (4), üzgüçülük (5), bədii gimnastika (1), velosiped idmanı (3) və cüdo (12) üzrə 35 idmançı ilə təmsil olunub. İdmançılarımız festivalı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Komandamıza qızıl medalları cüdoçularımız Şəfəq Həmidova (40 kq) və Hasil Cəfərov (73 kq) qazandırıb. Digər cüdoçularımızdan Kəramət Hüseynov (55 kq) gümüş, İbrahim Bayramlı (50 kq) və İsmayıl İbrahimov (60 kq) isə bürünc medala sahib çıxıblar. Azərbaycan komandası bu göstərici ilə ümumi medal sıralamasında 22-ci yeri tutub.
Gyor-2017

2017-ci il iyulun 23-30-da Macarıstanın Gyor şəhərində XIV Avropa Gənclər Olimpiya Festivalı keçirilib. Festivalda qitənin 50 ölkəsindən 3675 idmançı 10 idman növündə (basketbol, həndbol, gimnastika, voleybol, cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə, velosiped idmanı) qüvvəsini sınayıb. XIV Olimpiya Festivalında 41 atletlə təmsil olunan Azərbaycan komandası 4 idman növü (cüdo, atletika, velosiped idmanı, tennis) üzrə yarışlarda mübarizə aparıb.
İdmançılarımız Gyor-2017-ni 2 (1 gümüş və 1 bürünc) medalla başa vurublar. Ölkəmizə hər iki medalı cüdoçularımız qazandırıblar. Təmsilçilərimizdən Vüsalə Kərimova (-40 kq) gümüş, Adil Kərimli (-90 kq) isə bürünc medala sahib çıxıb. Komandamız bu nəticə ilə festivalda mübarizə aparan 50 ölkə arasında 33-cü olub.

Bakı-2019

2019-cu il iyulun 21-27-də XV Avropa Gənclər Olimpiya Festivalına Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi edib. Son illərdə bir çox beynəlxalq idman yarışlarının uğurlu təşkilatçısına çevrilən Azərbaycan bu mötəbər idman tədbirində də yüksək səviyyəli təşkilatçılıqla yadda qalıb. Festivalın "Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosiyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər. Mərasimdə üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar Talıbov aparıb. Sonra Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosiyançiç çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev XV Avropa Gənclər Olimpiya Festivalını açıq elan edib.
"Zirvələrə hazırıq” devizi altında keçirilən Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarında 135 dəst medal uğrunda mübarizə aparıb. Festivala 122 idmançı ilə təmsil olunan komandamız yarışları 23 (10 qızıl, 7 gümüş və 6 bürünc) medalla başa vuraraq, 48 ölkə arasında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.
Qızıl medalları komandamıza Fərid Sadıqlı, Qurban Qurbanov, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbəst güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qazandırıblar.
Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görülüb.
Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbəst güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə bürünc medala sahib çıxıb.
Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında yeddigünlük idman mübarizəsinin yekununda 38 ölkənin təmsilçiləri medal qazanıblar.
İyulun 27-də Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalının (EYOF) bağlanış mərasimi keçirilib. "Baku Crystal Hall”da təşkil olunan təntənəli bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bistritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.
Bağlanış mərasiminin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev də olublar.
Ardınca Y.Eyyubov, N.Nayqard və EYOF-un növbəti ev sahibi – Slovakiyanın Banska Bistritsa şəhərinin meri Yan Noskonun iştirakı ilə Avropa Olimpiya Komitələrinin bayrağı endirilib və qonağa təqdim olunub.
Banska-Bistritsa-2021

XVI Avropa Gənclər Olimpiya Festivalına 2022-ci il iyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhəri ev sahibliyi edib. Əslində, bu şəhərin 2021-ci il iyulun 25-dən 31-dək Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcəyi planlaşdırılsa da, yarış koronavirus pandemiyası səbəbindən 1 il təxirə salınmışdı. Festivalda 50 ölkədən 4 minə yaxın idmançı qüvvəsini sınayıb. 10 idman növü üzrə keçirilən yarışda azərbaycanlı yeniyetmə idmançılar da iştirak ediblər. Atletlərimiz yarışda 7 idman növündə (atletika, tennis, üzgüçülük, velosiped, cüdo, badminton, gimnastika) 33 idmançı ilə təmsil olunublar. İdmançılarımız yarışı 8 (2 qızıl, 4 gümüş 2 bürünc) medalla başa vurublar. Komandamız bu medalların hamısını cüdo yarışlarında əldə edib. Belə ki, festivalda 12 (7 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunan yığmamız fərdi yarışları 7 medalla başa vurub. Qarışıq komanda yarışlarında isə yığmamız bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.
Fərdi yarışlarda komandamızın heyətində Fidan Əlizadə (-57 kq) qızıl, Könül Əliyeva (-48 kq), Murad Əliyev (-55 kq), Nurlan Kərimli (-60 kq) və İsmayıl Zamanov (-81 kq) isə gümüş medal qazanıb. Bürünc medallara isə Aydan Vəliyeva (-52 kq) və Kənan Nəsibov (+100 kq) sahib çıxıblar.
Festivalın sonuncu günündə isə cüdo üzrə qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışları keçirilib. Heyətində 4 qız və 6 oğlan cüdoçunun yer aldığı komandamız bütün rəqiblərini məğlub edərək möhtəşəm qələbə qazanıb. Beləliklə, XVI Avropa Gənclər Olimpiya Festivalını 8 medalla başa vuran komandamız bu nəticə ilə medal qazanan ölkələr arasında 18-ci yeri tutub.
Maribor-2023

2023-cü il iyulun 23-29-da Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilib. Festivalda 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparıb. Azərbaycan Maribor-2023-də 7 (cüdo, gimnastika, tennis, üzgüçülük, atletika, şose velosipedi, dağ velosipedi) idman növü üzrə 36 idmançı ilə təmsil olunub.
Millimiz festivalı 3 qızıl, 3 gümüş və 4 bürünc olmaqla 10 medalla başa vurub. Millimizin aktivinə bütün medalları cüdoçularımız yazdırıblar. Təmsilçilərimizdən fərdi yarışlarda Vüsalə Rzayeva (-48 kq), Xədicə Qasımova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal əldə edib. Cüdo üzrə qarışıq komandamız isə ikinci yeri tutmaqla ölkəmizə EYOF-2023-ün sonuncu medalını qazandırıb.
Festivalı 10 medalla başa vuran Azərbaycan komandası medal sıralamasında 13-cü pillədə qərarlaşıb.
Azərbaycan idmançıları bu il də EYOF-da uğur qazanmağa çalışacaqlar. Ötən festivallarda qazanılmış zəngin təcrübə, artan peşəkarlıq və yenilənən komanda ruhu qarşıdakı yarışlara olan inamı daha da artırır. İdmançılarımıza bu çətin və şərəfli yolda uğurlar arzulayırıq. İnanırıq ki, komandamız digər festivallarda olduğu kimi, bu dəfə də Vətənə medallarla qayıdacaqlar.


489 oxunub

InvestAZ