XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Prezident kuboku-2022” turnirinin təntənəli açılış mərasimi keçirilib
İdman 12:00 / 06.05.2022
Mayın 6-da Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident kuboku-2022” turnirinin təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov turnirin önəmini vurğulayaraq deyib: "Otuz il işğal altında qalmış doğma Qarabağımıza həyat qayıdır. Biz buranı cənnətə çevirəcəyik. Bu gün Qarabağımıza həyat qayıdır. Hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri görülür. Biz bütün dünyaya göstəririk ki, Azərbaycan xalqı yaradıcı və qurucu xalqdır”.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 il işğal altında qalan cənnət Qarabağımızı azad etdiyini bildirib: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı ərəfəsində Suqovuşana səfər zamanı avarçəkənlərin Qarabağda ilk təlim-məşq toplanışını izlədilər. Hər birimiz üçün böyük qürur hissi verir ki, bu gün biz azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışını da təşkil edirik".
V.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana və idmançılara xüsusi diqqət və qayğısının nəticəsi kimi, ölkəmizdə idmanın digər növləri ilə yanaşı, avarçəkmə də inkişaf edir. Federasiyamız bu etimadı hər zaman doğrultmağa çalışacaq. Bir daha iştirakçı ölkələrin nümayəndələrinə, idmançılara və qonaqlara "Xoş gəlmisiniz!” deyirik. Qoy, həmişə ən güclü qalib olsun!”.
Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülent Eren, Gürcüstan Kanoe Federasiyasının prezidenti Zaza Nadiradze Azərbaycanın işğaldan azad etdiyi əzəli torpaqlarında belə nüfuzlu yarışın qısa müddətdə yüksək səviyyədə təşkilinə və yarışlarda iştiraka dəvətə görə minnətdarlıqlarını bildiriblər.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov "Prezident kuboku-2022” turnirinin keçirilməsinin önəmini vurğulayaraq, tarixi torpaqlarımızın işğaldan azad olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsl qəhrəmanlıq salnaməsi yaradan Azərbaycan Ordusunun rəşadətini xüsusi vurğulayıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. Bu nüfuzlu turnirin davamlı olacağına əminliyini bildirən nazir yarışı açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra reqataya start verilib.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Turnirin birinci günündə yarışlar Suqovuşanda keçiriləcək. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatıldığı turnirdə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparırlar. Mayın 7-də Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.
"Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən, su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.


26046 oxunub

InvestAZ