XƏBƏR LENTİ
04 May 2025
03 May 2025
02 May 2025



Paytaxtımız daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək
İdman 10:37 / 03.05.2025
Mayın 30-31-də Bakı Su İdmanı Sarayında kəndirlə mübarizə idman növü üzrə "Turan Kuboku" beynəlxalq turniri keçiriləcək.  
Olimpnews.az xəbər verir ki, Avropa və Beynəlxalq Kəndirlə Mübarizə federasiyalarının dəstəyi ilə keçiriləcək yarışın açılış mərasimi mayın 30-da baş tutacaq. 
Turnirin əsas yarışları isə mayın 31-də başlayacaq. Həmin gün 23 yaşadək gənclər, böyüklər, eləcə də qarışıq komandalar arasında mübarizəyə start veriləcək. 
Artıq Azerbaycanla yanaşı, Türkiyə, Almaniya, Qazaxıstan, İran, Gürcüstan və Banqladeş komandalarının yarışda iştirak üçün müraciəti təsdiq edilib. 
Turnirin təşkilatçısı Kəndirlə Mübarizə İdman Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri, Avropa Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti, beynəlxalq dərəcəli idman ustası və beynəlxalq dərəcəli hakim Elnur Şıxəliyev turnirlə bağlı danışarkən qeyd edib ki, Özbəkistan, Qırğızıstan və Türkmənistan komandalarına da dəvət göndərilib.
O, bildirib ki, "Turan Kuboku" əsasən türkdilli ölkələrin yarışı olsa da, açıq turnir xarakteri daşıyır. ""Turan Kuboku" yalnız idman yarışı olmaqla kifayətlənmir, həm də Türk dünyasının birliyini təcəssüm etdirəcək. Yarış üçün xüsusi rəmzi açar da hazırlanıb. Ənənəvi xarakter daşıyacaq turnir növbəti il Türkiyədə keçiriləcək və simvolik açar qardaş ölkəyə təhvil veriləcək.
Tədbirin təşkilinə Avropa Kəndirlə Mübarizə Federasiyası tərəfindən dəstək verilib və yarış federasiyaların rəsmi saytlarında da elan olunub. Bu mötəbər tədbirin Bakıda təşkili Azərbaycanda kəndirlə mübarizə idman növünün inkişafında mühüm mərhələ olacaq",- deyə Elnur Şıxəliyev bildirib. 
Qeyd edək ki, mayın 30-da açılış mərasimindən əvvəl hakimlər və məşqçilər üçün beynəlxalq seminar da keçiriləcək.

368 oxunub

InvestAZ