XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025



Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub
İdman 14:19 / 13.04.2025

Qəbələ şəhərindən start götürən və dörd mərhələdən ibarət olan Qəbələ-Xankəndi ultramarafonuna aprelin 13-də yekun vurulub.

Yarışın son mərhələsi Ağdam-Xankəndi istiqamətində keçirilib. Bu mərhələdə iştirakçılar 28 kilometr məsafə qət ediblər. Kişilər arasında son mərhələnin qalibi türkiyəli Ömər Alkanoğlu olub. Onun ardınca həmvətəni Üzeyir Söyləməz ikinci, gürcüstanlı idmançı Giorgi Lomidze isə üçüncü yerə layiq görülüb.

Qadınlar arasında birinciliyi yenə Türkiyə təmsilçisi Hasibə Dəmir qazanıb. Ukraynalı Olena Şevçenko ikinci, Azərbaycan idmançısı Leyla Abdinova isə üçüncü olub.

Ultramarafonun ümumi nəticələrinə əsasən, kişilər arasında Üzeyir Söyləməz, qadınlar arasında isə Olena Şevçenko yarışın qalibi adını qazanıb. Hər iki idmançıya 4000 manat məbləğində mükafat təqdim edilib. Ömər Alkanoğlu və Hasibə Dəmir ikinci yerlə kifayətlənərək 3000 manat, Giorgi Lomidze və rusiyalı Mariya Kalpakova isə üçüncü yerə görə 2000 manat qazanıblar.

Qeyd edək ki, 192 kilometr məsafəni əhatə edən ultramarafon Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Aprelin 10-da "İdman Paytaxtı” elan edilən Qəbələ şəhərindən başlayan yarışa ümumilikdə 81 atlet mübarizə aparıb. İştirakçılar arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan nümayəndələri də yer alıblar.

Yarış marşrutu Qəbələ-Ağdaş (55 km), Ağdaş-Bərdə (65 km), Bərdə-Ağdam (44 km) və Ağdam-Xankəndi (28 km) istiqamətlərini əhatə edib.


1777 oxunub

InvestAZ