Paytaxtımız səkkizinci dəfə dünyanın ən sürətli yarışlarından biri olan Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edir.
Formula 1 həvəskarlarının həyəcanla gözlədiyi məqamlardan biri pit zolağı gəzintisi saat 16:00-da başlayıb və sürət həvəskarlarına xüsusi anlar bəxş edib. Təxminən iki saat davam edən gəzinti üç günlük bilet sahiblərinə dünya şöhrətli pilotlarla şəkil çəkdirmək imkanı qazandırıb.
Pit zolağında azarkeşlər sevimli komandalarının, xüsusilə "Ferrari”, "Red Bull Racing” və "Mercedes” kimi nəhənglərin qarajlarını canlı şəkildə izləməklə onların bolidlərinin texniki baxımdan necə hazırlandığını görmək şansı əldə ediblər. Bu gəzinti Formula 1 dünyasının pərdə arxasına nəzər salmaq və yarış atmosferini dərindən hiss etmək üçün əvəzsiz bir fürsət olub.
Azarkeşlər mühərriklərin gurultusu ilə müşayiət olunan bu gəzintidə maşınların performansına və mexaniklərin sürətli iş prosesinə şahid olublar. Yarışın ilk həyəcanını məhz pit zolağında hiss edən avtoidman həvəskarları üçün bu yarış həftə sonu üçün mükəmməl başlanğıc olub.
Xatırladaq ki, təqvimin ən maraqlı yarışlarından hesab olunan Bakı yarışı sentyabrın 13-15-də start götürəcək.