XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



FİFA futbolçuların əsl yaşını necə müəyyən edir?
İdman 18:34 / 28.03.2023
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2009-cu ildən etibarən futbolçulardan bioloji testlər götürməyə başlayıb. 14 il keçməsinə baxmayaraq, hələ də bu sahədə bir sıra saxtakarlıqlar hökm sürür. Belə bir saxtakarlıqlardan ən səs-küylüsü bu ilin əvvəlində baş verdi. FİFA-nın bayrağı altında gənclər arasında keçirilən Afrika Millətlər Liqasında Kamerun və Konqo Demokratik Respublikasının ümumilikdə, 54 futbolçusundan yaş testi götürüldü. Nəticələr heç də ürəkaçan olmadı.
Ümumiyyətlə, bu testlər necə götürülür? Bu sahə ilə məşğul olan insanlar müasir texnologiyanı saxtakarlığa necə sürükləməsi hələ də problem olaraq qalır. Araşdırmalar göstərir ki, yaş testi MRT vasitəsi ilə (Maqnit Reszonans Tomoqrafiya) sümüklərdən götürülür. Bir daha qeyd edək ki, FİFA 2009-cu ildə bu testlərlə futbolçuların əsas sənədlərini üzləşdirmişdi. Həmin vaxtdan etibarən bir sıra saxtakarlıqların üzə çıxdığı müəyyən olundu.
2003-cü ildə bu sahədə yenidən müasir vasitələrdən istifadə etməyə qərara aldılar. FİFA pediatr və tibb ekspertlərindən ibarət işçi heyət yaratdı. İşçi qrupun uzun təhlillərindən sonra maraqlı faktlar üzə çıxdı. Məsələn, əgər Epifiz piltəsində (Uzun sümüyün hər ucunda görülə bilən xətt) inkişaf edirsə, deməli onun yaşı olduğu kimidir. Yəni hələ o, daha da inkişaf edəcək. Yox əgər həmin hissə artıq qapalıdırsa deməli, yaş daha artıqdır və inkişafdan qalıb. Ümumilikdə bu testlər rentgen vasitəsi ilə həyata keçirilir. Çünki digər yoxlama metodları futbolçuların orqanizminə pis təsir edə bilərdi. Yalnız son dövrlərdə FİFA MRT yoxlanışına razılıq verib. Yeri gəlmişkən MRT-dən ilk dəfə 1977-ci ildə istifadə edilib. Yayılan məlumatlara görə, testlər 6 şkala (1. Sümüklər bərkiməyib, 2.Vaxtından əvvəl bitişib, mil sümüklərinin sonluqları 50 faizdən aşağı yetişib, 4. Mil sümüklərinin yetişməsi 50 faizdən yuxarıdır, 5. İnkişafın yekunlaşmasına 5 mm qalıb, 6. Tam yetişmə) ilə müəyyənləşdirilir.
Bu testlərdən sonra 17 yaşadək futbolçuların iştirakı ilə keçirilən turnirlərdə istənilən saxtakarlıq üzə çıxa bilir. FİFA-da bu sahə üzrə fəaliyyət göstərən professor Yiri Dvorjak bildirir ki, MRT ən etibarlı yoxlama metodudur. FİFA-dan da bildiriblər ki, bu metodla 99 faiz yekun nəticə vermək olur. Aparılan müşahidələr sübut edir ki, daha çox bu hal Afrika qitəsində qeydə alınır. Vəziyyətdən öz xeyrlərinə istifadə edən skautlar idmanın şəffaflığına xələl gətirmək üçün məhz bu qitəyə müraciət edirlər. Onlar "qara qitə”də çıxış edən yeniyetmələri Avropaya gətirərək, müxtəlif klublara təklif edirlər. 17-18 yaşlı göstərilən futbolçuların əksəriyyətinin yaşı daha çox olur. Bir sözlə, onlar asan qazanc əldə etmək üçün bu cür xoşagəlməz hallara əl atırlar. Saxta sənədləşmə yolu ilə aparıcı klublara bu cür problemləri asan yeritməyə çalışırlar.
Qeyd olunduğu kimi bu il keçirilən Afrika Millətlər Kubokunda bu saxtakarlıqların üzə çıxması dünya mətbuatına xeyli maraqlı mövzu vermişdi. Belə ki, Kamerun yığmasının heyətində 32 futbolçu arasında yoxlamalardan sonra məlum oldu ki, 30 futbolçunun yaşı 21-i keçib. Konqo yığmasının heyətində 25 futbolçunun yaşı daha çoxdur. Hətta onların arasında 40 yaşı olan futbolçulara da rast gəlmək olardı. Məhz bu səbəbdən Konqo yığması seçmə mərhələdən uzaqlaşdırılmışdı. Bu siyahını daha da artırmaq olar. Belə ki, U-17 yaş qrupunda Qananın qadınlardan ibarət yığması yaş azaldılması səbəbindən cəzalanaraq dünya çempionatındakı uğurlardan məhrum olmuşdu. 2013-cü ildə Nigeriya, Konqo və Fil Dişi Sahilini təmsil edən 9 futbolçu saxtakarlığın qurbanı olmuşdu. 2003-cü ildə Kenya Futbol Federasiyası 17 yaşlı futbolçuların dünya çempionatına yaşları süni azaldılmış futbolçuları buraxdığı üçün FİFA tərəfindən cəzalandırılmışdı. 1989-cu ildə FİFA Nigeriyanı ikillik diskvalifikasiya etmişdi. Səbəb 1988-ci ildə Seulda keçirilən XXIV Yay Olimpiya Oyunlarında 3 futbolçunun yaş baxımından digərlərindən daha böyük olduğu göstərilmişdi. Yaş həddinin çox olub, az göstərilməsi təkcə Afrika qitəsinə aid deyil. Məsələn, 2018-ci ildə Hindistan Super Liqasında qol vuran ən gənc futbolçu Qurav Mukhi 16 yaşında fərqlənmişdi. Lakin sonradan məlum olmuşdur ki, onun 21 yaşı var. Elə həmin il Solomon adalarını təmsil edən yığma komandanın üzvü Kris Satu U-16 üzrə Okeaniya çempionatında saxta sənədlərlə çıxış etmişdi.
Asiya Futbol Konfederasiyası 2008-ci ildə U-16 yaş qrupu üzrə qitə çempionatında bu saxtakarlığa görə İraq, Tacikistan və KXDR yığma komandalarını diskvalifikasiya etmişdi. 2003-cü ildə Braziliya gənclərin dünya çempionatında qızıl medal qazanmışdı. Heyətdə yer alan Karlos Alberto de Olivera Cuniyor 20 yaşlı futbolçu kimi göstərilsə də, halbuki onun 25 yaşı var idi.
Yazıda fikir verdinizsə belə hallar ən çox futbolda xüsusən də Asiya və Afrikada qeydə alınıb.Lakin yaş həddinin azaldılması, saxta sənədləşmə təkcə futbolda baş vermir. Belə hallar ağırlıqqaldıma, atletika, badminton, boks, gimnastika və kriketdə olur. Qeyd olunur ki, Çin bu sahədə lider ölkələrdən biridir. Onlar müxtəlif yarışlarda, müxtəlif idman növləri üzrə saxtakarlığa yol verirlər. Sadəcə, bunu araşdırmaq uzun bir vaxt tələb edir. 2008-2010-cu ildə Asiyada keçirilən böyük yarışlarda çinlilərin saxtakarlıqları qismən də olsa, üzə çıxarılmışdı. İddia olunur ki, 2008-ci illdə keçirilən Pekin Yay Olimpiya Oyunlarında və Asiya Oyunlarıda çinlilər bu saxtakarlıqlara əl atmışdılar. Yerli hakimiyyət orqanları bu sahədə mübarizə aparsalar da, onlar beynəlxalq səviyyədə bu xoşagəlməz hadisəni böyük müstəviyə çıxmasına imkan vermirlər. Amma ehtimal var ki, çinlilər bu işdə çox peşəkardırlar.
Bəs görəsən, Avropada belə hallara rast gəlmək mümkün deyil?


Hazırladı:
Anar Əhmədov

7766 oxunub

InvestAZ