Onlara Parisdə xüsusi münasibət göstəriləcək
Britaniyanın "The Guardian” nəşri Paris-2024 Yay Olimpiya Oyunları zamanı varlı azarkeşlərə təklif olunan ultra-eksklüziv paketlərin qiymətini açıqlayıb. Məlumata görə belə bir "xəyal səyahəti"nin təxmini qiyməti bir həftə üçün təxminən 500 min avrodur. Bu paketlə həmin insanlar yarışlar zamanı VİP yerlərdə oturub, Olimpiya kəndini sərbəst ziyarət etmək imkanı əldə edəcəklər. Bundan başqa onlar yarışları izləmək üçün gələn ulduzlarla görüşmək fürsəti də qazanacaqlar.
Yayılan məlumatlara görə Paris-2024 Yay Olimpiya Oyunları üçün indiyə qədər 10 milyona yaxın bilet satılıb. Azarkeşlər biletlərin 80 faizini Paris-2024platforması vasitəsilə əldə ediblər. Oyunlar zamanı VIP paketdə restoran xidməti 8500 avroya başa gəlir. Ən bahalı 6 günlük rəsmi tur paketi əldə etmək istəyən azarkeş 42,750 avro xərcləməlidir.
Adətən eksklüziv turların qiyməti ictimaiyyətə birbaşa açıqlanmır. Lakin "The Guardian" nəşri qiymətləri özündə əks etdirən bu məlumatı araşdıraraq, ultra bahalı xidmətlər paketi barədə yazı hazırlayıb. Qeyd olunur ki, VİP paketin içərisində Oyunların açılış mərasiminə və idman növünə lüks biletlər də daxildir. İmkanlı tamaşaçılar atletika üzrə kişilər arasında 100 metr məsafəyə qaçış, tennis və basketbol üzrə final yarışlarını dəbdəbəli şəkildə seyr edə biləcəklər. Onlar üçün Olimpiya kəndinə, muzey bağlandıqdan sonra "Luvr" muzeyinə giriş, həmçinin "Versal" sarayında kral şam yeməyi də nəzərdə tutulub.
Bundan əlavə, idmanda superulduz statusu alan idmançılarla 15 dəqiqəlik qısa söhbət, selfi və nahar da (əlavə ödəniş olduqda - red) nəzərdə tutulub.
VİP turlar ilk növbədə mədəni-əyləncə proqramı çərçivəsində lüks hotellərdə qalmaq, nadir avtomobillərdə səyahət etmək, unikal yerləri ziyarət etmək və ulduzlarla ünsiyyəti əhatə edir.
Bildirilir ki, bu cür bahalı təkliflər BOK tərəfindən hələ ki, öz təsdiqini tapmayıb.
Lakin super ulduzların adları açıqlanmır. Bundan qabaq bu cür paketlər hazırlayan şirkətlər tennis əfsanələri Rafael Nadal və Novak Cokoviç, həmçinin xizək üzrə dünya çempionatının italiyalı mükafatçısı Ciorcio Rokkaa ilə özəl tədbirlər təşkil ediblər. Şirkət idman dünyasından olan namizədlərin seçimində çox diqqətlidir. "Bəzi məşhur idmançılar müştərilərimizə lazım olan xarizmaya və ünsiyyət təcrübəsinə malik deyillər. İdmançılar söhbətə açıq olmalıdırlar. Müştərilərlə salamlaşıb, beş dəqiqədən sonra getmək istədikləri kimi davranmalı deyillər", - deyə Britaniya nəşri təşkilatçı şirkətin nümayəndəsinin sözlərindən sitat gətirib.
Məlumdur ki, yüksək vəzifəli məmurların, eləcə də BOK-un əsas sponsorlarının nümayəndələrinin Oyunlarda qapalı ərazilərə daxil olmaq imkanı var. Olimpiya kəndinə giriş və ya açılış mərasimində iştirakçı kimi görünməyə yalnız müvafiq akreditasiyadan keçmiş şəxslərə aiddir. Şübhəsiz ki, kəndə və ya açılış mərasiminə giriş əldə edən hər kəs çoxsaylı təhlükəsizlik yoxlamalarından keçəcəklər.