XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024
23 May 2024



Heydər Əliyevin xatirəsi idmançıların da qəlbində həmişə yaşayır və yaşayacaqdır
İdman 00:19 / 10.05.2024
Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində həmişə yaşayır və yaşayacaqdır. Təkcə ona görə yox ki, Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memarı idi, həm də ona görə ki, Azərbaycan xalqının hər bir nümayəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edirdi. Bu dahi şəxsiyyət Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün xalqımızın orta və gənc nəsillərinin inkişafı, onların cəmiyyətdə formalaşmasının əsası məhz bu böyük şəxsiyyətin dövlətimizin sükanı arxasına keçdiyi illərdə qoyulub. Tarixə nəzər saldıqca, bunun bir daha şahidi oluruq.
Ulu öndərimizin əziz xatirəsi idmançılarımızın da qəlbində xüsusi yer tutur. Heydər Əliyevin ölkənin gələcəyi adlandırdığı gənclərimizin fiziki cəhətdən sağlam böyüməsi, vətənimizin beynəlxalq arenalarda layiqli təmsil olunması, müasir standartlara cavab verən böyük idman-sağlamlıq mərkəzlərinin inşası dövlətin yürütdüyü siyasətin başlıca istiqamətlərindən birini təşkil edib. Xalqımızın keçmişinə, tarixinə, milli dəyərlərinə yaxşı bələd olan Heydər Əliyev gənclərimizin idmana meylini və marağını həmişə yüksək qiymətləndirib: "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir”. Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi məsələsini daim diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə (1969-1982-ci illər) ölkədə bir çox idman kompleksləri tikilərək idmançıların ixtiyarına verilmişdir. Müstəqilliyimizin ilk illərində isə respublikada idmana münasibət son dərəcə aşağı səviyyədə idi. Ölkəmizin idman sahəsində mövcud olan ənənələrin məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra idmana münasibət dəyişdi. Xalqımızın ulu öndəri müxtəlif görüş və çıxışlarında idmanın xalqın və dövlətin həyatında necə böyük əhəmiyyət kəsb etdiyini diqqət mərkəzinə çəkərək, bu istiqamətdə iş görməyin vacibliyini daim xatırlatmışdır. O, idmanın inkişaf etdirilməsini dövlətin mühüm vəzifələri sırasına daxil etmişdi: "Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığı haqqında, fiziki, mənəvi sağlamlığı haqqında düşünürük. Bu gün də düşünürük, xalqımızın gələcəyi üçün də düşünməliyik. Bu, bizim vəzifəmizin içərisində ən böyük, ən əhəmiyyətli vəzifədir”.
Ulu öndərin dövlətimizə rəhbərlik etdiyi illər ərzində idmanın maddi-texniki bazası möhkəmlənmiş, bədən tərbiyəsi kütləviləşmiş, ölkəmiz Olimpiya oyunlarında layiqincə təmsil olunmuşdur. Heydər Əliyev hər zaman idman komplekslərinin bütünlüklə gənclərin istifadəsinə verilməsini tövsiyə etmiş, istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növlərini inkişaf etdirməyə çağırmışdır. Ümummilli liderimiz ölkənin xoşbəxt gələcəyini gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsində görürdü.
Uzaqgörən siyasətçi idmanın hər bir ölkə üçün beynəlxalq miqyasda da böyük siyasi əhəmiyyət kəsb etdiyini həmişə ön plana çəkmişdir. Heydər Əliyev beynəlxalq yarışlar sırasında Olimpiya oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə xüsusi olaraq vurğulayıb: "Olimpiya oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya oyunlarında təmsil olunsun”.
Ulu öndər hər bir idmançının Olimpiya oyunlarında iştirakını böyük nailiyyət kimi qiymətləndirirdi. 1996-cı ildə Olimpiya yığmamızla Atlanta Olimpiadasına yola düşməzdən əvvəl keçirilən görüşdə Heydər Əliyev olimpiadada iştirakın vacibliyini bir daha nəzərə çatdıraraq demişdi: "Olimpiya oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmasa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti nə qədər çalışsa, o nailiyyəti əldə edə bilməyən idmançı yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. Sizin, yəni Azərbaycan Respublikasının komandasının XXVI Yay Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir”.
Ulu öndərdən tövsiyələr alan idmançılarımız Atlanta Olimpiadasında ölkəmizi layiqincə təmsil etdilər və sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medal qazandı. Olimpiadadan qayıtdıqdan sonra Prezident Aparatında keçirilən görüşdə Heydər Əliyev Namiq Abdullayevin gümüş medalının qızıla bərabər olduğunu bildirmişdi.
Heydər Əliyevin Azərbaycan idmanının və Olimpiya Hərəkatının inkişafında ən böyük xidmətlərindən biri də onun Azərbaycanda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi üçün qərar və göstərişlər verməsidir. Ümummilli lider ölkəmizə gələn yüksək rütbəli idman rəhbərlərini və xadimlərini şəxsən özü qəbul etmiş və onları Azərbaycanla sıx əməkdaşlığa çağırmışdı.
Ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı beynəlxalq idman və Olimpiya təşkilatlarında da böyük əks-sədaya səbəb oldu. 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyasının İslandiyanın Reykyavik şəhərində keçirilən Baş Məclisində Azərbaycan Prezidenti Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimlərinə verilən "Olimpiya ləyaqəti” mükafatı ilə təltif edildi.
Ümummilli liderimiz Heydər Əliyevin idman və Olimpiya Hərəkatı ilə bağlı dediyi sözlər bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Onun çıxışlarında səslənən "Azərbaycan Milli Olimpiya Komitəsinin qurub yaratdıqları bir adam üçün deyil, millət, xalq, ölkədə idmanın inkişafı üçündür”, "Biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək, millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk”, "Biz quruculuq işlərini aparmışıq, aparırıq və gələcəkdə daha sürətlə aparacağıq”, "Gələcək Olimpiya oyunlarına qədər Azərbaycanda idman daha da yüksələcək, daha da yüksək inkişaf edəcəkdir” kəlamları gələcəyə nikbin gözlə baxmağa əsas verir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün sahələrdə ölkənin gələcək inkişafı istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəni Heydər Əliyevin təyin etdiyi xətlə irəliyə aparır. Bu, idmanda da əsas götürülmüşdür.
Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev indi bu ənənəni uğurla davam etdirir. Dövlət başçısının idmana göstərdiyi qayğı Azərbaycanın idman ölkəsi kimi tanınmasına şərait yaradıb. Bu qayğıdan ruhlanan Azərbaycan idmançıları ölkəmizin idman şərəfini layiqincə qoruyurlar.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Respublikamızın hər yerində müasir Olimpiya idman kompleksləri, meydançalar, idman mərkəzləri və digər qurğular inşa edilib. Yeniyetmə və gənc idmançıların idmanla məşğul olmaları üçün lazımi şərait yaradılıb. Eyni zamanda, ölkəmiz həm də bir sıra beynəlxalq turnirlərə ev sahibliyi edir. Heç də təsadüfi deyil ki, beynəlxalq federasiyalar yarışların ölkəmizdə keçirilməsinə üstünlük verirlər.
Respublikamızın ayrı-ayrı bölgələrində ümummilli liderimizin xatirəsinə həsr olunmuş turnirlər müntəzəm şəkildə keçirilir. İdmançılarımız bu yarışlara həvəslə qatılırlar. Ulu öndərin xatirəsinə olan ehtiram hər zaman idmançılarımızın qəlbində yaşayıb və yaşayacaq.
Əminik ki, idmançılarımız bundan sonra da mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edəcək, beynəlxalq arenalarda bayrağımızı qaldırmaqla, himnimizi səsləndirməklə ümummilli liderimiz Heydər Əliyevin ölməz ruhunu şad edəcəklər.

Dilqəm Quliyev

pedaqogika üzrə elmlər doktoru,

professor



2220 oxunub

InvestAZ