Azərbaycan millisinin mundialdakı çıxışına geniş baxış
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatına yekun vuruldu. Hər zaman olduğu kimi, bu mötəbər yarış həm nəticələri, həm də statistik göstəriciləri ilə Azərbaycan üçün xüsusi önəm kəsb edir. Uzun müddətli hazırlıq mərhələsindən sonra tatamiyə çıxan millimiz dünya arenasında üç bürünc medalla çıxışını başa vuraraq, əlamətdar nəticəyə imza atdı.
Tarixə düşən "üçlük”
Budapeştdə Azərbaycan yığmasının heyətində Zelim Tçkayev (-81 kq), Elcan Hacıyev (-90 kq) və Zelim Kotsoyev (+100 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksələrək, ölkəmizin dünya çempionatlarındakı medal kolleksiyasını zənginləşdiriblər.
Bu nəticə Azərbaycan cüdosu üçün əlamətdar hadisə olmaqla yanaşı, dünya çempionatları tarixində kişi idmançılarla bağlı mövcud rekordun - 2017-ci ildəki nəticənin təkrarı kimi də yadda qaldı.
Qeyd edək ki, həmin il də dünya çempionatı məhz Budapeştdə keçirilmiş və komandamız ümumilikdə 4 medal (2 gümüş, 2 bürünc) qazanmışdı. Bu medallardan üçünü kişilər - Orxan Səfərov (-60 kq), Rüstəm Orucov (-70 kq) və Elmar Qasımov (-100 kq), digərini isə qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) ölkəmizə qazandırmışdı.
Xüsusi olaraq vurğulanmalıdır ki, Zelim Tçkayev və Elcan Hacıyev karyeralarında ilk dəfədir ki, dünya çempionatında medal sevinci yaşayırlar. Onların bu uğuru, eyni zamanda Azərbaycan cüdosunun tarixinə də təsir göstərib. Bu nəticələrlə Azərbaycanın cüdo üzrə dünya çempionatlarındakı ümumi medal sayı 30-a (3 qızıl, 6 gümüş, 21 bürünc), medal qazanan idmançılarımızın sayı isə 20-yə çatdı.
24 və 15 ilin sükutunu pozan medallar
Azərbaycan komandası dünya çempionatları tarixində sonuncu dəfə - 81 kiloqram çəki dərəcəsində 2001-ci ildə - Elxan Rəcəblinin bürünc medalı ilə fərqlənmişdi. Bu baxımdan, Zelim Tçkayevin Budapeştdəki medalı 24 ildən sonra həmin çəkidə əldə edilən ilk mükafatdır.
Eyni zamanda, -90 kiloqram çəki dərəcəsində sonuncu medal 2010-cu ildə Münhendə Elxan Məmmədov tərəfindən gətirilmişdi. Elcan Hacıyevin bürünc medalı isə bu 15 illik fasiləyə son qoydu.
Olimpiya çempionumuzdan sabit göstərici
Hidayət Heydərovla birgə hazırki millimizin titullu cüdoçularından sayılan Avropa, dünya və Olimpiya çempionumuz Zelim Kotsoyev üçün bu mundialı nəticə baxımdan qənaətbəş adlandırmaq olar. O, Budapeşt sınağında da fərqlənməklə, ardıcıl dördüncü dəfə dünya çempionatlarında medal qazandı. 2022-ci ildə Daşkənddə və 2023-cü ildə Dohada dünya üçüncüsü olan idmançı ötən il Əbu-Dabidə dünya çempionu tituluna da yiyələnmişdi. Beləliklə, Zelim Kotsoyev dünya çempionatlarında ümumilikdə 4 medal qazanmaqla komanda yoldaşı Hidayət Heydərovun nailiyyətini təkrarladı.
Xatırladaq ki, Hidayət Heydərov da bu mötəbər arenada 1 qızıl (2024, Abu-Dabi) və 3 bürünc (2018 - Bakı, 2019 - Tokio, 2022 - Daşkənd) medala sahibdir.
Medallardan kənarda qalan ümidlər
Budapeşt mundialı yalnız medallarla deyil, həm də nəticə baxımından diqqətçəkən çıxışlarla yadda qaldı. Yarış həm titullu, həm də gənc cüdoçularımız üçün sınaq meydanı oldu, desək yanılmarıq. +100 kq çəki dərəcəsində mübarizə aparan dünya ikincisi Uşanqi Kokauri turnirə inamlı başlasa da, bürünc medal görüşündə məğlub olaraq, beşinci yeri tutdu.
Oxşar taleyi digər cüdoçumuz Rəşid Məmmədəliyev də yaşadı. -73 kq çəki dərəcəsində tatamiyə çıxan son Avropa mükafatçımız hazırkı dünya üçüncüsü yaponiyalı Tatsuki İşiharaya uduzaraq, yeddinci yerlə kifayətləndi. Yarış 11 aydan sonra tatamiyə qayıdan Olimpiya çempionumuz Hidayət Heydərov üçün də uğursuz alındı. İlk mərhələdə portuqaliyalı rəqibinə məğlub olan cüdoçumuz çempionatı erkən tərk etməli oldu.
İlk dəfə dünya çempionatı həyəcanı yaşayan Avropa mükafatçısı Əhməd Yusifov (-60 kq) isə birinci mərhələdə kifayət qədər çətin püşklə üzləşdi. 1/32 finalda Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı və bu çempionatın qalibi yaponiyalı Ryuju Naqayama ilə qarşılaşan gənc idmançımız görüşdə öndə olsa da, son anda məğlubiyyətlə üzləşdi. Ötənilki Avropa çempionumuz Elcan Hacıyevin yarmfinalda eyni aqibətlə üzləşdi. Gərgin görüşdə ötənilki dünya çempionu Goki Tajima üzərində qələbəyə yaxın olan cüdoçumuz bir anlıq diqqətsizlik nəticəsində final şansını əldən verdi və bürünc medalla kifayətlənməli oldu.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullunun da qeyd etdiyi kimi, bəzi görüşlərdə cüdoçularımızın hesabda öndə olsalar da, qarşılaşmaların sonluğunu uğurla tamamlaya bilməməsi, xüsusi diqqət tələb edən məqamdır. Görünür bu vəziyyət komandanın psixoloji və taktiki hazırlıq səviyyəsinin yenidən gözdən keçirilməsini zəruri edəcək.
Gələcəyə baxış: Bakı 2026 və yeni Olimpiya tsikli
Budapeştdə keçirilən dünya çempionatı, yalnız medal qazanmaq baxımından deyil, həm də yeni Olimpiya tsiklinin ilk ciddi sınağı kimi yadda qaldı. Azərbaycan millisinin bu yarışda əldə etdiyi üç bürünc medal, komandamızın perspektiv imkanlarını ortaya qoydu. Medal sırasına yeni adların əlavə olunması, gənc nəsil nümayəndələrinin irəliyə doğru addımları və böyük rəqiblərlə bərabər səviyyəli mübarizə gələcəyə inamla baxmağa əsas verir. Gəncləşən heyət, yenilənən taktiki yanaşmalar və fərdi performanslar gələcək yarışlar üçün ciddi ümidlər vəd edir.
Azərbaycan Cüdo Federasiyası həmçinin, qadın cüdoçuların hazırlığına da xüsusi önəm verir. Bu istiqamətdə atılan addımlar gələcəkdə qarışıq komanda yarışlarında iştirak və uğur baxımından həlledici rol oynaya bilər.
Dünya çempionatında fərdi yarışların sonuncu günündə keçirilən rəsmi bayraq təslimetmə mərasimi də gələcəyə yönəlik mühüm hadisələrdən biri oldu. Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı 2026-cı il dünya çempionatının ev sahibi olan Azərbaycana təqdim edildi. Simvolik mərasimdə bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli qəbul etdi. Tədbirdə Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, IJF-in baş katibi Liza Allan və digər beynəlxalq nümayəndələr də iştirak etdilər.
2026-cı ildə dünya cüdo ailəsinin növbəti görüş nöqtəsi məhz Bakı olacaq. Yarışlar iyulun 9-dan 16-dək keçiriləcək. 9-15 iyul tarixlərində fərdi çıxışlar, sonuncu gündə isə qarışıq komanda yarışları baş tutacaq. Bununla da Azərbaycan 2018-ci ildən sonra cüdo tarixində ikinci dəfə dünya çempionatına ev sahibliyi edəcək.
Gələn il Bakıda keçiriləcək dünya çempionatı həm Azərbaycan Cüdo Federasiyası, həm də milli komanda üçün strateji hədəf kimi müəyyənləşdirilib. Doğma divarlar arasında, yerli azarkeşlərin dəstəyi ilə uğurlu çıxış etməyi qarşıya məqsəd qoyan Azərbaycan cüdoçuları maksimum nəticə göstərərək, dünya cüdo arenasında bir daha söz sahibi olmağı hədəfləyəcək.
Azər Əlizadə
359 oxunub